“Tax Free”-nin tətbiqi Azərbaycana nə üçün vacibdir?

“Tax Free”-nin tətbiqi Azərbaycana nə üçün vacibdir? – EKSPERTLƏR

“Dövlət prinsipcə düzgün istiqamət götürüb”.

Azərbaycanın Vergilər Nazirliyi ölkə ərazisində ilk dəfə “Tax Free” vergi sisteminin tətbiqinə başlayıb.

Bildirilir ki, yeni sistemin tətbiqindən sonra ölkəmizə səfər etmiş xarici vətəndaşların Azərbaycandan aldıqları istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisi (ƏDV) geri qaytarılacaq.

Beləliklə, TAX FREE stikerləri olan ticarət obyektindən alış-veriş edən əcnəbilər ödədikləri ƏDV məbləğini ölkəni tərk etdikləri zaman hava limanında geri ala biləcəklər.

“Tax Free” imkanından istifadə etmək üçün həmin şəxsin elektron vergi hesab-fakturası üzrə aldığı malın dəyəri ƏDV ilə birlikdə 300 manatdan az olmamalıdır.

Bu sistemin tətbiq edilməsinin faydası nədir? və bu ölkəyə gələn turistlərin sayına necə təsir edəcək?

Oxu.Az bu məsələni yerli ekspertlər ilə araşdırıb.

Azərbaycan Turizm Assosiasiyasının (AzTA) idarə heyətinin sədri Nahid Bağırov bildirib ki, bu sistemin tətbiq edilməsi ölkəyə xarici valyuta cəlb etmək üçün alətlərdən biridir:

“Azərbaycanda “Tax Free” sisteminin tətbiq edilməsi ilə bağlı 5 il bundan öncə hökumətə təkliflər vermişdik, amma təkliflərimiz təklif olaraq qalırdı. Bu gün isə bu sisteminin ölkədə tətbiq edilməsinə başlanılır.

Belə demək mümkünsə “Tax Free” turistlər üçün psixoloji bir amildir. Turist o demək deyil ki, ölkəyə gələndə ancaq oteldə qalır. O, həmçinin, alış-veriş edir, kafe və restoranlara üz tutur. Yəni, turistləri ölkədə alış-veriş etmək üçün stimullaşdırmaq lazımdır.

Bu halda, turist daha çox can fəşanlıq edir ki, getdiyi ölkədən daha çox məhsul alsın və ondan endirim əldə etsin. Məsələn, 3 gün bundan əvvəl səfirlərdən biri ilə görüşmüşdüm. Həyat yoldaşı Bakıda alış-veriş etmək istəyib. Sual edib ki, sizin ölkədə “Tax Free” sistemi işləyirmi? Yox cavabı alandan sonra isə məhsulu almaqdan imtina edib.

Sual oluna bilər ki, bu sistemin tətbiqi ölkəyə gələn turistlərin sayına təsiri olacaqmı?

Düşünmürəm bu qərar ilə ölkəyə gələn turistlərin sayı kəskin artacaq. Cüzi təsirləri ola bilər. Bu sistemin tətbiq edilməsində əsas məqsəd turistin ölkədə daha çox xarici valyuta xərcləməsinə hesablanıb. Bu sistem Azərbaycana xarici valyuta cəlb etmək üçün alətlərdən biridir”.

“Bizdə olan məlumata görə, turistlərə alınan malın 12%-i hava limanlarında geri qaytarılacaq. Bu sistem “Formula 1” dövründə Azərbaycanda tətbiq edilir. Bu isə o deməkdir ki, ölkəyə daha çox xarici valyuta cəlb ediləcək, çünki yarışlar dövründə ölkəyə gələn turistlərin sayında artım müşahidə edilir”, – deyə N.Bağırov qeyd edib.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) rəhbəri Vüqar Bayramov isə bildirib ki, Azərbaycanda 1000 dollar alış-veriş edən turist 180 dollarını ölkəni tərk etməmişdən öncə geri ala biləcək:

“Bu sistem əksər inkişaf etmiş ölkələrdə tətbiq edilir. Bu sistemin mahiyyəti ondan ibarətdir ki, turistin ölkədə alış-veriş etdiyinə görə ödədiyi ƏDV o ölkəni tərk etməmişdən öncə sərhəddə ona geri qaytarılır.

Məsələn, əcnəbi Azərbaycanda 1000 dollar dəyərində alış-veriş edir. Həmin 1000 dollar dəyərində alış-veriş etdiyinə görə, 180 dollar ƏDV ödəyir. Yeni sistemə əsasən, turist 180 dolları ölkəni tərk etməmişdən öncə hava limnaları, dəmir yolu vağzallarından geri alacaq”.

Onun sözlərinə görə, bu sistemin tətbiq edilməsinin üstünlüyü ondan ibarətdir ki, Azərbaycanda turizm sektorunun inkişafını stimullaşdırır.

V.Bayramov bildirib ki, dövlət də bu sistemin tətbiq edilməsində maraqlıdır:

“Turist ölkəyə gələn zaman ödənişlər etdikdən sonra, çeklərini götürəcək və ölkəni tərk edən zaman xüsusi blank formasını dolduracaq və ölkəni tərk edən zaman həmin blankları xüsusi xidmət şöbələrinə təqdim edərək ödədiyi vergini geri alacaq.

