Turizmə üç böyük təhlükə:terror, savaş və dollar

Turizmə üç böyük təhlükə:terror, savaş və dollar

Bir ailənin istirahəti üçün olan tur-paketin qiyməti təxminən 400 manat bahalaşıb, amma turistləri çəkindirən daha ciddi səbəblər var

Turizm mövsümünün başlamasında bir neçə ay qalsa da, artıq insanlar yay istirahəti haqda düşünməyə başlayıb. Lakin təəssüf ki, bu il dünyanın ən əlverişli turizm məkanlarından terror və müharibə xəbərlərinin gəlməsi insanları çətin seçim qarşısında qoyub. Azərbaycan insanının ən sevimli istirahət məkanı olan Türkiyənin mərkəzi şəhərlərində baş verən ardıcıl partlayışlar və onlarla insanın həyatını itirməsi bu ölkəni turistlərin nəzərində təhlükəli məkana çevirib. Həmçinin dolların bahalaşması ilə əlaqədar olaraq turpaketlərin də bahalaşması ölkədən xaricə gedənlərin sayının da azalacağından xəbər verir.

Turizm şirkətləri də dolların və terrorun onların işinə mənfi təsir etdiyini etiraf edirlər. Problemlərdən biri də Avropaya və Türkiyəyə mühacir axınıdır. Təbii ki, insanlar mühacirlərin sıx olduğu yerləri də təhlükəsizlik və rahatlıq baxımından yaxşı dəyərləndirmirlər.
Azərbaycana gəlincə, son günlər ölkəmizin Dağlıq Qarabağ uğrunda savaşa başlamasını da nəzərə alsaq, bu fakt da xarici turistlərin buraya gəlişini əngəlləyən bir amildir.

Turizm sektorundakı son durumu və yenilikləri “Yeni Müsavat”a danışan “FLY Travel” şirkətinin rəhbəri Mamed Əliyev də bildirdi ki, Türkiyədə baş verən terror hadisələri ora getmək istəyən turistlərin sayını azaldıb: “Bizə müraciət edən vətəndaşların əksəriyyəti Türkiyəyə getməkdən qorxur və başqa hansı ölkədə dincələ biləcəklərini soruşurlar. Yəni Ankarada və İstanbulda baş verən terror aktları insanları bu şəhərlərə getməkdən çəkindirir. Antalya, Bodrum, Quş adası isə sakitlikdir. Orada heç bir təhlükə yoxdur. Hamısı beşulduzlu hotellərdir. İstanbulun mərkəzinə isə gediş yoxdur. Əvvəllər daha çox İstanbula tələbat var idi. Ancaq indi orada turistlərin kütləvi olduğu yerlər təhlükəlidir.

Müqayisə aparsaq, ötən ilin hazırkı dövrü ilə müqayisədə Türkiyəyə gedənlərin sayında yarıbayarı azalma var. Bir tərəfdən dolların qalxması, digər tərəfdən terror turizmə də ciddi təsir edib”.

Şirkət rəhbəri turpaketlərin qiymətlərinin də dolların məzənnəsinə uyğun olaraq dəyişdiyini və bu məsələnin öncədən turistlərlə razılaşdırıldığını dedi: “Dolların bahalaşması ilə qiymətlər də bahalaşıb. Köhnə qiymətlə bir ailənin istirahəti üçün olan tur təxminən 400 manat bahalaşıb. Dollar qalxanda qiymətlər də qalxır, dollar düşəndə qiymətlər də düşür. Biz müştərilərlə əvvəldən şərt kəsirik ki, dollar qalxarsa, qiymətlər yeni kursa görə hesablanacaq. Müqavilədə də yazılıb ki, dollar qalxarsa, qiymət Milli Bankın həmin günkü məzənnəsinə görə müəyyən ediləcək. Bu səbəbdən bəziləri imtina edir, bəziləri isə razılaşır.
Elə adam var deyir ki, dollar alıb evimdə saxlamışam və nə olursa-olsun qiyməti ödəyib gedəcəyəm. Eləsi isə etiraz edir.

M. Əliyev onu da bildirdi ki, dolların qiymətinin oynaması onları ziyana salır: “Biz bilmirdik ki, dollar bu qədər qalxacaq. Dollarla ödənişlərimiz var idi, Türkiyəyə, Dubaya. Hamısı üstümüzdə qaldı. Onlar üçün fərqi yoxdur, deyirlər ki, dollar 1 manat da olsa, 10 manat da olsa, borcumuzu dollarla qaytarmalısınız”.

