Azərbaycanda quberniyalar yaradılarsa…

Azərbaycanda quberniyalar yaradılarsa…

Azərbaycanda rayonların ləğv edilərək quberniya idarəçilik sisteminə keçid təklif olunur. Bu təkliflə Milli Məclisin plenar iclasında çıxış edən deputat Fəzail Ağamalı Trend-ə bildirib ki, quberniya idarəçilik sistemi ölkəmiz üçün həm iqtisadi baxımdan daha səmərəli ola bilər, həm də dövlətçiliyin möhkəmlənməsinə xidmət edə bilər.

O qeyd edib ki, quberniyalar idarəçilik sisteminin təkmilləşməsində və daha çevik olmasında çox mühüm rol oynaya bilər:
“Prezident Administrasiyası rayon icra hakimiyyətlərinin hər biri ilə işləyir. Bundan əlavə, rayonların idarəçilik sistemində artıq ştatlar var. Yeni sistemə keçid daha çevik, yığcam idarəçilik sistemi yarada bilər”.

F.Ağamalı hesab edir ki, quberniya idarəçilik sisteminə keçid iqtisadi baxımdan səmərəli ola bilər:

“Quberniyalara bir neçə rayon – 4, 5 və ya 6 rayon birləşə bilər. Elə rayonlar var ki, iqtisadi imkanları güclüdür, amma elə rayonlar da var ki, onların maddi imkanları orta səviyyədədir. Quberniyalar yarananda rayonların iqtisadiyyatını konsolidasiya edərək, onların inkişafını təmin etmək olar, eyni zamanda, əldə olunan vəsaitlə quberniyaların sosial-iqtisadi problemlərini həll etməklə yanaşı, dövlət büdcəsinə müəyyən vəsaitlər ödəmək də olar”.

Deputat vurğulayıb ki, rayon icra hakimiyyətləri sovet dövründən qalan idarəçilik sistemidir: “MDB məkanında olan ölkələrin əksəriyyətində rayon idarəçilik sistemindən imtina edilib və quberniyalar yaradılıb. Bizdə də quberniyalar yaratmaq yaxşı olardı. Biri var 80 rayonu idarə edəsən, biri də var ondan bir neçə dəfə az quberniyanı”.

İqtisadçı ekspert Vüqar Bayramov da rayonların birləşdirilməsinin iqtisadi baxımdan böyük səmərə gətirəcəyi fikrindədir. V.Bayramov Trend-ə bildirib ki, rayonların sayının 10-a qədər azaldılması daha real görünür:

“Azərbaycan ərazi baxımından böyük ölkə deyil. Ona görə də çoxlu sayda rayonların olması əslində, post-neft dövrünün tələbləri baxımından da məqsədəuyğun deyil. Rayonların sayının azaldılmasının birinci əhəmiyyəti ondan ibarətdir ki, bu birmənalı şəkildə bu istiqamətdə büdcə xərclərinin azalmasına səbəb olacaq. Digər vacib məqam isə çevik qərarların qəbul edilməsidir. Yəni, rayonların sayının azaldılması daha çevik qərarların qəbul edilməsinə imkan verəcək. Bu həm də imkan verəcək ki, rayonlar maliyyə baxımından özlərini təmin edə bilsinlər”.

Ekspert hesab edir ki, rayonların birləşdirilməsi biznes mühitinin yaxşılaşmasına, şəffaflığın artmasına, icra hakimiyyəti orqanlarının biznesə müdaxilələrinin minimallaşdırılmasına gətirib çıxaracaq:

“Rayonların birləşdirilməsi həm də investisiya cəlbinə də yardım göstərə bilər. Bu gün rayonların mövcud potensialı ilə xarici investisiyaların cəlb edilməsində çətinliklər yaranır. Rayonların birləşdirilməsi isə xarici investorlar üçün yeni imkanların yaradılması anlamına gəlir. Ona görə də rayonların sayının azaldılması post-neft dövrünün prioritetidir”.
V.Bayramlı hesab edir ki, rayonların birləşdirilməsi quberniya sistemində ola bilər, ərazi vahidi kimi ola və ya iqtisadi vahid formasında ola bilər: “Yəni fərqli formalar ola bilər, amma prinsip eyni qalır. Tutaq ki, rayonlar birləşdirilir, 80 deyil, 10 icra hakimiyyəti olur”.

Leave A Comment