Vüqar Bayramov: “FED-in qərarından asılı olmayaraq ölkədə dollara tələb artacaq”

Vüqar Bayramov: “FED-in qərarından asılı olmayaraq ölkədə dollara tələb artacaq”

ABŞ Mərkəzi Bankının bu həftəki faiz qərarı öncəsi bazarlarda daha əvvəllər bənzəri görülməmiş bir fikir ayrılığı var. FED ilə istiqraz əməliyyatları aparmaq hüququna malik olan 23 təşkilatdan ikisi, Barclays və BNP Paribas, FED-in çərşənbə günü faiz artıracağını bildirib.

İqtisadçı ekspert Vüqar Bayramov Deyerler.org-la fikirlərini bölüşərkən deyib ki, FED avqust ayında uçot dərəcəsinin artırılacağı ilə bağlı açıqlamaları birmənalı deyil: “Bu günlərdə FED-in yeni toplantısı olacaq. FED avqust ayında uçot dərəcəsinin artırılacağı ilə bağlı açıqlamalar yayırdı. Həmin açıqlamalar hələlik birmənalı deyil. Bunu keçirilən sorğular da təsdiqləyir. Uçot dərəcəsinin sentyabrda artırlmayacağı təqdirdə, dekabr ayındakı iclasda artırılacağı ilə bağlı ümumi bir razılaşma var. Bu eyni zamanda ABŞ-dakı vəziyyətdən asılı olacaq. Nəzərə alaq ki, son məlumatlar bəzi Mərkəzi Bankların ABŞ istiqrazlarını satmağına səbəb olub. Adətən FED uçot dərəcəsini artıran zaman dollarda olan vəsaitlərə ödənişlər artır. Bu baxımdan dollarda olan vəsaitlər cəlbedici olur. Amma ABŞ istiqrazlarının satılması uçot dərəcəsi ilə bağlı ictimaiyyətə məlum olmayan müzakirələrin getdiyindən xəbər verir. Gözlənilir ki, FED-in növbəti iclası fərqli olacaq. Bu fərqlilik heç də özünü yalnız uçot dərəcəsinin artırılması istiqamətində göstərməyə bilər. Bu məsələnin də reallaşması istisna edilmir. Bütün hallarda FED-in qərarı dünya iqtisadiyyatına təsir göstərəcək.

Azərbaycan üçün də FED-in qərarı çox önəmlidir. Mərkəzi Bank hərraclara daxil olub və dollara olan tələb nisbətən sabitləşib. İlin sonuna doğru dollara olan tələbin yüksələcəyini nəzərə alsaq, FED-in qərarı fonunda yenidən dollar qıtlığı yarana bilər. Bu baxımdan Mərkəzi Bank da FED-in qərarlarına çevik reaksiya verməlidir. Bu birbaşa Azərbaycanda da dollara olan tələbin və dollarda saxlanılan ehtiyatların taleyi ilə bağlı olan bir məsələdir. Amma bütün hallarda FED-in hansı qərarı qəbul etməsindən asılı olmayaraq, ilin sonuna doğru ölkədə dollara olan tələbin artması müşahidə ediləcək. Bu halda Mərkəzi Bankın atacağı addım manatın məzənnəsini təyin edəcək”.

Deyerler.org

Leave A Comment