“Mərkəzi Bank bayram günlərində “qara bazar”a xidmət etdi” – Ekspert

“Mərkəzi Bank bayram günlərində “qara bazar”a xidmət etdi” – Ekspert

Vüqar Bayramov: “Əgər, turistin kredit kartı ilə də ödəmə imkanı yoxdursa, vəsaitini dəyişə bilmirsə, deməli, o, küçədə qalmalıdır?”

Natiq Cəfərli: “Banklarla Mərkəzi Bankın anlaşmazlığı, hökumətin bu işə müdaxilə etməməsi sonda belə bir ciddi problemə yol açdı”

9 gün ərzində bankların fəaliyyətinin dayanması həm yerli əhalinin, həm də xarici turistlərin valyuta dəyişmə, pul köçürmələri ilə bağlı problemlər yaşamasına səbəb oldu. Əvvəlki illərdə bu boşluq valyutadəyişmə məntəqələri hesabına doldurulsa da, bu il bu qurumların ölkə miqyasında ləğv edilməsi problemi dərinləşdirdi.

Nəticədə “qara bazar” fəallaşdı və dəllallar xarici turistlərdən valyutanı ucuz alıb, yerli əhaliyə baha satmaqla məşğul oldular. Xaricdən valyuta transferlərinin ünvana çatmasında 9 günlük fasilənin yaranması da bir çox şəxslərin və təşkilatların problem yaşaması ilə nəticələndi.

Bəs, görəsən, Mərkəzi Bank öncədən proqnozlaşdırılan bu problemin qarşısını almaq üçün niyə heç bir addım atmadı? Gələcəkdə də belə halların yaşanmaması üçün hansı addımlar atılmalıdır?

İqtisadçı ekspert Vüqar Bayramov musavat.com-a açıqlamasında bildirdi ki, Mərkəzi Bank bayram günlərində turizm sektorunun gəlirliliyinin təmin olunmasına deyil, “qara bazar”da dəllalların qazanmasına xidmət etmiş oldu: “Biz bayramdan əvvəl də demişdik ki, əgər Mərkəzi Bank öncədən valyuta dəyişmə, valyuta transferləri ilə bağlı məsələsini təşkil etməsə, qabaqlayıcı tədbirlər görməsə, o zaman “qara bazar” yarana bilər. Mərkəzi Bank bayram günlərində turizm sektorunun gəlirliliyinin təmin olunmasını deyil, “qara bazar”da dəllalların qazanmasına xidmət etmiş oldu. Təəssüf ki, heç bir addım atılmadı, “qara bazar” formalaşdı, dəllallar xarici turistlərdən çox aşağı məzənnə ilə valyuta aldılar, onu yerli biznesmenlərə yüksək məzənnə ilə satdılar. Turistlərin rəyindən də məlum olur ki, bayram günlərində ən böyük problem valyuta dəyişmə ilə bağlı olub. Banklar işləmir, bank şöbələri fəaliyyət göstərmir və ya fəaliyyət göstərən bank şöbələrinin sayı çox azdır. Nəticədə Bakını yaxşı tanımayan, buraya ilk dəfə gələn turistlər valyutadəyişmə ilə bağlı problemlər üzləşirlər”.

