Sığortalanan əmanətlər üzrə faiz həddi artırıla bilər

Sığortalanan əmanətlər üzrə faiz həddi artırıla bilər

Mütəxəssislər bunu banklara əmanət yerləşdirməyi stimullaşdıracaq addım kimi qiymətləndirirlər

Bankların hazırkı vəziyyətdən çıxmaları üçün atılmalı ən önəmli addımlardan biri də əhalinin bu sektora etibarının artırılmasıdır. Əhalinin inamı olmalıdır ki, pullarını “yastıq altı”nda deyil, banklarda saxlamağa üstünlük versin. Bunun üçün isə əmanətlərin sığortalanması çox yaxşı metoddur. Bu zaman vətəndaşlar pulunu rahatlıqla banka yerləşdirə bilərlər.

Amma etibarla yanaşı, həm də banklara əhalinin əmanət yerləşdirməsi üçün stimullaşdırıcı addımlar da atılmalıdır. Bu addımlardan biri də əmanətlərin faiz dərəcələrinin artırılması ola bilər. Manatın dollar qarşısında ucuzlaşmasına qədər əhali əmanətlərə daha çox yüksək faiz təklif edən banklara üstünlük verirdi. Amma bu zaman əmanətlər sığortalanmadığı üçün gəlirlərin çoxluğu həm də riskə getmək idi. Amma indi Azərbaycanda həm milli, həm də xarici valyutada sığortalanan əmanətlər üzrə faiz həddini artırmaq təklif olunur.

Trend-in məlumatına görə, Maliyyə Bazarlarına Nəzarət Palatası bu təkliflə Azərbaycan Banklar Assosiasiyasına müraciət edib. Belə ki, milli valyutada sığortalanan əmanətlər üzrə faiz həddini 15 faizədək, xarici valyutada isə 5 faizədək artırmaq təklif edilir. Hazırda isə sığortalanan manat əmanətləri üzrə faiz həddi 12, xarici valyutadakı əmanətlər üzrə isə 3 faiz səviyyəsində müəyyənləşdirilib.

İqtisadçı alim Vüqar Bayramov qəzetimizə açıqlamasında bildirdi ki, əmanətlərin faiz dərəcələri bazardakı faiz dərəcələrinə uyğun olmalıdır. Bazarın faiz dərəcələrinə uyğun olaraq isə əmanətlərin sığortalanmasının həyata keçirilməsinə ehtiyac var: “Əgər bu gün bazarda manatla əmanətlərə daha çox ödəniş edilirsə, daha çox divident ödənilirsə, bütün hallarda əmanətlərin də sığortalanma faizinin bazar faizinə uyğun olması vacibdir ki, vətəndaşlar manatla əmanət saxlamaqda maraqlı olsunlar. Ümumiyyətlə, dünya praktikasında xarici valyuta ilə əmanətlərə nisbətən aşağı ödəniş edilir. Daha çox ödənişlər milli valyutada olan əmanətlər üzrədir. Burada məqsəd milli valyuta ilə yığımların artırılmasından ibarətdir. O baxımdan da Azərbaycanda da sığortalanan əmanətlər üzrə faiz dərəcəsinin artırılması məqsədəuyğundur”.

İqtisadçı deyir ki, sığortalanan əmanətlər üzrə faiz həddinin yüksəldilməsi xüsusilə manatla olan əmanətlərə marağı artırmağa imkan verəcək: “Burada məqsəd banklarda manatla yığımların həcminin artırılması, banklara olan inamın mərhələli şəkildə formalaşdırılmasından, mərhələli şəkildə daha çox əmanətlərin banklara cəlb edilməsinə nail olmaqdan ibarətdir. O baxımdan sözsüz, belə bir addımın reallaşması arzuolunandır. Bu bankların fəaliyyətinə, eləcə də vətəndaşların banklarda saxladığı əmanətlərə daha çox vəsaitin cəlb edilməsi baxımından vacibdir”.

V.Bayramovun sözlərinə görə, bu addımın atılması ilə banklara inamın birdən-birə geri qaytarılması baş verməyəcək. Əhalinin banklara inamının bərpa olunması üçün müəyyən zaman lazım olacaq: “Qısa zamanda banklara inam formalaşdırılması mümkün deyil. Bunun reallaşması mərhələli şəkildə olmalıdır. Bəzi banklarda əmanətlərin ödənişi ilə bağlı müəyyən problemlər var. Bu da vətəndaşların banklara əmanət yerləşdirməsi zamanı müəyyən qədər ehtiyatlı olmasına təsir göstərir. Amma mərhələli şəkildə banklara inamın formalaşması mümkündür”.