Hazırki iqtisadi şəraitdə Azərbaycan turistlər üçün qiymət baxımından daha cəlbedici olub. Bu isə turistlərə daha çox alış-veriş etmək üçün stimul yaradır. Nəticə etibari ilə xidmət sektoru turistlərin Azərbaycanda olmasından faydalana biləcək.

Burda xidmət sektorunun, mağazaların itirəcəyi bir şey yoxdur, əksinə daha çox qazanır, çünki turist ölkədə daha çox pul xərcləyir. Sadəcə dövlət həmin vegriləri geri qaytarır. Bir növ alış-verişi və xidməti turistlər üçün vergisiz edir.

Bu imkan verəcək ki, ölkədə xidmət sektorunun dövriyyəsi genişlənsin, dövriyyəyə daha çox xarici valyuta daxil olsun. Bu isə Azərbaycanda qeyri-neft sektorunun inkişafı baxımından vacibdir”.

İqtisadçı sistemi tətbiq etməmişdən öncə, bəzi detalları nəzərə almağı vacib sayır:

“Bunun üçün isə sistemin ölkədə düzgün qurulması vacibdir. Birincisi, hər bir sərhəd məntəqələrində “Tax Free” xidmət şöbələri fəaliyyətə başlamalıdır. Bunun nəticəsində əcnəbilər ölkəni tərk etməmişdən öncə, həmin şöbəyə lazım olan sənədləri (alış-veriş çekləri, doldurulmuş blank və s) təqdim edib, öz pulunu nağd şəkildə geri ala bilərlər.

İkincisi, həmin satış xidmət müəssisələri “Tax Free” sənədləri ilə təmin edilməlidir, çünki xarici ölkə daxilində alş-veriş edən zaman hökmən həmin sənəd satış və xidmət müəssisələri tərəfindən doldurulmalıdır. Həmin sənədi əcnəbi ölkəni tərk edən zaman təqdim edir.

Üçüncüsü, həmin satış və xidmət müəssisələrinin fəaliyyəti leqallaşdırılmalı və bu istiqamətdə fəaliyyət gücləndirilməlidir. Bəzi hallarda xidmət müəssisələri, mağazalar çekin geri ödənilməsinə maraqlı olmurlar. Sonda isə turist ölkəni tərk edən zaman vergini geri ala bilməyəcək.

“Tax Free” sistemi bütün ölkəni əhatə edəcəksə, əcnəbilər bundan faydalana biləcəksə, bu turistlərin sayına və ölkə daxilində xərcləmələrin məbləğinə müsbət təsir edəcək”.

Banklar üzrə mütəxəssis Əkrəm Həsənov isə qeyd edib ki, bu daha çox yerli istehsalçılara hesablanmış qərardır:

“Azərbaycanda bu sistem hansı şəkildə tətbiq ediləcək bunu deyə bilmərəm. Xarici təcrübədə isə belədir ki, kimsə xaricdən nəsə alanda o ƏDV-yə cəlb edilmir. Yəni, bu daha çox yerli əhalinin deyil, yerli istehsalçıların xeyrinədir.

Bu sistem ölkədən ixracın artırılmasına hesablanıb. Tutaq ki, sahibkarlar Azərbaycanda nəsə istehsal edir, biz onu alanda ƏDV ödəyirik. Əcnəbi gəlib alanda isə ƏDV ödəməyəcək. Bu isə qeyd etdiyim kimi ixracı stimullaşdırır, artırır.

Dövlət prinsipcə düzgün istiqamət götürüb. Hazırki iqtisadi şəraitdə bizə lazımdır ki, daha çox məhsul istehsal edək, onu xaricə sataq və daha çox ölkəyə valyuta gəlsin.

Xaricdən aldığımız məhsulu turistə satdıqdan sonra belə, turistlər ƏDV –dən azad oluna bilər. Hələlik bu qaydanın necə qoyulacağı nazirlik tərəfindən müəyyən edilməyib. Başqa ölkələrdə isə belə bir məhdudiyyət yoxdur. Məsələn, Almaniyada Avstriya istehsalı olan pençək, şalvar və s aldıqda turist yenə vergilərdən azad olunur”.

Bu sistemin tətbiq edilməsi sahibkarlar üçün yeni bir siqnal olacaq ki, onlar fəaliyyətlərini genişləndirsinlər, xaricə nəsə satmağa cəhd göstərsinlər.

Ə.Həsənov düşünür ki, vergilərin geri qaytarılması çox sadə olmalıdır:

“Xarici təcrübəyə əsasən, geri ödəniş alış-veriş etdiyin mağazalardan xüsusi quraşdırılmış kassalardan və ya hava limanlarında dərhal əldə edə etmək olur. Düşünürəm ki, Azərbaycanda isə hava limanlarından vergiyə görə ödədiyin məbləği geri almaq mümkün olacaq. Məsələn, birinci halda sui-istifadə halları daha çox ola bilər.

Qaytarılma mexanizmi daha çox sadə olmalıdır, çünki bu halda əcnəbilər ölkədə alış-veriş etməyə maraqlı olacaqlar. Məsələn, bu sistem Türkiyədə var, amma sadə deyil. Türkiyəyə səfər edən vətəndaşlarımızın çoxu həmin məbləği geri ala bilməyib”.

Leave A Comment