Dollar qıtlığı nə vaxta qədər davam edəcək?

Dollar qıtlığı nə vaxta qədər davam edəcək?

Vüqar Bayramov: “Yoxlamaq lazımdır ki, banklar hərracda aldıqları 2 milyon dolları nəyə xərcləyib”

Fikrət Yusifov: “Bütün valyuta ehtiyatlarımızı manatın məzənnəsinin süni qaydada saxlanılmasına sərf edə bilmərik”

Bir neçə gündür valyuta bazarında dollar qıtlığı yaşanır. Bankların bəzilərində demək olar ki, dollar satışı aparılmır. Bir neçə bank dollar satır ki, onların da satış limiti 100 dollardan çox deyil. Amma əhaliyə dollar lazımdır. Xaricdən məhsul idxal edənə, xarici ölkəyə təhsil almağa, müalicəyə gedənə və s. bir çox işlər üçün 100-200 dollarlıq limit kifayət etmir.

Bəs bu vəziyyətdən çıxış yolu olaraq nələr edilməlidir? İqtisadçı alim Vüqar Bayramov qəzetimizə açıqlamasında bildirdi ki, dollar qıtlığının yaranmasının əsas səbəbi valyuta tələbinin ödənilməməsidir. Buna görə də valyuta tələbinin ödənilməsinə ehtiyac var: “Bu gün kommersiya bankları ümumilikdə hərraclara orta hesabla 700 milyon dollar tələblə gedirlər. Amma yalnız 50 milyon cəlb edə bilirlər. Tələb təklifdən 14 dəfə böyükdür. Bu da dollar qıtlığının yaşanmasına gətirib çıxarıb. O baxımdan istər Mərkəzi Bank, istər Dövlət Neft Fondunun rezervləri hesabına tələbin ödənilməsinə ehtiyac var. Tələb ödənilmədikcə dollar qıtlığı yaranacaq və bu proses davam edəcək”.

Dollar yoxdursa…

İqtisadçı deyir ki, dollar satışının dayandırılmasının ölkə iqtisadiyyatına mənfi təsirləri qaçılmazdır: “Dollar yoxdursa, idxal olmayacaq. Məhsul idxal etmək üçün dollara ehtiyac var. Dollar qıtlığı varsa, sahibkarlar məhsul gətirməkdə çətinlik çəkəcəklər, yaxud artıq idxalda maraqlı olmayacaqlar. İdxal mallarının qıtlığı müşahidə edilə bilər. Ölkəyə investisiya qoyuluşlarında azalmalar müşahidə ediləcək. Çünki xarici investor ölkəyə gəlib investisiya yatırırsa, əldə etdiyi qazancı dollara çevirməlidir. Əgər gəlirini dollara çevirə bilmirsə, bu, investisiyanın cəlb edilməsinə təsir edir. Dollar qıtlığı turizm sektoruna da ciddi təsir göstərir. Bəzi xarici turistlər ölkəni tərk edən zaman əllərində olan manatı dollara çevirə bilməyiblər. Manatla ölkəni tərk ediblər. Bu da turistlərin sayına mənfi təsir göstərəcək faktordur. Dollar satışının aparılmaması qısamüddətli dövrdə yalnız dollara ciddi ehtiyacı olanlara təsir göstərir. Xaricə gedənlər, təhsil alanlar və s. Ortamüddətli dövrdə isə ölkə iqtisadiyyatına mənfi təsir göstərəcək”.

700 milyon dollarlıq tələb necə ödənilə bilər?

