Azərbaycan otellərinin fantastik qiymətləri

Azərbaycan otellərinin fantastik qiymətləri

İqtisadi və Soial İnkişaf Mərkəzinin eksperti Xalid Mikayılov: “Bakıda otel qiymətləri qonşu Gürcüstan və Ermənistanın paytaxtları ilə müqayisədə daha bahadır”.

Azərbaycanda istirahət etməyin xarici ölkələrdəkindən baha başa gəlməsi barədə mətbuatda tez-tez yazılsa da, bu sahədə vəziyyət yaxşılığa doğru dəyişmir. Artıq xarici şirkətlər də Azərbaycanda istirahət etməyi məsləhət görmürlər. ANS-in məlumatına görə, şirkətin əməkdaşları xaricdə fəaliyyət göstərən turizm şirkətinə müraciət edərək ölkəmizdə istirahətlə bağlı məlumat almaq istəyib.

Almaniyanın “Kira Travel” şirkətindən isə bildirilib ki, Azərbaycanda istirahət etmək məsləhət deyil. Şirkətin nümayəndəsi Kristiana Koulerin Azərbaycan haqqında fikirləri belə olub: “Biz sizə bilet və ya aviatur təklif edə bilərik. Ancaq siz ora səyahət etsəniz, bu sizə ucuz başa gəlməyəcək. Çünki Bakı neftlə zəngin və iş adamlarının çox olduğu böyük biznes şəhəridir. Ona görə də siz ora ucuz qiymətə səyahət edə bilməyəcəksiniz. Mən demək istəyirəm ki, ora macəralarla doludur və siz orda da yaxşı istirahət edə bilərsiniz. Amma bu, Qərb ölkələrindəki istirahətə bərabər olmayacaq. Siz həqiqətən də istirahət etmək istəyirsinizsə, Azərbaycan düzgün məkan deyil. Mən bunu sizə səmimi deməliyəm”.

Əslində Azərbaycanda istirahətin fantastik qiymətə başa gəldiyi heç kəsə sirr deyil. Hələ ötən il mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirmişdi ki, nazirlik Azərbaycanda turizm xidmətləri göstərən şirkətlərin təklif etdiyi qiymətlərin aşağı salınması üçün əlavə tədbirlər görəcək. O, turizm şirkətlərinin xidmətlərinin və otellərin qiymətlərinin əvvəlki illərə nisbətən daha münasib olacağını bildirsə də, vəziyyət dəyişmədi. Elə ekspertlər də ölkəmizdə istirahət üçün məkanların hədsiz baha olduğunu vurğulayırlar. İqtisadi və Soial İnkişaf Mərkəzinin eksperti Xalid Mikayılovun sözlərinə görə, Bakıda otel qiymətləri qonşu Gürcüstan və Ermənistanın paytaxtları ilə müqayisədə 5-10 faiz bahadır: “Moskva, London, Nyu-York, İstanbul, Dubay kimi iri meqapolislərlə müqayisədə Bakıda otel qiymətləri ucuz olsa da, həmin şəhərlərdə 1 və 2 ulduzlu otellərin sayının çox olması orada gecəsi 20 və hətta 10 ABŞ dollarına da otel tapmağa imkan verir. Lakin Bakıda 37 otel olmasına baxmayaraq, 1 və 2 ulduzlu otel yoxdur. Bu da qiymətlərin aşağı intervalının digər şəhərlərlə müqayisədə yüksək olmasına gətirib çıxarır”.

Ekspert bildirir ki, 1 və 2 ulduzlu otellərin sayında İrəvan və Bakı arasında vəziyyət eyni olsa da, Gürcüstanın paytaxtı Tbilisidə 1 uduzlu 6, iki ulduzlu 2 otel fəaliyyət göstərir: “1 və 2 ulduzlu otellərin az olması daxili turizmə də mənfi təsir göstərir. Çünki Azərbaycanda yerli və nisbətən az gəlirli əhalinin tələbatı əsasən bu tip otellərədir. İnsanlar ölkə daxilində hərəkət edərkən nisbətən ucuz otellərə üstünlük vermək istəyirlər”. X.Mikayılov deyir ki, Bakıda qiymətlərin Nyu-York və digər iri şəhərlərlə müqayisədə nisbətən ucuz görünməsinə baxmayaraq, nəzərə almaq lazımdır ki, həmin şəhərlərdə qiymət bazar şərtləri əsasında tənzimlənir. Yəni bu şəhərlərdə otellərə turistlər tərəfindən böyük tələbat olduğu üçün sahibkarlar qiymətləri qaldırmaqla tələbatı tənzimləməyə çalışırlar: “Məlumat üçün bildirim ki, Nyu-York və London kimi iri şəhərlərə təkcə 1 gün ərzində 1 milyona yaxın turist daxil olur. Bu turistlərin tələbatını ödəmək üçün isə qiymətlər bu səviyyədə qərarlaşır.

Bakıdakı qiymətlərin yüksək olmasının səbəbi otellərin düzgün qiymət siyasəti aparmamasıdır. Otellər bir çox hallarda qiymətləri göstərdikləri xidmət səviyyəsinə uyğun deyil, öz istədikləri kimi təyin edirlər. Bundan başqa bu sektorda rəqabətin zəif olması da qiymətlərə öz təsirini göstərir. Əgər xarici ölkələrdə otellər turizm mövsümü ilə əlaqədar endirimlər etməklə daha çox turist cəlb etməyə nail olmaq istəyirlərsə, Bakıda əksinə, mövsümlə əlaqədar qiymətlər yüksəlir. Bu, həm otel biznesində rəqabətin olmaması, həm də onların sayının az olması ilə əlaqədardır. Bu şərtlər otellərə öz şərtlərini müştərilərə diktə etməyə imkan verir”.

