Miqrantların Azərbaycana qayıtması ölkənin əmək bazarında müəyyən gərginlik yaradacaq- iqtisadçı

Miqrantların Azərbaycana qayıtması ölkənin əmək bazarında müəyyən gərginlik yaradacaq- iqtisadçı

Bu sözləri SalamNews-a iqtisadçı Vüqar Bayramov Rusiya-Ukrayna prezidentlərinin görüşündə Vladimir Putinin “Rusiya 2015-ci ildən etibarən Gömrük İttifaqına daxil olmayan ölkələrdən gələn işçi qüvvəsini məhdudlaşdıracaq” fikrini şərh edərkən deyib.

Onun sözlərinə görə, Rusiyadan MDB ölkələrinə göndərilən vəsaitlərin həcmi kifayət qədər çoxdur.

İqtisadçı ekspert deyib: “Azərbaycan Mərkəzi bankının məlumatına görə, il ərzində Rusiyadan Azərbaycana orada yaşayan azərbaycanlı emiqrantlar tərəfindən təxminən 1 milyard dollar göndərilir”. Eyni zamanda Rusiya mətbuatının qiymətləndirmələrinə
görə, bu rəqəm reallıqda 3 milyard dollara yaxındır: “Araşdırmalar nəticəsində məlum olub ki, bu rəqəmlər ona görə fərqlidir ki, göndərilən vəsaitlərin hamısı qeydə alınmır. Burada söhbət əmək miqrantlarının Azərbaycana göndərdiyi çox böyük vəsait itkisindən gedir. Ona görə də Rusiya tərəfinin Azərbaycandan əmək miqrantlarının sayını məhdudlaşdıracağı, bununla bağlı qanunvericilik aktlarını sərtləşdirəcəyi, eyni zamanda əmək miqrantlarının qeydiyyatı ilə bağlı məsələləri gündəmə gətirəcəyi gözlənilir. Rusiya Azərbaycana təsir etməklə Gömrük İttifaqı ilə bağlı məsələlərə yenidən baxılmasına çalışır”.

V.Bayramov hesab edir ki, əgər Azərbaycan bu ittifaqa qoşulmamaq qərarında israrlı qalarsa, bu Rusiyada yaşayan və işləyən əmək miqrantlarının sayına təsir göstərəcək.

Onun fikrincə, bu da o cümlədən, Rusiyada yaşayan azərbaycanlı miqrantların bir qisminin ölkəmizə dönməsinə gətirib çıxaracaq: “Miqrantların Azərbaycana dönməsi ölkədə əmək bazarında müəyyən gərginlik yaradacaq. Çünki Rusiyada işləyən azərbaycanlı miqrantların böyük bir qismi hər hansı ixtisasa malik olmayanlardır. Buna görə də Azərbaycana qayıtdıqdan sonra onların işlə təmin
olunmasında müəyyən çətinliklər yarana bilər”.

V.Bayramov xatırladıb ki, rəsmi məlumatlara görə, hazırda Rusiyada 2 milyon azərbaycanlı yaşayır ki, onların təxminən 1 milyon
600 min nəfəri artıq Rusiya vətəndaşlığını alıb və artıq bu ölkədə yaşayan azərbaycanlı sayılır. Azərbaycanın təxminən 400 min vətəndaşı əmək miqrantı olaraq Rusiyada müvəqqəti məskunlaşıb.

Leave A Comment