Siqaretin bahalaşması digər malların da qiymətinin artacağına işarədirmi?

Siqaretin bahalaşması digər malların da qiymətinin artacağına işarədirmi?

Ekspert: “Manatın dəyərsizləşməsi idxal olunan məhsulların qiymətlərinə təsir göstərir”

Ölkədə siqaretlərin qiymətləri bahalaşıb. Artım 10-40 qəpik arasındadır. Bakıdakı mağazalardan bildiriblər ki, bahalaşma barədə tam dəqiq bilgiyə sahib deyillər. Ancaq çox güman ki, tezliklə artırılmış dəqiq qiymət cədvəlləri onlara çatdırılacaq. Bununla belə, bəzi marketlərdə siqaretlər artıq baha qiymətə satılır.

Şərifzadə küçəsində yerləşən marketlərdən birində adını açıqlamayan satıcı azadliq.org-a bildirib ki, indiyədək qiyməti 2 manatadək olan siqaretlər 20 qəpik bahalaşıb. 2 manatdan baha olan siqaretlərin qiyməti isə 30 qəpik artıb.

Siqaret istehsal edən müəssisələr, habelə əlaqəli dövlət qurumları bu bahalaşma ilə bağlı hələlik hər hansı açıqlama verməyiblər. İqtisadçı ekspertlər isə bildirirlər ki, bu, dünyada baş verən qiymət dəyişməsi ilə əlaqəli deyil. Onlar devalvasiyadan sonra bahalaşan siqaretlərin qiymətinin inzibati yolla aşağı salındığını yada salırlar. İqtisadçıların fikrincə, məcburi şəkildə qiymət artımının qarşısını almaq çıxış yolu deyil. Əgər normal bazar, rəqabət olsaydı, qiymət artımından qaçmaq olardı.

Ötən il dekabrın 21-i Azərbaycanda baş verən devalvasiyanın ilk günü siqaretlərin qiyməti birdən-birə təqribən 50 faiz bahalaşmışdı. Halbuki onda manat dollar qarşısında Azərbaycan Milli Bankının müəyyən etdiyi məzənnəyə görə, 47 faiz dəyərdən düşmüşdü. Ondan bir qədər sonra bəzi siqaretlər ucuzlaşmışdı.
Ekspert Vüqar Bayramov musavat.com-a açıqlamasında bildirib ki, siqaretin qiymətinin artması daha çox manatın dollara nisbətən ucuzlaşması ilə bağlıdır: “Son üç ayda manat dollara nisbətən 13 faiz ucuzlaşıb. İlin əvvəlində yüz dollar almaq üçün 149 manat ödəmək lazım idisə, hazırda bazarda yüz dollar almaq üçün 170 manatdan artıq pul ödəmək lazımdır. Siqaret də əsasən ölkəyə idxal olunur. Ölkə daxilində istehsal olunan siqaretin xammalı da idxal olunur. Bu da qiymətlərin artmasına gətirib çıxarır”.

O, siqaretin qiyməti ilə digər məhsulların qiymətləri arasında əlaqə olacağını, digər məhsulların da bahalaşacağını düşünməsə də, bahalaşmanın olacağını istisna etmir. Ancaq bunun manatın dəyərsizləşməsi səbəbindən baş verəcəyini vurğulayır: “Manatın dəyərsizləşməsi idxal olunan məhsulların qiymətlərinə təsir göstərir. Nəzərə alsaq ki, Azərbaycan istehsal etdiyi məhsulun təxminən 76 faizini xarici ölkələrdən idxal edir. Bu isə o deməkdir ki, manat dollara nisbətən ucuzlaşmaqda davam edərsə, idxal olunan məhsulların qiymətlərində artımlar olacaq. Bu, yerli məhsullara təsir göstərməməlidir. Hökumət çalışmalıdır ki, yerli məhsulların qiymətlərinin stabil saxlanması və kəskin artmaması ilə bağlı tədbirlər həyata keçirsin. Amma sözsüz, əksər yerli məhsulların xammalı xaricdən gəlir, yerli məhsullar istehsal edən sahibkar, fermer xaricdən idxal etdikləri malların qiyməti artdığı təqdirdə, xərci artdığına görə məcbur olur ki, istehsal etdiyi məhsulların qiymətini artırsın. Ona görə də idxaldan asılılıq çox təəssüf ki, milli valyutanın məzənnəsi ilə tarazlıqda kəskin bir əlaqə formalaşdırır. Nəticə etibarı ilə milli valyuta dəyər itirdikcə, ölkəyə gələn məhsulların qiymətlərində artımlar müşahidə olunur. Ona görə də istər siqaretin qiymətinin artmasından sonra və digər bu tip qiymət artımları düşünürəm ki, bir məsələni bir daha gündəmə gətirir. Azərbaycan idxaldan asılılığı aradan qaldırmalıdır. Azərbaycan çalışmalıdır ki, kompleks islahatlarla daha qısa zamanda idxaldan asılılığın aradan qaldırılmasını və bazara daha çox yerli məhsulların çıxarılmasını təmin edə bilsin. Bu gün istehlak bazarında məzənnədən asılılığın aradan qaldırılmasının yeganə yolu yerli istehsalın inkişaf etdirilməsi və idxaldan asılılığın aradan qaldırılmasına nail olmaqdan ibarətdir. Amma hələlik manat dəyər itirdiyi üçün bu idxal olunan məhsulların qiymətində mərhələli şəkildə artımlar müşahidə edilə bilər”.