V.Bayramovun sözlərinə görə, problemdən çıxış yolu olaraq ilkin mərhələdə qeyri-neft sektorunun inkişafı ilə bağlı islahatların davam etdirilməsi və genişləndirilməsi şərtdir. Amma bununla belə, hədəflər cari və strateji olaraq qruplaşdırılmalıdır. Cari hədəflər monetar və fiskal hədəflərə nail olmağı özündə ehtiva etməlidir. Monetar məzənnə hədəfi – məzənnənin stabilliyidir. İqtisadçı bildirdi ki, ona görə də məzənnənin stabilliyi vacibdir. Çünki bu, dollar qıtlığının aradan qaldırılması və eyni zamanda qeyri-neft sektorunun inkişafı baxımından vacibdir: “Məzənnənin stabilliyi üçün vacib məqamlardan biri tələbin ödənilməsidir. Tələbin ödənilməsi üçün rezervlərin müəyyən hissəsinin ölkəyə gətirilməsini təklif edirəm. İlkin mərhələdə 4 milyard dolların ölkəyə gətirilməsi mümkündür. Həmin rezervlərin banklar vasitəsilə hərracda satılaraq manata çevrilməsi və əldə edilən manatın da güzəştli şərtlərlə, aşağı faizlərlə kredit formasında kiçik və orta sahibkarlara verilməsi mümkündür. Birinci mərhələdə 700 milyon dollar tələb ödənilə bilər. Bu 1 milyarddan artıq manat kütləsi deməkdir. Həmin manat kredit formasında konkret biznes planların layihələşdirilməsi üçün verilə bilər. Bu, bir tərəfdən dollara olan tələbi ödəyəcək, digər tərəfdən kiçik və orta sahibkarların kredit ehtiyacını ödəyəcək. Sonrakı hərraclarda da tələbə uyğun olaraq təkliflə çıxış etmək mümkündür. Əgər ilk hərracda 700 milyon dollarlıq tələb ödəniləcəksə, növbəti hərracda sifariş azalacaq, kommersiya bankları daha az tələblə hərraclara gələcəklər”.

Bank hərraca gəlirsə, dollar alırsa, niyə dollar satmır?

V.Bayramov hesab edir ki, indiki vəziyyətdə atılmalı addımlardan biri də valyutadəyişmə məntəqələrinin bərpası, “qara bazar”ın ləğvidir: “Mərkəzi Bank tərəfindən valyutadəyişmə məntəqələrinin ləğv edilməsi doğru addım deyildi. Prosesdə kommersiya banklarının dominantlığının artırılması “qara bazar”ın formalaşmasına imkan verdi. Artıq “qara bazar” var və bu bazar bir sıra banklar tərəfindən dəstəklənir. Banklarda dollar tapmaq olmur, amma “qara bazar”da tapılır. “Qara bazar”ın leqallaşdırılması, aradan qaldırılması vacibdir. Bunun leqallaşdırılması üçün də valyutadəyişmə məntəqələrinin fəaliyyətinə icazə verilməsinə ehtiyac var. Hər rayon üçün müəyyən limitlər müəyyənləşdirə bilərlər. Bakı rayonlarının hərəsində orta hesabla 5 valyutadəyişmə məntəqəsi ola bilər. Valyutadəyişmə məntəqələrinin Bakının mərkəzi rayonları üzrə daha çox olması məqsədəuyğundur. Çünki mərkəzi rayonlarda daha çox turist olur. Mərkəzdən kənar rayonlarda isə nisbətən az valyutadəyişmə məntəqəsi fəaliyyət göstərə bilər. Bütün hallarda, valyutadəyişmə məntəqələrinin fəaliyyətinə yenidən icazə verilməsi olduqca vacibdir”.

İqtisadçı deyir ki, bankların xüsusilə dollar alış-satışı ilə bağlı fəaliyyətlərinin monitorinqinin aparılması vacibdir: “Təxminən 28 kommersiya bankı hərraclarda Dövlət Neft Fondunun təklif etdiyi 50 milyon dolları alıb. Orta hesabla hər kommersiya bankı 2 milyon dollara yaxın vəsait cəlb edib. Eyni zamanda, cari xərclər üçün vətəndaşlar da dollarlarını manata çevirirlər. Düzdür, bu azalıb, amma yenə də var. Bankların dollar gəlirləri var, amma həmin dollarlar satılmır. Cümə günündən sonra demək olar ki, bütün banklar dollar satışını dayandırdılar. O baxımdan monitorinqlərə ehtiyac var. Kommersiya bankları hərracda aldıqları 2 milyon dolları nəyə xərcləyib? Bəzi banklar çox, bəziləri müəyyən qədər az dollar alır. Amma bütün hallarda monitorinq aparmağa ehtiyac var ki, əgər bank hərraca gəlirsə, dollar alırsa, niyə dollar satmır? Nə üçün həmin dollar sonradan “qara bazar”a gedib çıxır? Prosesin stabilləşməsi üçün Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən də monitorinqlər güclənməlidir”.

