Sosial ipoteka üzrə faizlər 2 dəfə aşağı salınacaq

Sosial ipoteka üzrə faizlər 2 dəfə aşağı salınacaq

Hökumət İSİM-in təklifləri əsasında ipoteka proqramına dəyişikliklər edir

Gənclər və İdman Nazirliyi sosia ipoteka kreditlərinin verilməsi şərtlərinin tezliklə dəyişdiriləcəyi və kreditlər üzrə faiz dərəcələrinin 2-dək azaldılmasını və maksimum məbləğin artırılacağını bildirib. Xatırladaq ki, bir az öncə Nazirlik kreditlər üzrə faiz dərəcələrinin sıfıra endirilməsi təklifi ilə çıxış etmişdi. İqtisadi və Sosial İnkişaf Mərkəzi (İSİM) isə bu ideyaya qarşı çıxıraq faiz dərəclərinin 2 dəfə azaldılması və bununla yanaşı kreditləşmə sisteminə kordinal dəyişikliklərin edilməsini təklif edirdi.

Nazirliyin son açıqlamasını şərh edən İSİM rəhbəri Vüqar Bayramov bildirib ki, son rəsmi açıqlamalar məhz hökumətin İSİM-in təklifləri əsasında öz ideyasına dəyişiklik etdiyini göstərir: “Hökumətin bizim beyin mərkəzinin təkliflərini nəzərə alması müsbət haldır və İSİM-in hazırladığı digər təklfilər əsasında kreditləşmə mexanizminin tamamilə təkmilləşdirilməsi olduqca vacibdir”.

Vüqar Bayramov bildirib ki, sosial ipoteka kreditlərinin verilməsi prosesində bürokratik əngəllər çoxdur. Bankların əksəriyyətində süründürməçiliyə yol verilir. Həmçinin ipoteka krediti alan gənclərdən 16 sənəd tələb olunur. Bununla da Azərbaycanı dünya ipoteka tarixində gənclərə verilən ipoteka kreditləri üzrə ən çox sənəd tələb edən ölkə hesab etmək olar. Həmin sənədlər arasında elələri var ki, onların tətbiqi kifayət qədər absurd görsənir. Proqrama əlçatanlığı təmin etmək üçün sənədlərin sayı azaldılmalıdır”.

İqtisadçının sözlərinə görə, ipoteka kreditlərinin verilməsi prosesi elektronlaşdırılmalıdır: “Əks halda bir sıra banklarda süründürməçilik, qeyri-rəsmi ödənişlərin tələb edilməsi halları artacaq. İpoteka kreditlərinin indiki verilmə şərtləri ilə bu korrupsiyanın qarşısını almaq mümkün deyil. Qiymətləndirmələrimiz göstərir ki, hazırkı mexanizm dəyişdirilmədən, elektron ipoteka tətbiq edilmədən faizsiz kreditlərin verilməsinə başlanılardısa, o zaman bu, ipoteka proqramında korrupsiyanın həcmini artıracaq. Buna görə də, biz sıfır faizli ipotekanın məqbul hesab etmirdik”.

İqtisadçının sözlərinə görə, ipoteka kreditlərinin verilməsi prosesi elektronlaşdırılmalıdır:“Əks halda bir sıra banklarda süründürməçilik, qeyri-rəsmi ödənişlərin tələb edilməsi halları artacaq. İpoteka kreditlərinin indiki verilmə şərtləri ilə bu korrupsiyanın qarşısını almaq mümkün deyil. Qiymətləndirmələrimiz göstərir ki, hazırkı mexanizm dəyişdirilmədən, elektron ipoteka tətbiq edilmədən faizsiz kreditlərin verilməsinə başlanılardısa bu, ipoteka proqramında korrupsiyanın həcmini artıracaqdı”.

Bir sıra banklarda ipoteka kreditlərinin verilməsi prosesində korrupsiya elementlərinə rast gəlindiyini deyən V. Bayramov bildirir ki, nə İpoteka Fondu, nə də Mərkəzi Bank belə hallara qarşı ciddi mübarizə aparmır: “Korrupsiyanın aradan qaldırılması istiqamətində ciddi mexanizmlər də yoxdur”.

Ekspert bildirib ki, kreditlərin verilməsi ilə bağlı olan əsas problemlərdən biri ipoteka kreditləşməsinin, fondunun maliyyə mənbələrinin məhdud olmasıdır. Baxmayaraq ki, ölkə prezidentinin 2005-ci ildə Azərbaycanda ipoteka sisteminin yaradılması və inkişafı haqqında imzaladığı sənəddə xüsusi qeyd olunur ki, Mərkəzi Bank ipoteka kreditləşməsinin, maliyyə mənbələrinin gücləndirilməsi, eləcə də bütövlükdə kreditləşmə sisteminin inkişafı üçün digər mənbələrdən, sığorta şirkətlərinin kreditlərin verilməsinə cəlb edilməsi yolu ilə maliyyə mənbələri genişləndirilməlidir. Amma çox təəssüf ki, İpoteka Fondu bununla bağlı əsaslı fəaliyyət həyata keçirə bilməyib”.

