Vüqar Bayramov: “Mərkəzi Bank məzənnə siyasətinə yenidən baxıb dəyişikliklər etməlidir”

Vüqar Bayramov: “Mərkəzi Bank məzənnə siyasətinə yenidən baxıb dəyişikliklər etməlidir”

Dollar bahalaşmaqda davam edəcək: manatı necə qoruyaq…

Azərbaycanın əsas ticarət tərəfdaşları olan qonşu Rusiya və Türkiyədə son günlər milli valyutalar ABŞ dolları qarşısında kəskin dəyər itirib. Səbəb qlobal valyuta bazarlarında Amerika valyutasının bahalaşmas, həmçinin, Türkiyə-Qərb münasibətlərinin gərginləşməsi göstərilir.

Rusiyanın Qərb ölkələri ilə münasibətlərinin gərginləşməsi və son olaraq rus diplomatların bəzi Avropa ölkələrindən geri göndərilməsi rublun dollar qarşısında dəyərsizləşməsinə səbəb olub. Bəs görəsən, Azərbaycan üçün iqtisadi baxımdan əhəmiyyətli olan bu iki ölkədə dolların bahalaşması manatın məzənnəsinə necə təsir göstərəcək?
Onu da qeyd edək ki, dolların dünya bazarında ilin sonunadək möhkəmlənməsi gözlənilir. Çünki ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) güclənən ölkə iqtisadiyyatı fonunda uçot dərəcəsini bir neçə dəfə artıra bilər. Bu il artım tempinin ötənilki ilə müqayisədə daha çox olacağı proqnozlaşdırır. Son nəticədə dolların məzənnəsi kəskin arta bilər.

Bundan başqa, ABŞ Prezidenti Donald Trampın vergi islahatları və gömrük rüsumlarının artırılması ilə bağlı qərarları da dolların bahalaşmasına xidmət edir. Nəticədə il ərzində dünya bazarında bahalaşan manat dollara da təzyiqləri artıra bilər. Belə olan halda manatın məzənnəsində kəskin ucuzlaşma mümkündümü? Bunun olmaması üçün Mərkəzi Bank nə etməlidir?

İqtisadçı ekspert Vüqar Bayramov “Yeni Müsavat”a bildirdi ki, iki qonşu ölkədə dolların bahalaşması manata da təzyiqi artıra bilər: “Türkiyədə lirənin dəyərdən düşməsi birbaşa bu ölkə ilə Qərb arasındakı münasibətlərin gərginləşməsi, eyni zamanda ticarət müharibəsinin Türkiyəyə təsir etməsi ilə bağlıdır. Artıq dünyadakı ticarət müharibəsi bir çox ölkələrə, o cümlədən Türkiyəyə təsir göstərir ki, bu da nəticə etibarilə lirənin dəyərsizləşməsinə səbəb olub. Bu kontekstdə biz eyni zamanda Rusiya rublunun məzənnəsində ucuzlaşma müşahidə edirik. Bu isə Amerikanın Rusiyaya qarşı sanksiyaları genişləndirməsi, eyni zamanda Böyük Britaniyadan sonra digər Avropa ölkələrinin Rusiya diplomatlarını geri göndərməsi bütövlükdə qonşu ölkə ilə Qərbin münasibətlərindəki gərginliklər bağlıdır”.

İqtisadçının sözlərinə görə, FED-in faiz dərəcələrini artıracağı ilə bağlı gözləntilərin də Azərbaycan valyuta bazarına təsiri ola bilər: “FED-in qərarı qlobal səviyyədə həm iqtisadi həm psixoloji təsirlərə malikdir. Azərbaycan üçün də FED-in qərarının psixoloji təsirləri var və bazarlara təsir göstərir. Bütün hallarda manatın məzənnəsinin növbəti dövrlərdə necə dəyişməsi qlobal faktorlarla bağlı olacaq. Burada birmənalı şəkildə neftin dünya bazarındakı qiyməti önəmli olacaq. Çünki Azərbaycan ixracatının hələ də təxminən 85 faizini enerji məhsulları təmin edir ki, bu da ölkəyə daxil olan valyutanın həcmində enerji sektorunun dominant rol oynamasından xəbər verir. Nəticədə neftin qiyməti manatın məzənnəsi üçün çox vacibdir. Sözsüz ki, Rusiya qeyri-neft ixracatı ilə bağlı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. 1,5 milyard dollarlıq qeyri-neft ixracatımızın təxminən 530 milyon dolları Rusiyanın payına düşür. Türkiyə qeyri-neft ixracatında ikinci əsas ticarət tərəfdaşımızdır. Hər iki ölkənin milli valyutasının ucuzlaşması manata təzyiqi artırır. Çünki nəticə etibarilə bu qeyri-neft ixracatımız baxımından arzuolunan deyil. Ona görə də, qonşu ölkələr olan Rusiya və Türkiyədə milli valyutaların məzənnəsi manatın kursu baxımından arzuolunan deyil”.

Vüqar Bayramov onu da vurğuladı ki, manatı gələcəkdə kəskin devalvasiyaya uğramaqdan sığortalamaq üçün məzənnənin müəyyən interval daxilində dalğalanmasına şərait yaratmaq lazımdır: “Ancaq yenə də Mərkəzi Bankın mövqeyi həlledicidir. AMB hələ də manatın məzənnəsinin müəyyənləşməsinə əsas rola malik olan qurumdur. O baxımdan növbəti dövrdə manatın məzənnəsinin necə dəyişməsi Mərkəzi Bankın mövqeyindən asılı olacaq. Biz təklif edirik ki, Mərkəzi Bank üçün müəyyən bir interval olsun. AMB-nin məzənnəni stabil olaraq 1.70 müəyyənləşdirməsi, faktiki olaraq son 1 ildə bazarda məzənnə intervalının olmaması psixoloji baxımdan heç də arzuolunan deyildi. Təbii ki, məzənnənin stabil olması yaxşı bir haldır. Ancaq müəyyən interval daxilində stabilləşməsinə və valyuta bazarının bunu uyğunlaşdırmasına çox ehtiyac var. Məsələn, Rusiyada bu praktikadan daha çox istifadə olunur. Ancaq Azərbaycan praktikasında daha çox ”fiks” rejim müəyyənləşdirdi. İntervalın olması isə imkan verərdi ki, bazar proseslərə adekvat reaksiya verə bilsin. Belə olan halda hər hansı qlobal dəyişiklik zamanı bazarın kəskin reaksiyası olmazdı. Ona görə də düşünürəm ki, Mərkəzi Bank da məzənnə siyasətinə yenidən baxıb dəyişikliklər etməlidir. Çünki çevik məzənnənin olması, heç də böyük olmayan interval daxilində kursun dəyişməsinə ehtiyac var. Ki, manat da buna çevik reaksiya verə bilsin və bu tip reaksiyalar bazardakı tarazlığa mənfi təsir göstərməsin”.
Nərgiz LİFTİYEVA,
“Yeni Müsavat”

Leave A Comment