Manatın ucuzlaşmasının qarşısını necə almaq olar?

Manatın ucuzlaşmasının qarşısını necə almaq olar? Artıq bir aydır ki manat dollara nisbətən davamlı dəyər itirməkdədir. Hələlik, Mərkəzi Bank prosesə tam müdaxilə etmir və hərraclarda dolların möhkəmlənməsi prosesinin qarşısını almaq istiqamətdə addımlar atmır. Dolların manata nisbətən son bir ayda möhkəmlənməsi fonunda yalnız biznesin deyil, eyni zamanda əhalinin də xarici valyutalara tələbi artmaqdadır. Bu baxımdan, son hərraclarda banklar hətta yarım milyard dollarlıq sifarişlə çıxış edirlər. Nələrin edilməsinə ehtiyac var?

1. Hərraclarda dollar sifarişlərinin strukturu göstərir ki, bankların yüksək məbləğdə xarici valyuta istəməsi həmçinin satışa çıxarılan valyutanın həcminin az olması ilə bağlıdır. Hərraca çıxarılan 50 milyon dollar sifarişlərin məbləğlərinə uyğun olaraq müəyyən faiz intervalı daxilində paylaşdırılır. Məsələn, 6 milyon dollar tələbi olan bank hərraca 30 milyon dollar sifarişlə gedir. Həmin bank əmindir ki, 30 milyon dolları ala bilməyəcək, amma sifarişinin 10 faizinə ümid etdiyindən yüksək məbləğlə aksiona qoşulur. Yəni, bankların əksəriyyəti “çox istəyim ki heç olmasa azı ala bilim” prinsipi ilə hərraca gəlirlər. Bu isə o deməkdir ki, indiki məqamda Mərkəzi Bankı bazara intervensiya etməklə bazarın dollar olan tələbini azalda bilər. Hərraclarda sifariş ilə tələb arasında mövcud fərq manat təklifini artırır. Hərraclar olmayan günlər məzənnəni dəyişməməklə kursu uzun müddət tənzimlənmək mümkün deyil. Növbəti hərraclarda Mərkəzi Bankin hərraca satıcı qismində çıxıb birinci mərhələdə 300 milyon dollar təklif etməklə tələbi normallaşdırmağa çalışmalıdır. Bankların mövcud manat likvidliyini nəzərə aldıqda onlardan yalnız birinin məzənnəyə ciddi təsir imkanları var. Mərkəzi Bankın hərraca qayıtması manata təzyiqin yumşalmasına səbəb ola bilər. Əks halda manat ucuzlaşmaqda davam edəcək;
2. Mərkəzi Bankın intervensiyadan sonra məzənnə marjinin dəyişdirilməsi ilə bağlı qərar qəbul etməlidir. Valyuta bazarında mövcud məzənnə siyasətinin üzən valyuta rejimi olmadığını müəyyənləşdirmək çətin deyil. Rəsmi məzənnə ilə bazar kursu arasındakı 4 faizlik marjın iqtisadi baxımdan modelləşdirildiyini söyləmək də mümkün deyil. Bu marj bəzi kommersiya banklarına məzənnəyə spekulyativ təsir imkanları verir. Bu baxımdan, Mərkəzi Bankı tələbi normalaşdıra bildiyi halda marjın 2 dəfə azaldılması barədə qərar qəbul edə bilər. Bununla yanaşı, gələcəkdə məzənnə siyasətinin liberallaşdırılması ilə mərhələli islahatlar həyata keçirilməlidir;
3. Kommersiya bankların dollar sifarişi ilə xarici valyuta satışı arasındakı korrelasiyanın monitorinq edilməsinə ehtiyac var. Maliyyə Bazarlarına Nəzarət Palatası belə monitorinqin nəticələrinə əsasən bazar iqtisadiyyatı prinsipləri daxilində xarici valyuta üzrə tələb-təklifə təsir edə bilər;
4. Mərkəzi Banka inamın artırılması istiqamətində islahatların aparılmasına ehtiyac var. Milli valyutaya inam Mərkəzi Bankın güvənin formalaşmasından keçdiyi üçün baş bank ilə bağlı institutsional və kadr islahatlarının aparılması məqsədəuyğundur.

Leave A Comment