Azərbaycan Xalq Cümhuriyyətinin İqtisadiyyatı

Azərbaycan Xalq Cümhuriyyətinin İqtisadiyyatı

Bu gün cəmi 23 ay yaşayan, amma Azərbaycan tarixində silinməz yerə malik olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyini qeyd edirik. Məmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Əlimərdan bəy Topçubaşov, Əli bəy Hüseynzadə və başqa vətənpərvər istiqlalçıların 100 il öncə qurduqları və Şərqdə ilk demokratik respublika olan yubleyini qürurla qeyd etdiyimiz AXC qısa müddət yaşasa da iqtisadi baxımdan da tariximizə daxil olan islahatlar ilə yadda qaldı. O zaman da Azərbaycan iqtisadiyyatında neft sektoru dominant idi. Amma o zaman Rusiyadakı inqliab şimal qonşumuza neft ixracatımızda çətinliklər yaradırdı və nəticədə bu AXC-nin dövlət gəlirlərinin azalmasına səbəb olurdu. Belə şəraitdə AXC neft ixracatında bazarlarına şaxələnməsinə nail olaraq Avropa ölkələrinə daha çox enerji məhsulları göndərməyə başladı. Milli valyuta dövriyyəyə buraxılan cümhuriyyətimizdə öncə yalnız lirəyə konverstasiya edilən manatın qısa müddətdə hətta Avropa valyutalarına da nisbətən məzənnəsi müəyyənləşdirdi. AXC dövründə iqtisadi islahatlar iqtisadiyyatın diversifikasiyasına xidmət etməklə yanaşı özəl sahibkarlığın formalaşmasına səbəb olurdu. Qısa müddətdə iqtisadiyyatın əsas lokomotivi olan maliyyə-bank sektorunun inkişafını təşviq edən islahatlara başlanıldı. Nəticədə, Azərbaycan bank sektoruna özəl banklar daxil olmağa başladılar. AXC ixracatın şaxələndirilməsi və yerli istehsalın genişləndirilməsi istiqamətində islahatlara başladı. Təhsil sektorunun inkişafı və Azərbaycanlı gənclərin Avropa ölkələrində təhsilinin maliyyələşdirilməsi isə insan kapitalının inkişafına xidmət edirdi. Xarici sərmayənin cəlb edilməsi üçün qanunvericiliyin formalaşması və təkmilləşdirilməsi də islahatların dəstəklənməsinə imkan yaradırdı. Gömrük və vergi sisteminin formalaşması dövlət gəlirlərinin artmasına şərait yaradırdı. Çox təəssüf ki, Rusiya işğalı iqtisadi islahatların davam etdirilməsinə imkan vermədi. Bununla belə, 100 il sonra biz AXC dövrünü yalnız qürur tariximiz kimi deyil, həmçinin iqtisadiyyatın şaxələnməsi ilə bağlı islahatların aparıldığı şanlı dövr kimi xatırlayırıq. Məmməd Əmin Rəsulzadənin “Bir kərə yüksələn bayraq bir daha enməz” tarixi sözləri ilə bayramınızı təbrik edirəm: Cümhuriyyətimiz əbədi olsun!

Vüqar Bayramov
İqtisadçı Alim

Leave A Comment