Azərbaycan milyarderlərinin xəsisliyi və Prak Sota nümunəsi

Azərbaycan milyarderlərinin xəsisliyi və Prak Sota nümunəsi

Vüqar Bayramov: “Təəssüflər olsun ki, varlı azərbaycanlılar heç ölkəmizə investisiya qoymaqda maraqlı görünmürlər”

Dünyanın ən varlı iş adamlarının xeyriyyə işlərinə milyardlarla dollar ayırması zaman-zaman mətbuatda işıqlandırılıb. Bu dəfə isə Kamboca vətəndaşı, 4 milyard dollar sərvəti olan biznesmen Prak Sota bu məbləğin demək olar hamısını Kamboca və Vyetnam sərhədində yerləşən 10 min nəfərlik doğma şəhərinin sakinlərinə paylayıb.

Xarici mediada yer alan məlumatlara görə, hər adama 500 min dollara yaxın pul düşüb. Yerli sakinlər bu xəbəri bayram edir, məmurlar isə beynəlxalq aləmə həyəcan təbili çalırlar. Məlumata görə, Kao Nxeek adlanan bu şəhərdə yeganə gözəgəlimli ev olub və gələcək milyarder həmin evdə doğulub. O və şəhər sakinlərinin əksəriyyəti kasıb ailədə böyüyüb. Prak 40 yaşında Kambocanın paytaxtı Pnompenə gedərək universitetə qəbul olub. Onun sözlərinə görə, o, Kaodan elmi dərəcə alan ilk adam olub. 70 yaşında Tailanda gedərək kauçuk satmaq üçün biznes qurub. İşləri yaxşı gedib və onilliyin axırında milyon dollar qazanıb. Bundan sonra, Sota qızıl alverinə də başlayıb və 2014-cü ildə onun varidatı 4 milyard dollar dəyərləndirilib. Bütün pulunu şəxsən kasıblara vermək ideyası onun ağlına 2016-cı ildə, doğma şəhərinə səfəri zamanı gəlib…

Yerli sakinlərin sözlərinə görə, Kaoda orta imkanı olan fermer bu qədər pulu yalnız 500 ilə qazana bilər, yerli sakinlərin əksəriyyəti isə 5 min ilə.

Dünyada bu cür müsbət nümunələr çox olsa da, Azərbaycan vətəndaşları heç vaxt bu qədər şanslı olmayıblar. Azərbaycanın dünya miqyasında tanınan, beynəlxalq reytinqlərdə ilk onluğa daxil olan milyarderləri olsa da, onlar heç zaman həmvətənləri üçün belə bir addım atmayıblar. Sonuncu dəfə belə xeyriyyəçilik addımı böyük mesenat Hacı Zeynalabdin Tağıyev tərəfindən atılıb.

Bu ilin aprel ayında “Forbes” azərbaycanlı milyarderlərin adlarını açıqlayıb. Siyahıda yer alan azərbaycanlılara Vahid Ələkbərov öz 8,9 milyard dollarlıq sərvəti ilə liderlik edir. Ümumilikdə 200 nəfərin adının olduğu milyarderlər siyahısında 5 azərbaycanlının da adı var.

Bakı sakini olan Vahid Ələkbərov 8,9 milyard dollar büdcəsi ilə azərbaycanlılar arasında liderdir. Neftin qiymətinin kəskin düşməsi “LUKoil” şirkətinin rəhbəri Vahid Ələkbərovun gəlirlərinə də təsir edib. Belə ki, o, sonuncu dəfə reytinqdə 6-cı yerdə idisə, indi 9-cu yerdədir.

İkinci və üçüncü varlı azərbaycanlı eyni büdcə ilə 26 və 27-ci yerləri bölüşürlər. Onlar Zarax İliyev və Qod Nisanovdur. Hər ikisinin büdcəsi 1,1 mlrd. dollar azalaraq, hazırda 3,2 milyard dollar təşkil edir.

Keçmiş bakılı Fərhad Əhmədov azərbaycanlılar arasında siyahıda 4-cü, ümumiyyətlə, dünya üzrə reytinqdə isə 51-ci yerdədir. Onun büdcəsi 1,4 milyard dollar qiymətləndirilir. Fərhad Əhmədovun sərvəti ötənilki kimi sabit qalıb.

Nəhayət, Rusiyanın varlılarından biri də bakılı Araz Ağalarovdur. Onun gəlirləri 1,2 milyard dollardır. Araz Ağalarovun sərvəti də 700 milyon dollar azalıb, birdən-birə 9 pillə geriləyərək, həmyerlimiz Rusiyanın ən varlı adamlarının siyahısında 55-ci yerdə möhkəmlənib.