Qeyd edək ki, otellərin qiymətləri bir mövsümün üzərinə yıxmaqla öz qazanclarını təmin etmək istəyi də qiymətlərin qalxmasına səbəb olan amillərdəndir. Yəni otellər yalnız yayda fəaliyyət göstərib, qışda bağlı qaldığına görə, digər mövsümlərdə çəkilən xərclər də qiymətlərə təsir edir. Ekspertlərin apardıqları araşdırmalara görə, hazırda Bakıda otellərin bir günlük qiymətləri 60 dollardan başlayır və 300 dollara qədər artır. Moskvada bu rəqəm 10-1250, İstanbulda 10-1440, Tbilisidə 20-280, Nyu-Yorkda 40-830, Londonda 10-1320, Dubayda 20-1090, Yerevanda isə 80-270 dollar arasında dəyişir.

Əlaqə saxladığımız paytaxt otellərində də qiymətlər olduqca yüksəkdir. Məsələn, “Diplomat otel”də bir gecəlik qalmaq müştəriyə ən azı 115 avroya başa gəlir. “Grand Hotel Europe Baku”da isə qiymətlər 220 manatdan başlayır. “Meridian otel” 185 manata standart otaqda müştərilərə bir gecəlik qalmaq təklif edir. “Excelsior Hotel”də isə bu rəqəm 250 manatdır. “Park Hyatt Baku”da kiçik otaqlarda qalmaq üçün 270 manat xərcləməlisən. “Hyatt Regency Baku”da otaq qiymətləri 241 manatdan başlayır. “East Legend Panorama Hotel”də 150-180 manata bir gecəlik otaq sifariş verə bilərsən. Sadaladığımız otellərdə bu qiymətə əksər hallarda ancaq səhər yeməyi daxildir. Bu məbləğə otel xidmətlərinin heç biri daxil deyil. Bir çox hallarda qonaq səhər yeməyi, yaxud digər xidmətlərdən istifadə etmək istəyirsə, əlavə pul ödəməlidir.

Qeyd edək ki, Azərbaycan otellərindəki fantastik qiymətləri təkcə qonşu Türkiyədəki otellərlə müqayisə etdikdə ortaya çox maraqlı mənzərə çıxır. Dünyanın heç yerində otellərdə “yemək verilmir və ya sadəcə, səhər yeməyi daxildir” anlayışı yoxdur. Bütün otellərdə səviyyəsindən asılı olmayaraq hər gün 3 dəfə yemək verilir. Məsələn, “Green Beach Resort” otel uşaqlar üçün əyləncələr, aquapark, müxtəlif idman növləri ilə turistlərə xidmət edir. Bütün bu xidmətlərlə bərabər oteldə otaqların bir günlük qiyməti 140 manatadır. “Wow Bodrum Resort” otelində 2 nəfərin bir gecə qalması 145 manatadır. Hər gün 3 dəfə yemək, əyləncə, dəniz, hovuz, özəl xidmətlər bu qiymətə daxildir. “Xanadu İsland” otelində adambaşına ödəniləcək məbləğ 70 manatdır. Otel xidmətlərinə gözəllik mərkəzi, özəl çimərlik, sauna xidmətləri daxildir. Təklif olunan qiymətə uşaqlar üçün dalğıc məktəbi, masaj, əyləncə, diskoteka və başqa xidmətlər daxildir. “Crystal Green Bay Resort”da 115 manata 2 nəfərin bir günlük istirahəti nəzərdə tutulur. Aquaparkdan istifadə, dəniz, hovuz, əyləncə xidmətləri bu qiymətə daxildir.

“Pemar Beach Resort” otelində 2 nəfərlik bir otağın qiyməti gündə 3 dəfə yemək daxil olmaqla 130 manatadır. Gözəllik salonu, teatr, hovuz, həkim nəzarəti, oyun salonu və bu kimi xidmətlər ödəniləcək məbləğə daxildir.

Göründüyü kimi, Azərbaycandakı otel qiymətləri ilə Türkiyədəki qiymətlər və servis arasındakı fərqlər çox böyükdür – bizdə bu xidmətlərlə birgə otel xərci 2-3 dəfə baha başa gəlir. Elə bu sadə səbəbdəndir ki, ölkəmizdə turizm inkişaf baxımından qonşu Gürcüstandan da geridə qalır. İqtisadçılar isə bildirirlər ki, ölkəmizdə turizm sahəsində rəqabət olmadığından, başqa ölkələrdəki ucuzlaşmanı Azərbaycanın istirahət mərkəzlərində müşahidə etmək mümkün deyil. Ölkədəki turizm şirkətlərindən birinin meneceri İlqar Muradov deyir ki, bizdəkindən fərqli olaraq bu il xarici ölkələrdə otellərin qiyməti düşüb: “Həm də istirahət etmək istəyənlərin sayı azalıb”. Onun sözlərinə görə, sifariş verilən ölkələr arasında Türkiyə öndədir: “Bir nəfər üçün təyyarə bileti, 5 ulduzlu oteldə bir həftə qalmaq 500 manata təklif edilir. Buraya gündə üç dəfə yemək də daxildir. Keçən il bu paket 800 manat idi”.

 

Leave A Comment