Real sektorun sürətli inkişafı, ölkəyə valyuta axınını artırmaq…

“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri Fikrət Yusifov deyir ki, milli valyutanın real durumu ölkənin iqtisadi potensialından və tədiyyə balansının vəziyyətindən bilavasitə asılıdır. O bildirdi ki, bu günə olan məlumatlara görə bizim tədiyyə balansımızdakı mənfi saldo 250 milyon dollar ətrafındadır: “Hazırda hökumət real sektorun inkişafı və bu sektordan ixracın həcminin artırılması istiqamətində çox ciddi tədbirlər görür. Lakin hələ ki, cari ilin 6 ayı ərzində qeyri-neft sektorundan ixracın həcmi 27%-ə qədər azalıb. Bu səbəbdən də milli valyutanın məzənnəsində müəyyən tədrici yumşalmaların baş verə bilməsi mümkündür. Bazarda bütün məhsulların qiyməti tələb və təklif əsasında müəyyən edildiyi kimi, milli valyutanın da qiyməti tələb və təklif əsasında müəyyən olunur.

Yaranmış vəziyyətdə biz bütün valyuta rezervlərimizi manatın məzənnəsinin süni qaydada saxlanılmasına sərf edə bilmərik. Burada yeganə düzgün yol real sektorun sürətli inkişafına nail olmaq və bu hesaba ölkəyə valyuta axınını artırmaqdan ibarətdir. Son bir ilə qədər vaxt ərzində hökumət bu istiqamətdə ciddi qərarlar qəbul edib. Onların icrası lazımı nəticələrə gətirib çıxarmalıdır. İndiki durumda isə vəziyyətin tənzimlənməsinə bilavasitə cavabdeh olan qurumlar – Mərkəzi Bank, Maliyyə Bazarlarına Nəzarət Palatası və Maliyyə Sabitliyi Şurası bir araya gəlib təxirəsalınmaz tədbirlər görməlidirlər”.

F.Yusifovun sözlərinə görə, vəziyyətin belə davam etməsi bazarda malların, xüsusilə də ərzaq məhsullarının qiymətlərinin artımına səbəb olur: “Apardığımız araşdırmalar göstərir ki, yaranmış vəziyyətdə marketlər az-az da olsa, praktik olaraq hər gün qiymətləri müəyyən qədər qaldırırlar. Bunu hər alıcı görə bilmir. Bazarda mal və məhsulların qiymətlərinin bu qaydada artmasının yeganə səbəbi manatın məzənnəsində baş verən ucuzlaşmadır. Aydındır ki, bir çox ərzaq məhsulları və bəzi yerli istehsal məhsullarının müəyyən komponentləri xaricdən alınıb gətirilir. Xaricdən alınıb gətirilən məhsullar və ya komponentləri xaricdən alınıb gətirilərək istehsal olunan yerli məhsullar daxili bazarda milli valyuta ilə satılır. Bu satışdan əldə olunan manatla ticarət dövriyyəsini normal şəkildə davam etdirmək və bu zaman ziyana düşməmək üçün iş adamları malların qiymətlərini bu şəkildə qaldırmaqla özlərini sığortalamış olurlar. Bu gün xaricdən mal alıb gətirib bazarda onu satan tərəf 10-15 gündən sonra manatın məzənnəsində nə dəyişikliyin baş verəcəyini müəyyən edə bilmir və bu səbəbdən də “hər ehtimala qarşı” qiymətləri manatın bugünkü ucuzlaşma səviyyəsindən bir qədər də artıq qaldıraraq özünü sığortalayır. O hesab edir ki, gətirdiyi malları satıb xaricdən yenidən mal gətirməyə qədər olan vaxtda manat bir qədər də ucuzlaşa bilər və bu səbəbdən ziyana düşər. Yaranmış durumda bu adamları müəyyən qədər başa düşmək də olar. Ancaq yerli xammal əsasında yerli məhsul istehsal edən bir sıra iş adamlarının da bu cərgəyə qoşularaq qiymətləri qaldırması başa düşülən deyil”.

Aygün Asimqızı

Leave A Comment