Valyutadəyişmə məntəqələrinin yaradılması yenidən gündəmə gələ bilər

Valyutadəyişmə məntəqələrinin yaradılması yenidən gündəmə gələ bilər

Ekspert: Xarici vətəndaş şənbə günü dəmiryolu ilə ölkəyə gəlirsə, qara bazarla bağlı məlumatlara malik deyilsə, onun valyutadəyişmə imkanları yoxdur.

Azərbaycanda, xüsusən Bakıda dəmiryol vağzalında və beynəlxalq avtovağzal kompleksində, həmçinin otellərdə valyutadəyişmə məntəqələri yaradılmalıdır. Və onlar fasiləsiz olaraq fəaliyyət göstərməlidir. Əks halda Azərbaycan yeni mövsümdə turistlərin cəlb edilməsi ilə bağlı ciddi problemlərlə üzləşə bilər.

Bunu Sputnik-in əməkdaşına iqtisadçı-ekspert Vüqar Bayramov turistlərin qarşılaşdıqları problemlərdən danışarkən deyib.
Ekspert bildirib: “Xarici vətəndaş şənbə günü dəmiryolu ilə ölkəyə, Bakıya gəlirsə, qara bazarla bağlı məlumatlara malik deyilsə, onun valyutadəyişmə imkanları yoxdur. Belə çıxır ki, həmin adam bazar ertəsinə qədər dəmiryol vağzalında gecələməlidir ki, bazar ertəsi valyutanı manata dəyişsin və özünə oteldə yer alsın. Bu kifayət qədər absurddur”.

O, deyib ki, turizm prioritet sahədir. Bu gün turizm ölkəyə valyutanın daxil olmasına ciddi şəkildə yardım edə bilər: “Ona görə də Mərkəzi Bank valyutadəyişmə məntəqələrinin fəaliyyətinin bərpa edilməsi ilə bağlı təkliflərə baxmalıdır. Mərkəzi Bank tərəfindən valyutadəyişmə məntəqələrinin ləğv edilməsi doğru addım deyil. Bunun sosial tərəfləri var idi. 6 min insan işsiz qaldı, digər tərəfdən vətəndaşların valyuta alqı-satqısı ilə bağlı ciddi maneələr yaradıldı. Baxmayaraq ki, Mərkəzi Bank bunu qara bazarın aradan qaldırılması ilə əlaqələndirdi. Amma valyutadəyişmə məntəqələri ləğv edildikdən sonra qara bazar daha çox inkişaf etdi”.

Ekspertin təklifinə görə, ən azından xüsusən Bakının rayonları, bölgə rayonları üzrə müəyyənləşdirilmiş sayda valyutadəyişmə məntəqələrinin fəaliyyət göstərməsinə icazə verilməlidir. Bu, hər hansı bir seçilmiş banka valyutadəyişmə məntəqələrinin yaradılması səlahiyyətinin verilməsi formasında ola bilər. Və bunlar bayram günləri ya da həftəsonu, yəni qeyri-iş günləri fəaliyyət göstərməlidir. Rayonlar üzrə tender elan etməklə banklardan təklifləri alıb valyutadəyişmə məntəqələrinin yaradılmasını həyata keçirmək olar.

Ekspert qeyd edib ki, ölkəyə gələn turist hər hansı bir çətinlik, maneə olmadan öz pulunu milli valyutaya çevirməlidir. Əks halda o turisti yenidən Azərbaycana gətirmək olduqca çətin olacaq: “Çox təəssüf ki, Mərkəzi Bank heç bir qabaqlayıcı addım atmadı və nəticədə ölkəyə gələn iranlı turistlərin ən ciddi problemi məhz valyutanın dəyişməsi ilə bağlı oldu. Hətta kifayət qədər ucuz qiymətə aşağı kursla onların valyutaları qara bazarda manata çevrildi”.

Qeyd edək ki, mədəniyyət və turizm naziri Əbülfəz Qarayev Novruz bayramında İrandan gələn turistlərin valyutadəyişmə problemi ilə üzləşməsinə münasibət bildirib. Nazir bu məsələnin məntiqə uyğun olmadığını deyib: “Bütün dünyada “exchange”lər, bankomatlar qeyri-iş günlərində də işləyir. Hesab edirəm ki, yaxın vaxtlarda “Turizm haqqında” yeni qanun və dövlətin bu sahə ilə bağlı inkişaf strategiyasının qəbulundan sonra bu kimi problemlərin həllinə hüquqi baza yaranacaq. Hər bir dövlət qurumu çalışacaq ki, turistlərə normal xidmət göstərilsin”.

© Sputnik/ Ismayil Rafigoglu

Leave A Comment