Ekspert Fikrət Yusifov isə musavat.com-a açıqlamasında qeyd edib ki, siqaretin bahalaşması cəmiyyəti narahat etməməlidir: “Son günlər mətbuat səhifələrində tez-tez siqaretin qiymətlərinin bahalaşması ilə bağlı məlumatlara rast gəlinir. Qiymətlərin qalxmasının səbəblərini araşdırarkən bəzi maraqlı məqamlar ortaya çıxdı. Öncə onu deyək ki, artıq bir neçə on ildir ki, bütün dünyada, ilk növbədə iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə siqaret çəkməklə bağlı müxtəlif qadağalar tətbiq olunmağa başlayıb. Yaşlı nəslin yadından çıxmış deyil. Keçən əsrin səksəninci illərində uçağa bilet alırkən, satıcı mütləq səndən soruşurdu: ”Siz təyyarənin salonunda siqaret çəkmək üçün icazə verilən yerlərə, yaxud icazə verilməyən yerlərə bilet istəyirsiniz?” Təsəvvür edin, təyyarənin salonunda yerləşən oturacaqların bir cərgəsində siqaret çəkməyə icazə var idi, ondan qabaqdakı cərgədə isə siqaret çəkmək qadağan idi. Səndən arxada oturan sərnişin siqareti çəkib tüstünü sənə tərəf üfürəndə sən ona heç nə deyə bilməzdin, çünki o, icazə verilən yerdə siqaret çəkirdi. Bu böyüklükdə məntiqsizliklə cəmiyyətdə hər yerdə siqaret çəkənlər siqaret çəkməyənləri zəhərləyirdi. Nəhayət ki, sovetlər birliyi dağılandan sonra sivil dünyaya inteqrasiya bu birlikdən çıxıb müstəqil olmuş ölkələrə də siqaretə münasibəti dəyişməyə başladı. Əslində siqaretin faydası haqqında bir kəlmə sözə belə heç yerdə rast gəlmək mümkün deyil. Əksinə, bütün dünyada yalnız onun insan orqanizminə ziyanından danışılır. Elə bu səbəbdəndir ki, inkişaf etmiş ölkələrdə siqaret çəkməklə bağlı yerlərin həlqəsi tam daralıb və bu proses davam edir. Bizdə də bu istiqamətdə bir çox işlər görülüb. Lakin hələlik bir çox ictimai yerlərdə siqaret çəkənlərin siqaret çəkməyənləri zəhərləməsi prosesi davam edir. Fikrimcə, çəkinmədən biz də bütün ictimai yerlərdə siqaret çəkilməsinə qadağa qoymalıyıq. Siqaretin qiymətlərinin bahalaşmasının əsas səbəblərindən biri insanların sağlamlığını qorumaq naminə qiymətləri qaldırmaqla onu bir qədər də əlçatmaz etməkdir. Bu gün Avropada tütün əkini qadağan olunub. Hazırda bu bitkini əsasən Cənubi Amerika və Afrika ölkələrində əkirlər. Dünya bazarlarında tütünün qiymətləri isə getdikcə bahalaşır. Azərbaycan bu gün siqaretə olan daxili tələbatının 20-25 faizini daxili istehsal hesabına ödəyir. Bazarın yerdə qalan tələbatı idxal hesabına təmin olunur. Manatın məzənnəsində son aylarda baş verən ucuzlaşma meylləri və bu meyllərin getdikcə artması idxal olunan siqaretlərin qiymətlərinin bahalaşmasının başlıca səbəblərindən biridir. Bütün bu dediklərimizdən çıxan nəticə ondan ibarətdir ki, siqaretin bahalaşması cəmiyyəti narahat etməməlidir. Əksinə, bu hesabla siqaret çəkənlərin sayının azalmasını, xüsusən də gənclərin bu xoşagəlməz vərdişdən uzaqlaşmasını müsbət qarşılamaq lazımdır”.

Məsələ ilə bağlı aznews.az-a açıqlama verən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Vahid Əhmədov isə bildirib ki, siqaretlərin qiymətinin artması dolların kursu ilə əlaqədardır: “Qiymətlər tənzimlənməyib. Siqaret tam olaraq Azərbaycana xarici ölkələrdən idxal olunur. Ola bilər ki, onun qiymətində müəyyən dəyişikliklər olsun. Adi bir şeydir. Bundan əlavə, siqaretdir də, qiyməti artıb-artıb, çörək deyil ki…” Deputat hesab edir ki, siqaretin qiymətinin artması cəmiyyətdə böyük narazılıq yarada bilməz: “İnsanlar daha az siqaret çəksələr, daha yaxşı olar”.

Röya RƏFİYEVA

Leave A Comment