Ümumilikdə, təkcə Rusiyada yaşayan 5 milyarder həmvətənimizin sərvəti 18 milyard dollardan artıqdır. Lakin Azərbaycan vətəndaşları onlardan sərvətlərinin 0,1 faizi həcmində də yardım görməyib.

Yalnız Teymur Əhmədov adına Göyçay “AzNar” konsernin sahibi Azərbaycan əsilli milyarder Fərhad Əhmədov bu ilin əvvəlində 80-dən çox işçisinin bankla olan kredit borcunu bağlayıb. O bunu rəhmətə gedən anasına ehsan niyyəti ilə həyata keçirib.

Bir də “Palmali” Şirkətlər Qrupunun sahibi Mübariz Mənsimov ara-sıra xeyriyyə addımları ilə gündəmə gəlir. Lakin bu yardımların heç biri onların sərvətinin mində birini əhatə etməyib.

Dağ yəhudilərinin yaşadığı Quba rayonunun “Qırmızı qəsəbə”sında doğrulan Zarax İliyev və Qod Nisanov yalnız həmin qəsəbənin imkansız ailələrinə aylıq olaraq yardım edirlər və o ərazinin abadlaşdırılmasına pul ayırırlar.

Bəs görəsən, milyarder həmvətənlərimizin əksərində niyə xeyriyyəçilik hissi yoxdur?

Məsələyə münasibət bildirən iqtisadçı ekspert Vüqar Bayramov dedi ki, inkişaf etmiş ölkələrdə xeyriyyə addımı olaraq vətəndaşlara birbaşa pulun verilməsi deyil, əksinə, onların pul qazanmasına imkan yaratmaq daha məqsədəuyğun hesab edilir: “Milyarderlər adətən öz həmyerlilərinin işləməsi üçün iş yerləri yaradaraq, onların davamlı qazanc əldə etməsini təmin etməyə çalışırlar. Bununla yanaşı, humanitar yardımlar da həyata keçirilir. Bu isə daha çox konkret sosial qruplara edilir. Məsələn, məcburi köçkünlərə, fiziki imkanları məhdud olan şəxslərə sosial yardımlar edilir. Belə yardımlar bir çox hallarda özəl xeyriyyə fondları tərəfindən həyata keçirilir. Burada məqsəd həmin qrupların sosial vəziyyətini yaxşılaşdırmaqdır.

Azərbaycan üçün isə ən məqbul variant odur ki, xaricdə yaşayan və ya ölkə daxilində olan iş adamlarının, imkanlı insanların investisiya qoymasına, iş yerləri yaratmasına şərait yaratmaqdır. Lakin azərbaycanlı iş adamlarının forumunun təxirə salınması da təəssüf doğuran hal idi. İnanmaq istərdik ki, belə bir forum yaxın zamanlarda keçiriləcək. Forumun keçirilməməsinə əvvəldən gözlənildiyi qədər iştirakçılığın olmaması əsas göstərilib. Bu isə o deməkdir ki, hələ də azərbaycanlı iş adamları ölkəyə investisiya qoymaqda maraqlı görünmürlər.

Azərbaycanlı milyarderlərin öz ölkələrinə investisiya qoymamalarının əsas səbəbi odur ki, onların əksəriyyəti İran azərbaycanlılarıdır və Amerikada yaşayırlar. Azərbaycandan çıxan milyarderlərin isə böyük bir qismi MDB və Türkiyə məkanında yaşayır. Təəssüflər olsun ki, həmin azərbaycanlılar heç ölkəmizə investisiya qoymaqda maraqlı görünmürlər. Həmin insanların Azərbaycana investisiya qoymasını təşviq etmək lazımdır. Bu baxımdan, forumun keçirilməsinə ehtiyac var. Postneft dövründə xaricdə yaşayan milyarderlərin ölkəmizə cəlb olunması prioritet olmalıdır. Çünki bu, ciddi maliyyə mənbəyidir. Xaricdə yaşayan azərbaycanlıların investisiyalarına zəmanət verilməsi, onlar üçün əlverişli şərait yaradılması onların ölkəmizə kapital qoymasına gətirib çıxara bilər. Bu mənada dövlət tərəfindən də müəyyən addımlar atılmasına ehtiyac var ki, həmin şəxslərin vətəndaşlarımıza istər birbaşa, istərsə də dolayı yardım etməsi mümkün olsun”.

Nərgiz LİFTİYEVA

Leave A Comment