Son 20 gün: bu qərar neftin taleyini həll edəcək

Son 20 gün: bu qərar neftin taleyini həll edəcək

Vüqar Bayramov: “Əgər apreldə keçiriləcək yığıncaqda OPEC üzvləri hasilatın dondurulması ilə bağlı razılıq əldə edə bilməsələr, bu, yenidən neftin qiymətinin aşağı düşməsinə gətirib çıxaracaq”

Aprelin 17-də Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) neft hasilatının dondurulması ilə bağlı iclasının keçirilməsi gözlənilir. Əgər razılıq əldə olunarsa, neftin dünya bazar qiymətində dəyişiklik olacaqmı?

Məsələni Sputnik-ə şərh edən iqtisadçı-ekspert Vüqar Bayramovun sözlərinə görə, OPEC artıq neftin dünya bazarındakı qiymətinə təsir göstərir: “Söhbət neftin dünya bazar qiymətinin kəskin artımlarından getmir. Elə OPEC rəhbərliyi də özü bildirmişdi ki, indiki məqamda əsas hədəf qiymətlərin stabilləşməsidir, kəskin qiymət artımına nail olunması deyil”.
Ekspert bildirib ki, OPEC-in qərarı neftin qiymətinə təsir göstərəcək: “Əgər hasilatın dondurulması ilə bağlı, İran da daxil olmaqla, təşkilatın üzvləri razılığa gələ biləcəklərsə, bu, sözsüz qiymətin stabilləşməsinə gətirib çıxardacaq. Müəyyən artımlar da müşahidə edilə bilər. Amma kəskin artımlar indiki məqamda proqnozlaşdırılmır. Çünki, hasilat dondurulsa belə, yenə də təklif istehlakdan çox olur. Dünya bazarında neft bolluğu müşahidə edilir. Amma qiymətin stabilləşməsi baxımından OPEC üzvlərinin razılığa gəlməsi vacibdir”.

“Əgər razılıq əldə olunmazsa, yenidən qiymətlərin aşağı düşməsi ehtimalı yüksəkdir. Çünki, nəzərə alsaq ki, İran hasilatı gündə 4 milyon barelə çatdırandan sonra hasilatın dondurulmasında maraqlı olduğunu bildirib. Bu isə zaman alacaq. Əgər aprel ayında keçiriləcək yığıncaqda tərəflər hasilatın dondurulması ilə bağlı razılıq əldə edə bilməsələr, bu, yenidən neftin qiymətinin aşağı düşməsinə gətirib çıxaracaq”-deyə ekspert deyib.

Onun fikrincə, burada İranın mövqeyi həlledicidir: “İran OPEC-in aparıcı ölkələrindən biridir. Sanksiyalar aradan qaldırıldıqdan sonra İran neft ixracında aparıcı ölkəyə çevrilməkdədir. Ona görə də İranın mövqeyi çox önəmlidir. İran daimi olaraq bazara neft ixracını artırır. Tələbin artmadığı fonunda hasilatın İran tərəfindən artırılması tələb və təklif arasında fərqin böyüməsinə gətirib çıxardacaq. O baxımdan İran OPEC-in qərarını dəstəkləməzsə, neftin qiymətinin stabilləşməsi və artması mümkün deyil”.

OPEC-in aprelin 17-də keçiriləcək iclasına təşkilata üzv olmayan dövlətlər də dəvət edilib. Bu barədə Qətərin energetika naziri Məhəmməd bin Saleh Əl-Sada məlumat verib.

Onun sözlərinə görə, dünya bazarında neftin qiymətinə dəstək məqsədi ilə hasilatın yanvar ayındakı səviyyədə saxlanılmasına dair razılığın əldə edilməsi üçün Qətər OPEC-ə üzv olan bütün ölkələri, ö cümlədən təşkilata üzv olmayan, əsas neft istehsalçıları olan dövlətləri aprelin 17-də keçiriləcək danışıqlarda iştirak etməyə dəvət edib.

“Bu, ötən ay Dohada Qətər, Səudiyyə Ərəbistanı, Rusiya və Venesuela arasında görüşün davamı olaraq keçirilir. Bildiyiniz kimi, bu ölkələr neft hasilatını bu ilin yanvar ayındakı səviyyədə dondurmaqla bağlı təklif irəli sürüblər və digər neft ölkələrini də bu qərara qoşulmağa çağırıblar. Ötən həftə OPEC-ə üzv olan və olmayan, neft hasilatında 73% paya sahib olan 15-ə yaxın ölkə bu qərarı dəstəklədiklərini qeyd ediblər”, —nazir deyib.

Yeri gəlmişkən, indiyə qədər İraq, Küveyt, Nigeriya, Qətər, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Venesuela və Rusiya OPEC-in iclasına qatılacağını bəyan edib. Əlcəzair, Anqola, Ekvador və İndoneziyanın təşkilatın iclasına qatılacağı gözlənilir. İran, Meksika, Qazaxıstan, Oman, Norveç və Azərbaycan hələlik OPEC-in aprelin 17-də keçiriləcək iclasında iştirak edib-etməyəcəkləri ilə bağlı qərar verməyiblər.

Leave A Comment