Dollar kommersiya banklarında rekord vurur

Dollar kommersiya banklarında rekord vurur

Ekspertlərin fikrincə, yaxın aylarda manatın sabitləşməsi gözlənilən deyil

Milli valyuta olan manat yenidən dəyər itirməkdədir. Son bir ayda manatın kursu yenidən aşağı düşür. Azərbaycan Mərkəzi Bankının (AMB) manatın iyulun 26-na olan rəsmi məzənnəsi də bunu göstərir.

ABŞ-ın milli valyutası olan dolların məzənnəsi iyul ayının 25-i ilə müqayisədə 0,2 faiz artaraq 1,5755 manat təşkil edib. “Turan” isə yazır ki, kommersiya banklarında dollar 1.60-a satılır.

Ekspert Vüqar Bayramov məsələ ilə bağlı musavat.com-a bildirib ki, manatın indiki durumu çoxdan proqnozlaşdırılan kimidir: “O zaman milli valyutanın məzənnəsi möhkəmlənirdi. Hətta vətəndaşlar hansı valyutada yığım aparması ilə bağlı müəyyən müzakirələr edirdilər. Praktik olaraq may ayının sonundan və iyun ayının əvvəlindən başlayaraq manatın dollara nisbətən məzənnəsində azalmalar müşahidə olundu. Bu azalmalar davam etməkdədir. Apardığımız monitorinqlər göstərir ki, dollara tələb yüksəkdir. Dollara tələbin yüksək olması həm də idxalın yüksək olması ilə bağlıdır. Xarici ölkələrə turist axını ilə bağlı xarici valyutaya tələb yüksəlir. Eyni zamanda dollarla yığımlarda da artımlar müşahidə olunmaqdadır. Mərkəzi Bankın bir sıra kommersiya banklarına təqdim etdiyi mərkəzləşmiş kredit resursları çox qısa zamanda milli valyutadan dollara çevrilib. Bütün bunlar məhz dolların məzənnəsinin yüksəlməsinə gətirib çıxarır. Dolların manata nisbətən məzənnəsinin növbəti dövrlərdə də artacağı güman olunur. Çünki tələb yüksəkdir.

Bu da birmənalı şəkildə qiymət artımına, dolların məzənnəsinin artmasına gətirib çıxarır. O baxımdan, növbəti dövrdə də dolların möhkəmlənəcəyini gözləyirik. Dolların hansı səviyyəyə qədər möhkəmlənə biləcəyi də maraqlıdır. Hələlik güman olunur ki, Mərkəzi Bank hərraclar vasitəsilə dolların möhkəmlənməsi prosesinin davam etidirlməsinə çalışacaq. Növbəti dövrlərdə manatın məzənnəsi birbaşa Mərkəzi Bankın müdaxiləsindən və Mərkəzi Bankın bazara daxil olmasından asılı olacaq. Eyni zamanda Mərkəzi Bank bazara daxil olsa belə, mütəmadi daxil olmur.

Əksinə, Dövlət Neft Fondunun aktiv şəkildə dollar təklif etməsi müşahidə olunur. Nəzərə almaq lazımdır ki, Dövlət Neft Fondunun da dollar təklifi ilə olan satışında bir məhdudiyyət var. Neft Fondu büdcə qarşısında öhdəliklərini yerinə yetirdikdən sonra auksiona çıxmayacaq. Bu da dollar təklifinin azalmasına gətirib çıxara bilər. Hələlik onu proqnozlaşdırmaq mümkündür ki, dolların möhkəmlənməsi ilə bağlı iqtisadi zəmin var, yüksəkdir. Bu da növbəti dövrlərdə dolların məzənnəsinin artmasına gətirib çıxaracaq. Amma hansısa səviyyədə bahalaşma birbaşa Mərkəzi Bankın istəyindən asılı olacaq”.

Ekspert Natiq Cəfərli musavat.com-a açıqlamasında qeyd edib ki, manatın birbaşa asılılığı neftdəndir: “Manat neftin qiymətindən birbaşa asılıdır. Bəlkə də dünyada neftin qiymətindən ən çox asılı olan valyutalardan birincisi manatdır. ABŞ-ın Federal Ehtiyat Sisteminin, FES-in toplantısının da manata təsiri olacaq. FES faiz artırsa, bizə qonşu ölkələrdə milli valyutaların düşməsi sürətlənəcək. Bu da Azərbaycan iqtisadiyyatına birbaşa təsir göstərəcək. Digər səbəb isə dünya üzrə dolların bahalaşması gözlənilir. Əgər FES qərar versə, dollar indeksi bahalaşacaq. Dünyada dolların bahalaşması isə xammalların ucuzlaşmasına səbəb olur. Ən azından, xammalların bahalaşmasının qarşısını ala biləcək əsas amillərdən birinə çevrilir. O deməkdir ki, FES faizi artırsa, neftin qiymətində indiki səviyyələr hətta arzolunan səviyyələr ola bilər. Bundan daha aşağı səviyyələri görə bilərik ki, indiki səviyyə daha yaxşı səviyyə kimi qiymətləndirilə bilər. Bu iki amil təbii ki, Azərbaycan manatına da təsir göstərəcək. Azərbaycanın gəlirləri azalıb. İstehlak etdikləri məhsulların həcmi və dəyəri gəlirlərin səviyyəsindən xeyli çoxdur. Ona görə də məcburən Azərbaycan manatına basqılar artacaq. Məzənnənin dəyişməsi qaçılmaz olacaq”.

Röya RƏFİYEVA

Leave A Comment