İqtisadiyyatdakı yeni “yol xəritəsi”nin nəticələrini ən tez 3 ilə görə bilərik

İqtisadiyyatdakı yeni “yol xəritəsi”nin nəticələrini ən tez 3 ilə görə bilərik

Dünyada gedən siyasi və iqtisadi proseslər Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırmaq, idxaldan asılılığı azaltmaq, ixracyönümlü qeyri-neft iqtisadiyyatının əsaslı inkişafınıtəmin etmək, insan kapitalından səmərəli istifadə etmək kimi prioritet istiqamətlərin ön planaçəkilməsini zəruri edir.

Admiral.az xəbər verir ki, İlham Əliyev “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”nin təsdiqi barədə sərəncam imzalayıb.

Azərbaycan ölkə iqtisadiyyatının 2025-ci ilə qədər və sonrakı illər üçün “yol xəritəsi”nin işlənməsi üçün“Mckinsey & Company” beynəlxalq konsaltinq şirkətini cəlb edib.

Yeni “yol xəritəsi” hansı istiqamətləri əhatə edəcək?

Məsələ ilə bağlı layihənin hazırlanmasında iştirak edən iqtisadçı-alim, ekspert Vüqar Bayramov Admiral.az-a bildirib ki, sözügedən layihə fərqli sektorları əhatə edəcək:

““Yol xəritəsi”nin hazırlanması ilə bağlı artıq xaricdən ekspert qrupu da dəvət olunub. Eyni zamanda, yerli ekspertlər də bu işə cəlb edilib. Mütəmadi olaraq, yerli və xarici ekspert qruplarının görüşləri baş tutur və bu istiqamətdə görüləcək işlər müzakirə edilir. “Yeni yol xəritəsi”ndə prioritet olan 8 sektor üzrə təkliflər hazırlanıb. İxracatda rəqabətliliyin və birbaşa xarici investisiyanın artırılması, daxili bazarda idxalın yerli istehsalla əvəzlənməsi, iqtisadi artımın dayanıqlılığının təmin edilməsi, sosial rifah və inklüzivliyin sosial sektorlara investisiyalar yolu ilə artırılması istiqamətləri üzrə təkliflər paketi hazırlanıb. Tədbirlər planı 2016–2020-ci illər üçün iqtisadi inkişaf strategiyası, 2025-ci il üçün uzunmüddətli baxış, 2025-ci ildən sonrakı dövr üçün isə hədəf baxışı formasında hazırlanıb. Əsas məsələlər gəlir səviyyəsinin və məşğulluğun artırılması, iqtisadiyyatın qeyri-neft sahələrində diversifikasiyanın gücləndirilməsi, iqtisadiyyatda səmərəliliyin və rəqabətliliyin gücləndirilməsi, cari hesab balansını davamlı şəkildə yaxşılaşdırılmasından ibarətdir”.

Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin hazırlanması bizə nə verəcək?
V.Bayramovun sözlərinə görə, “yol xəritəsi”nin hazırlanması iqtisadi islahatların dəstəklənməsi baxımından çox vacibdir:
“Xəritə iki fazadan ibarət olacaq və hər bir fazada konkret istiqamətlər üzrə fəaliyyətlər nəzərdə tutulub. O cümlədən, özəlləşdirmənin genişləndirilməsi və xarici investisiyanın özəlləşdirməyə cəlb edilməsi əsas hədəflərdəndir. Eyni zamanda, bu tədbirlər planı strateji baxımdan Azərbaycan iqtisadiyyatı üçün vacibdir. Ümumiyyətlə, islahatlara aparan yol strateji olur. Hətta yol xəritəsi hazırlandıqdan sonra da qısa müddətdə deyil, orta və uzun müddətli dövrdə hədəflər müəyyənləşdirilir. Qısamüddətli dövrdə daha çox humanitar, məzənnə və fiskal siyasət önə çəkilir. Əsas məqsəd yerli istehsalın artırılması və idxaldan asılılığın aradan qaldırılmasından ibarət olacaq. Əgər yol xəritəsində nəzərdə tutulan fəaliyyətlər tezliklə reallaşarsa və bu istiqamətdə böyük uğurlar əldə edilərsə, idxaldan asılılığın azaldılması, istehlakın daha çox yerli istehsal hesabına ödənilməsinə gətirib çıxara bilər. Bu da birbaşa olaraq qiymətlərin tənzimlənməsi və ölkəyə daxil olan valyutanın artırılması baxımından vacibdir”.

Cəmiyyət “yol xəritəsi”nin təsirini hansı müddətdə hiss edəcək?

Ekspert hesab edir ki, həyata keçirilən islahatların real nəticələrini görmək üçün təxminən, 3 il lazımdır:

“Lakin qısamüddətli dövrü əhatə edən islahatlara da ehtiyac var. Azərbaycan çalışmalıdır ki, qısamüddətli dövrdə də cəmiyyət “yol xəritəsi”nin təsirlərini hiss edə bilsin”.
Kamil ƏMİRLİ

Leave A Comment