V.Bayramov deyir ki, sığortalanan əmanətlər üzrə faiz dərəcəsinin artırılması kreditlərin faizlərinin yüksəlməsinə səbəb olmamalıdır: “Burada məqsəd demək olar ki, banklarda olan əksər əmanətlərin sığortalanmasına nail olmaqdan ibarətdir. Bütün hallarda bankların kreditlər üzrə faiz dərəcələri yüksəkdir. Mərkəzi Bank tərəfindən də həm istehlak, həm mikrokreditlərin faiz dərəcələri məhdudlaşdırılıb. Faizlər istehlak kreditləri üzrə 29, mikrokreditlər üzrə isə 25-dən çox ola bilməz. Ona görə də indiki halda sığortalanan əmanət faizlərinin artırılması kredit faizlərinin yüksəlməsinə gətirib çıxarmamalıdır. Çünki kredit faizləri ilə sığortalanan əmanət faizləri arasında yenə də fərq böyükdür. Eyni zamanda, Mərkəzi Bank tərəfindən məhdudlaşdırma olduğu üçün banklar indiki halda istəsələr belə, kredit faizlərini artırmaları mümkün deyil”.

İqtisadçı bildirdi ki, bu təklifin reallaşmasını proqnozlaşdırmaq çətindir. Çünki bu, hökumətin səlahiyyətində olan məsələdir. Amma reallaşmasına ehtiyac var. V.Bayramov onu da bildirdi ki, bəzi ölkələrdə əmanətlərin sığortalanması ilə bağlı faiz dərəcəsi ilə bağlı limit yoxdur. Yəni banklardakı bütün əmanətlər sığortalanır: “Onsuz da inkişaf etmiş ölkələrdə əmanətlər üzrə faiz dərəcələri yüksək deyil. Buna görə də bütün əmanətlərin sığortalanması həyata keçirilir. Bir sıra ölkələrdə xarici valyuta ilə olan əmanətlərin sığortalanması üçün limitlər var. Bütün hallarda xarici və yerli valyuta üçün olan limitlər arasında fərq olur”.
Bank sahəsi üzrə mütəxəssis Rauf Ağayev deyir ki, bankla vətəndaşlar arasında müəyyən bir ortaq nöqtəyə gəlmək üçün ilk addımı banklar atmalıdır: “Bunun üçün isə manatı yüksək faizlə depozitə cəlb etməlidirlər. Digər valyutaları aşağı faizlə də götürə bilərlər. Hazırda Maliyyə Bazarlarına Nəzarət Palatası, Mərkəzi Bank, Əmanətlərin Sığortalanması Fondu və Banklar Assosiasiyası bir yerə toplaşıb, kollegial qərar qəbul etməlidir. Qəbul olunan depozitlərin neçə faiz sığortalanması ilə bağlı ümumi bir rəqəm təyin edilməlidir. Bu zaman isə yerli və xarici valyuta üçün sığortalanma həddi müəyyənləşməlidir. Manatla olan əmanətlərin sığortalanması üçün hədd isə yüksək olmalıdır”.

R.Ağayevin sözlərinə görə, əmanətlərin sığortalanması ilə bağlı faiz həddinin artırılması elə şəkildə aparılmalıdır ki, bu, kredit faizlərinə təsir göstərməsin: “Banklar cəlb etdikləri depozitləri kreditə buraxırlar. Deməli, burada belə bir məsələ yaranır ki, krediti neçə faizlə versin? Kreditin faizi arta bilər. Ona görə 4 qurum bir yerə yığışıb, gəlirləri, xərcləri bilməlidirlər. Banklar əmanəti cəlb edib, kredit verib pul qazanırlar. Əmanətlər üçün faiz dərəcəsində yüksəlmə aparılır, banklara isə kreditləri aşağı faizlə vermə təklif olunur. Burada qarışıq vəziyyət yaranır. Bu məsələ tez bir zamanda həll olunmalıdır. Çünki vaxt gözləmir. İqtisadi məkanda aktivlik artmalıdır”.

R.Ağayev deyir ki, əhalinin banklara inamının bərpa olunması üçün elə də böyük zamana ehtiyac yoxdur. Sadəcə, bunun üçün əhəmiyyətli addımlar atılmalıdır: “Müstəqillikdən sonra insanların banklara inamının formalaşması üçün xeyli müddət lazım oldu. Zamanla inam yarandıqca insanlar banklara daha yaxın olmağa başladılar. İndi də banklara inamın formalaşmasına vaxt lazım olacaq. Amma indi əvvəlki kimi deyil. Hamı banklarla işləməyin müsbət tərəflərini yaxşı bilir. Ona görə bu məsələni uzatmaq olmaz”.

Aygün Asimqızı

Leave A Comment