Cəbhədə gedən savaşın daxili turizmə təsirinə gəlincə, Mamed Əliyev bildirdi ki, daxili turlar əsasən Quba, Qəbələ, Qusar istiqamətindədir və o istiqamətdə hər hansı problem yaşanmadığı üçün proses əvvəlki kimi davam edir.

İqtisadçı Vüqar Bayramov da qeyd olunan amillərin turizmə ciddi təsir etdiyini vurğuladı: “Bütün ölkələrdə dolların bahalaşması ilə əlaqədar xarici turizm bahalaşır, daxili turizm daha sərfəli olur. Bu səbəbdən ölkədən xaricə getmək istəyənlərin sayında azalmalar müşahidə olunur. Çünki xarici turizm xarici valyuta ilə hesablanır. Ancaq sözsüz ki, Azərbaycanın turizm şirkətləri bundan istifadə edib yerli turizm inkişaf etdirməyə çalışmalıdır. Son dövrlər Azərbaycana gələn və gəlmək istəyən turistlərin sayında artımlar müşahidə olunur.

Ölkəyə gəlmək istəyən turistlərin sayı xeyli artdı. Bu onu göstərir ki, Azərbaycan qiymət və keyfiyyət məsələlərindəki problemləri aradan qaldırsa, daha çox turist cəlb edə bilər. Bunun üçün real imkanlar var. Lakin turizm sektorunda köklü islahatların aparılmasına ehtiyac var. Ehtimal olunur ki, bu il ölkədən xaricə gedən turistlərin sayında azalmalar olacaq”.

İqtisadçı etiraf etdi ki, Türkiyədə baş verən terror olayları da o ölkəyə gedən azərbaycanlıların, eləcə də avropalıların sayının azalmasına gətirib çıxaracaq: “Ümumiyyətlə, güman olunur ki, terror hadisələrindən sonra Türkiyəyə turpaketləri ucuzlaşacaq və bu ölkəyə gələn turistlərin sayında ciddi azalma olacaq. Türkiyə dünya ölkələri arasında ən çox turist sayına malik olan ölkə idi. Türkiyəyə hər il 4 milyondan artıq turist gəlirdi ki, bu ölkənin iqtisadiyyatı üçün 4 milyard dollara yaxın gəlir demək idi. Son terror hadisələrindən sonra avropalılar Türkiyəyə gəlməkdən qorxacaqlar. Proqnozlara görə, 2016-cı ildə Türkiyənin turizm sektoru 2015-ci illə müqayisədə 15 faiz kiçiləcək. Terror, Türkiyə ilə Rusiyanın münasibətlərinin kəskinləşməsi bu ölkəyə gələn turistlərin sayını kəskin azaldacaq.

Turizm şirkətləri də xarici turları artıq dollarla təklif edirlər. Manatın məzənnəsi ucuzlaşandan sonra paketlər dollarla təklif olunmağa başladı. Razılaşmalar manatla olsa da, dolların məzənnəsinə uyğun olaraq tənzimlənir”.

Oxucularımızın diqqətinə çatdıraq ki, bütün turizm şirkətləri xarici turların qiymətlərini dollar və avro ilə təklif edir. Bəziləri hətta irəli gedərək, daxili turları da dollarla təklif edir.
Məsələn, swtravel.az saytında qiymətlərə nəzər salsaq, Londona 7 gecə-8 günlük qrup halında turun qiyməti 1151 avrodur. Eyni müddətə olan Vyana səfəri isə 1050 avrodur. 4 gecə 5 günlük Paris səfəri 410 avroya başa gəlir. Paketə aviabiletin daxil olub-olmamasına görə qiymətlərdə fərqlər var. Yəni internetdə daha ucuz turpaketlər diqqətinizi çəkə bilər. Lakin bu halda uçuş xərcini əlavə ödəməli olacaqsınız.

Məsələn, Fransada Paris şəhərində bir həftəlik istirahətin 440 avroya təklif edilməsi cəlbedicidir, lakin paketə aviabilet daxil deyil.

Daxili turlardan isə Bakı- Naftalan- Gəncə- Şəki- Qəbələ-İsmayıllı- Bakı xətti üzrə səfər 340 dollardır. Naxçıvan gəzintisi və Əshabi- Kəhf ziyarəti 190 manata, 4 günlük Şamaxı turu 290 manata, 5 günlük Lənkəran turu isə 271 manatadır.

Nərgiz LİFTİYEVA

Leave A Comment