“Faizsiz kredit” fırıldağı…

“Faizsiz kredit” fırıldağı…

Eyyub Hüseynov: “İnsanları “tək şəxsiyyət vəsiqəsi ilə kredit” adı ilə soyurlar”; Vüqar Bayramov: “Mağazalardakı ”faizsiz kredit” elanı həqiqəti əks etdirmir”
İllər öncədən başlayaraq mebel və məişət texnikası satılan mağazaların qapı-pəncərəsini “ilkin ödənişsiz”, “faizsiz kredit”, “25 faiz endirim” və s. kampaniyaların reklamları bəzəyir. Apardığımız müşahidələr isə əslində faizsiz kredit adı ilə satılan malların müştərilərə böyük faiz yükləməsi ilə başa gəldiyini deməyə əsas verir. Belə ki, təklif olunan endirimlər malı kreditlə alan şəxslərə şamil edilmir.

Əgər bir məhsulda 25 faiz endirim varsa, məhsulu kreditlə alanlar bundan yararlana bilməz. Məsələn, “Kontakt Home”da bir sıra mallara 12 ay faizsiz kredit təklif edilsə də, yuxarıda qeyd etdiyimiz iki qiymət problemi burada da yaşanır. Məsələn, “Kontakt Home” bir kondisionerə iki qiymət – 629,90 AZN-in üzərindən xətt çəkilərək 429,90 AZN qoyulub. Əgər siz bu kondisioneri nağd alsanız 429,90 AZN-ə, kreditlə alsanız 629,90 AZN əldə edəcəksiniz.

2 ay faizsiz kredit olduğu söylənilsə də, yeni qiymətlə siz 200 manat artıq ödəyəcəksiniz ki, bunu da faiz adlandırmaq olar. “Arçelik” mağazasında da eyni vəziyyət idi. Nağd alış başqa, kreditlə alışa tamamilə başqa qiymətlər təklif edilirdi. Qiymətlərə olduqca baha və bir-birindən kəskin şəkildə fərqlənirdi. “Gənclik Mall”da yerləşən maxi.az elektron satış mağazasında “Tefal FV9550″ model ütü 149,90 AZN satılırdısa, eyni model ütü ”Kontak Home”da 199,90 AZN-ə təklif edilir.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov burada istehlakçının aldadılması məsələsinin olması ilə yanaşı, bu vəziyyətin dövlətin maliyyə siyasətinə ciddi ziyan vurduğunu dedi: “Maliyyə siyasətinə ciddi zərbə endirən amillər var. Azad İstehlakçılar Birliyi bu barədə 6 ay öncə analitik material hazırlayıb Prezident Administrasiyasına, Milli Məclisə, İqtisadiyyat Nazirliyinə, Vergilər Nazirliyinə təqdim edib. Bizim hesablamalar göstərib ki, burada 1 milyard 300 min manatdan artıq pul dövriyyədən gizlədilib. 2013-cü ilə qədər banklar dükanlarda otururdu. Vətəndaş gəlib kreditlə mal alanda bu, bank vasitəsilə reallaşırdı. 2013-cü ildə müəyyən səbəblərə görə banklar dükanlardan çıxarıldı. Bankların çıxarılması ilə də onların yerini sələmçilər tutdular. İstehlakçı onu görmür. Dükanda satıcı alıcıdan başqa 3-cü şəxsdə var. İstehlakçı elə bilir ki, o krediti dükan verir. Bu belə deyil. Həmin adam dükandan malı nağd alır, 30, bəzən də 50 faiz üzərinə qoyur və vətəndaşa kredit adı ilə verir. Belə olan təqdirdə isə külli miqdarda pul dövriyyədən yayınır və dövlət orqanları buna nəzarət edə bilmir. İnsanları ”tək şəxsiyyət vəsiqəsi ilə kredit” adı ilə soyurlar. Banklarda verilən kreditlər mərkəzi kredit reyestrində qeydiyyata alınır. Bir vətəndaş gedib başqa yerdən kredit alanda bilinir ki, onun borcu var. Ancaq dükanlardakı kreditlərdə reyestr yoxdur, şəxsiyyət vəsiqəsini göstərib alırsan. Bundan sonra da insanların borclanması başlayır. Pulu ödəyə bilmir, gedib bankdan yenidən kredit götürür. Elə əcaib insanlar var ki, onlar banka olan kreditlərini ödəyə bilməyəndə gedib tək şəxsiyyət vəsiqəsi ilə 1300 manata telefon alır. Daha sonra o telefonu 800 manata satıb tez bankdakı borcunu bağlayır. Çünki bank onu məhkəməyə verə bilər. Yəni zəncirvari ciddi problemli proseslər gedir. Çox təəssüf ki, dövlət orqanları bunun qarşısını almır. Nazirlər Kabinetinin 94 saylı qərarında bir kəlmə söz var ki, dükanlar nisyə mal verə bilərlər. Bu isə əslində əhalinin soyulmasıdır”.

“Faizsiz kredit” adı altında olan qiymətlərə gəlincə isə iqtisadçı ekspert Vüqar Bayramov bu şərtlərlə təklif edilən malların əslində faizsiz olmadığını dedi: “Bizim monitorinqlər göstərir ki, əksər hallarda satış məntəqələrində faizsiz elan olunan mebellər və digər məhsullar əslində heç də faizsiz deyil. Əksər hallarda həmin malların satılması və kredit müqaviləsinin bağlanmasına dair komisyon haqq tətbiq olunur. Komisyon haqq da nəticə etibarı ilə faizin yaranmasına gətirib çıxarır. Hətta hər hansısa bir mebelin və ya digər əşyaların nağd alışı zamanı da belə faizlər hesablanır. Mal nağd satılırsa, onun nağd dəyəri ilə kreditə verilən dəyəri arasında 20 faiz fərq varsa, bu o deməkdir ki, faiz var. Satan tərəf faizi müəyyənləşdirir və risklərini bu cür sığortalayır. Amma bu, məsələnin başqa tərəfidir. Reallıq isə budur ki, əgər nağd satılan malla kredit formasında verilən malın arasında fərq varsa, buradakı fərq məhz faizdir”.

Günel MANAFLI
Fotolar müəllifindir

Leave A Comment