İqtisadçının sözlərinə görə, bu durum ölkənin prioritet siyasəti olan turizmin inkişafına mənfi təsir göstərdi: “Həmin turistlərin ölkəmizə yenidən gələcəyi ilə bağlı pozitiv düşünməyə əsas yoxdur. Biz Mərkəzi Banka daha öncə də bir çox təkliflər vermişdik. Mərkəzi Bank dəmiryolu vağzalında, beynəlxalq aeroportda valyutadəyişmə məntəqələrinin fəaliyyət göstərməsinə icazə verməlidir. Hər iki məkanda valyutadəyişmə məntəqəsi olmalıdır ki, ölkəyə gələn turist öz valyutasını dəyişə bilsin. Əgər turistin kredit kartı ilə də ödəmə imkanı yoxdursa, vəsaitini dəyişə bilmirsə, deməli, küçədə qalmalıdır. Turizmi inkişaf etdirən ölkə üçün bu fakt heç də ürəkaçan fakt deyil. Mərkəzi Bank bayramdan sadəcə, öz rezervlərini qorumaq üçün istifadə etməli deyildi. Bütün otellərdə valyutadəyişmə məntəqələrinin olması arzuolunandır. Ölkəyə gələn turistlərin bir qismi otellərdə qalır. Onların valyuta dəyişməsində problem yaranır. Mərkəzi Bank bunun üçün xüsusi tender keçirib, valyutadəyişmə məntəqələrini əvvəlki sayda olmasa belə, Bakının hər rayonu üzrə bölüşdürməlidir. Biz təklif etmişdik ki, Mərkəzi Bank bununla bağlı banklara tövsiyə məktubu göndərsin, onların növbəli işləməsi ilə bağlı tövsiyə etsin. Təəssüf ki, bu, reallaşmadı”.

İqtisadçı ekspert Natiq Cəfərli isə qeyd etdi ki, belə bir problemin yaşanacağı öncədən hər kəsə bəlli idi, lakin nə hökumət, nə də Mərkəzi Bank bununla bağlı heç bir tədbir görmədi: “Ən azından Mərkəzi Bank kommersiya bankları ilə danışıqlara gedib, şəhərin mərkəzində olan filialların bir hissəsinin işləməsini razılaşdıra bilərdi. Banklar da belə bir addım atmaqda maraqlı olardı. Banklarla Mərkəzi Bankın anlaşmazlığı, hökumətin bu işə müdaxilə etməməsi sonda belə ciddi bir problemə gətirib, çıxartdı. Həm də onu nəzərə almaq lazımdır ki, Azərbaycan israrla turizm ölkəsi olmağa çalışır. Bu istiqamətdə addımlar atır. Lakin mən Novruz bayramı günlərində Güney Azərbaycandan gələn insanların əziyyət çəkdiyinin şahidi oldum. Şəhərin mərkəzinə yaxın bir yerdə banklardan birinin filialı işləyirdi və orada çox uzun növbələr oldu”.

Ekspert problemin həlli yollarından biri kimi, valyutadəyişmə məntəqələrinin yenidən bərpa olunmasını təklif etdi: “Qarşıdan gələn aylarda belə uzunmüddətli tətillər yenə olacaq, Ramazan bayramında, Qurban bayramında… Ona görə də, Mərkəzi Bank və hökumət banklarla bu məsələni razılaşdırmalıdır. Ən yaxşı variantlardan biri valyutadəyişmə məntəqələrinin fəaliyyətinin yenidən bərpa olunması ola bilər. Çünki, valyutadəyişmə məntəqələrinin bağlanması heç bir effekt vermədi. Əksinə, həm ölkədən çıxmaq istəyən vətəndaşlarımız, həm ölkəyə gələn turistlər üçün ciddi problemlər yaşandı. Ümumiyyətlə, turizmi inkişaf etdirən ölkələrin praktikasına nəzər salsaq görərik ki, valyutadəyişmə məntəqələri ən azı şəhərin mərkəzində hər addımda var. Turizm baxımında bizə rəqib olan ölkələr bu qaydalarla işləyirlər. Ən azından bunun qeyri-effektiv yol olduğunu Mərkəzi Bank anlamalıdır və valyutadəyişmə məntəqələrinin fəaliyyəti bərpa olunmalıdır ki, həm şənbə-bazar günləri, həm də bayram günləri fəaliyyət göstərsinlər, insanların valyuta əməliyyatlarını rahat şəkildə həyata keçirməsinə yardımçı olsunlar. Bu haqda yaxın günlərdə qərar verilə bilər. Amma ümumiyyətlə, gələcək üçün banklarla razılaşma olmalıdır. Bankların şəhərin mərkəzində olan filialları şənbə-bazar və bayram günləri ən azı sutkanın bəlli saatlarında açıq olmalıdır ki, insanlar maliyyə əməliyyatları ilə bağlı problem yaşamasınlar”.

Nərgiz LİFTİYEVA,
Musavat.com

Leave A Comment