Vətəndaşlar yeni əmsallarla kredit ödənişi edə biləcəklər – iqtisadçı

Vətəndaşlar yeni əmsallarla kredit ödənişi edə biləcəklər – iqtisadçı

Maliyyə Bazarlarına Nəzarət Palatası 4 may 2016-cı il tarixində keçirilən növbəti iclasında sağlam borclanma və məsuliyyətli kreditləşməyə dair qərar qəbul edib. Belə ki xarici valyutada gəlirlərlə və bankda əmanətlərlə təmin olunmamış xarici valyutada olan istehlak kreditlərinin verilməsinin dayandırılmasına dair 4 aprel 2016-cı il tarixli qərar qüvvədə qalır. Bundan əlavə, daşınmaz əmlakın əldə edilməsi üçün xarici valyutada kreditlərin verilməsinə qadağa qoyulur.

Eyni zamanda, qərar valyutada borcalanların borc yükünün yüngülləşdirilməsi məqsədi ilə xarici valyutada mövcud kreditlərin sağlam kreditləşmə şərtləri ilə restrukturizasiyasını mümkün edir.

“Maliyyə Bazarlarına Nəzarət Palatasının müəyyənləşdirdiyi qaydalara görə, istehlak kreditləri xarici valyutada o zaman veriləcək ki, kredit alan şəxsin bankda ya dollarla depoziti, yaxud əməkhaqqısı xarici valyutada olsun”.

Bu fikirləri SalamNews-a açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov dollar ilə istehlak kreditlərinin verilməsi qaydalarının müəyyənləşdirilməsi ilə bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasının verdiyi qərarı şərh edərkən deyib.
Onun sözlərinə görə, belə olan halda müştərinin istehlak kreditləşməsindən istifadə etmək və kredit götürmək imkanı olacaq. Kredit alan şəxsə depozitin 70% həcmində kredit veriləcək. Əməkhaqqı xarici valyutada olduqda ödəmə qabiliyyətinə uyğun olaraq istehlak kreditlərinin dollarla verilməsi təmin olunacaq. Digər hallarda istehlak kreditlərinin dollar ilə verilməsi həyata keçirilməyəcək.

V.Bayramov deyib ki, yeni qaydalara əsasən ipoteka kreditlərinin də dollarla verilməsi qadağan edilib. Mövcud qaydalara görə, ipoteka kreditləri dollarla verilə bilməz. Bu qaydalar ipoteka kreditlərinə tətbiq olunacaq:
“Manatla verilən kreditlər üzrə şərtlər nisbətən ağırlaşıb. Vətəndaşlar ödəmə qabiliyyətinə uyğun olaraq yeni əmsallarla ödəniş apara biləcəklər. Yəni, manatla kreditlər yalnız ödəmə qabiliyyəti olan vətəndaşlara veriləcək”.
Ekspert bildirib ki, praktik olaraq palata əvvəlki qaydaları qüvvədə saxlayıb, sadəcə əməkhaqqı dollarla olan və xarici valyutada depoziti olan vətəndaşlara istehlak kreditlərindən yararlanmaq imkanı verib.

“Belə bir qərarın verilməsində məqsəd manatla verilən kreditlərin həcmində artım olmasına nail olmaqdır. Həmçinin riskləri sığortalamaqla dollarla deyil manatla kreditlərin verilməsini təmin etməkdir”. – V.Bayramov qeyd edib.

Leave A Comment