Azərbaycandakı vəziyyətlə xarici ölkələri müqayisə edən Vüqar Bayramov vurğulayıb ki, Azərbaycandan həm ərazi, həm də əhali baxımdan kiçik olan Litvada Dövlət İpoteka Fondunun nizamnamə kapitalı 2,5 milyard dollardır. Həmin məbləğin 90 faizi dövlət büdcəsindən kənar mənbələr hesabına formalaşan vəsaitlərdir.

İpoteka kreditlərində ən böyük problemlərdən birinin faiz dərəcələrinin yüksək olmasıdır deyən iqtisadçı, adi ipoteka kreditlərinin faiz dərəcəsinin 8 faiz olduğunu diqqətə çatdırıb: “Bu o deməkdir ki, 50 min manatlıq kredit götürən vətəndaş 25 il müddətində, yəni kreditin qaytarıldığı dövrdə təxminən aldığı puldan 2,5 dəfə çox kredit qaytarmalıdır. 50 min manatın qarşılığında 125 min manat vəsait ödəməlidir. Bu da kifayət qədər böyük məbləğdir. Nəzərə alsaq ki, Avropa ölkələrində ipoteka kreditləri 4 faizdən yuxarı verilmir. Hətta qonşu Türkiyədə adi ipoteka kreditlərinin faiz dərəcəsi 3,7 faizdir. Azərbaycanda da bu kreditlərin faiz dərəcəsinin azaldılmasına ehtiyac var. Faizin yüksək olması adətən, orta və aztəminatlı insanlara ipoteka kreditləşməsindən faydalanmağa imkan vermir. Burada digər problem ondan ibarətdir ki, tələb olunan əmək haqqı məbləği olduqca yüksəkdir. Bu gün praktik olaraq ipoteka krediti almaq üçün 700 manat və ya daha çox əmək haqqı tələb olunur. Bu rəqəm isə Azərbaycandakı orta aylıq əmək haqqından iki dəfə çoxdur”.

Azərbaycanda mənzillərin qiymətinin qonşu ölkələrlə müqayisədə xeyli yüksək olmasına münasibət bildirən ekspert qeyd edib ki, Bakıda mənzillərin qiyməti Çexiyanın paytaxtı Praqadakı mənzillərin qiymətindən təxminən 40 faiz bahadır, Qərbi Avropada yerləşən Vyana şəhərindəki mənzillərin qiyməti ilə eynidir.

Mütəxəssis ipoteka kreditlərinin maksimum məbləğinin dəyişdirilməsini də mühüm sayır. Onun fikrincə, proqramın əmlak bazarına təsir etməməsinin əsas səbəbi maksimum məbləğin yüksək olmamasıdır: “Adi ipoteka kreditləri 50 min manat, sosial ipoteka kreditləri 35 min manatdır. Hər iki məbləğ əmlak bazarında canlanma yaratmır. Təklif edirik ki, sosial ipoteka kreditlərinin maksimum məbləği 50 min manata, adi ipoteka kreditlərinin maksimum məbləği isə 70 min manata çatdırılsın. Növbəti mərhələlərdə fondun gəlirlərindən, eləcə də dövlət büdcəsindən ayırmalardan asılı olaraq bu rəqəmlər dəyişdirilə də bilər”.

Vüqar Bayramov Bakıda mənzillərin baha olmasını süni qiymət artımı ilə əlaqələndirib: “Nəzərə alsaq ölkədə əhalinin orta aylıq əmək haqqı 380 manata yaxındır, mənzillərin isə hər kvadratmetrinin orta qiyməti 450-500 manatdır. Bu o deməkdir ki, bu gəlirlə çalışan vətəndaşın mənzil alması qeyri-realdır. Süni qiymət artımının bir çox səbəbləri var. Birincisi ondan ibarətdir ki, sahibkarların banklardan götürdükləri kreditlər üzrə faiz dərəcələri yüksəkdir. İkinci isə sahibkarlar hündürmərtəbəli binalar inşa etdikləri zaman qısa vaxt ərzində daha çox gəlir əldə etməyi çalışırlar. Bu baxımdan kifayət qədər yüksək qiymətlərlə mənzilləri satışa buraxırlar. Digər səbəb onunla bağlıdır ki, sahibkarlar qeyri-rəsmi ödənişlər də edirlər. Bu da mənzillərin xərclərinin artmasına gətirib çıxarır”.

İqtisadçı eyni zamanda sosial ipoteka krediti almaq hüququ olanların strukturunun dəyişdirilməsini bir sıra peşə sahiblərinin və eləcə də jurnalistlərin bu növ kreditlərdən yararlanmasına imkan verilməsini məqbul hesab edir.

Qeyd edək hazırda Azərbaycanda dövlət vəsaiti hesabına ipoteka kreditləri illik 8 faiz, sosial ipoteka kreditləri isə 4 faizlə verilir. Rəsmi statistikada 2006-cı ildən bu tərəfə 248,1 milyon manat ipoteka kreditinin verildiyi göstərilməsinə baxmayaraq, nə qədər gənc ailənin mənzilə ehtiyacının olması hələ də dəqiq məlum deyil. Nazirliyin təklif etdiyi dəyişikliklər isə gənc alimləri, Milli Qəhrəmanlar və onların ailə üzvlərindən olan gəncləri, beynəlxalq aləmdə yüksək nəticələr qazanan idmançıları, dövlət qulluğunda çalışan gəncləri, qaçqın və məcburi köçkün ailələrindən olan istedadlı gəncləri nəzərdə tutur.

 

Leave A Comment