Kartlaşa bilməyən Azərbaycan

Kartlaşa bilməyən Azərbaycan

Oğurluğun və korrupsiyanın aradan qaldırılmasında növbəti addım

Orxan adlı dostum avtomobil almaq istəyirdi. Neçə vaxt idi arzusunu reallaşdırmaq üçün pul yığırdı. Amma o bu arzusunu reallaşdıra bilmədi. Uzun müddətdir yığdığı pul maşın almaq üçün avtomobil salonuna gedərkən müəmmalı şəkildə itdi…

Lakin o, avtomobilin pulunu nağd deyil, kart vasitəsilə ödəməli olsaydı, bu hadisə də baş verməzdi. Çünki, nağd pul oğurlana və itə bilər. Kredit kartı, yaxud digər plastik kartlarında saxlanılan pullar müəyyən mənada etibarlı olur. Plastik kart itsə belə, müştəri onu bağlatdıra və yenisini ala bilər. Bundan əlavə, dükandan alış-veriş edərkən arada qalan qəpiklər nağd pul ilə ödəniş edərkən itir. Amma nağdsız ödənişdən istifadə zamanı hər bir qəpik öz dəyərini saxlayır və yığılaraq manata çevrilir. Nağdsız ödənişdən istifadə həm pulun etirablı saxlanılmasına və həm də iqtisadiyyatda inflyasiyanın baş verməsinin qarşısını alır.

İnkişaf etmiş ölkələrdə 90, Azərbaycanda isə 15 faiz nağdsız ödənişdən istifadə edilir

Heç təsadüfi deyil ki, dünyanın inkişaf etmiş ölkələrində insanların 80-90 faizi ödəniş edərkən plastik kartlardan istifadə edir. Amma Azərbaycanda bu göstərici 12-15 faiz arasında dəyişir. Apardığımız müşahidələrə əsaslansaq, deyə bilərik ki, Bakıda nağdsız ödəmələrdən çox az istifadə edilir. Heç buna şərait də yoxdur.

Hələ də pos-terminaldan, plastik kartların nə olduğunu bilməyənlər var

Bakıda yalnız bəzi supremarketlərdə, böyük otellərdə pos-terminallar quraşdırılıb. Kiçik dükanların çoxunda isə ümumiyyətlə bu barədə anlayışı olmayanlar var.

“Pos-terminal nədir? Axı alıcının pulunu sonradan necə ala bilərik?”, – deyə soruşan satıcılarla yanaşı, ümumiyyətlə plastik kartlardan istifadə edə bilməyən vətəndaşlar da var. Amma bəzi yerlərdə quraşdırılan pos-terminallardan az da olsa istifadə edənlər var. Ötən illərə nisbətən isə bu bir qədər artıb. Plastik kartlara maraq Azərbaycanda pos-terminalların sayının artmasına da səbəb olub.

Bakıdakı pos-terminalların sayı artır

Mərkəzi Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, hər ay Bakıda və regionlarda quraşdırılan pos-terminalların sayı artır. 2006-cı ildə Bakıdakı pos-terminalların sayı 1719, regionlarda isə 351 ədəd idi. Hazırda isə pos-terminalların sayı 11272 ədəd olub. Onların 10306-sı Bakı şəhərində, 966-sı isə digər regionlarda yerləşir. Statistikaya görə, bir ayda pos-terminalda edilən əməliyyatın həcmi 3370,9 manata bərabər olub.

Nağdsız ödəmələrdən istifadə vergidən yayınma hallarını aradan qaldırır

Vergilər Nazirliyindən də post-terminallarının sayının artdığı bildirilir. Nazirliyin mətbuat xidmətinin əməkdaşı Şahin Məmmədov ANS PRESS-ə açıqlamasında bu ilin əvvəlindən ölkəmizdə fəaliyyət göstərən ticarət və xidmət sahələrində pos terminalların quraşdırılması işinin daha da sürətləndirildiyini bildirdi. Vergilər Nazirliyi, Mərkəzi Bank bu ilin ilk 6 ayında təkcə Bakı şəhərində 3 mindən artıq yeni pos-terminal quraşdırıb.

“Əslində nağdsız ödəniş həm də Dövlət Büdcəsinə müsbət mənada təsir edir. Nağdsız ödəmələr zamanı vergilərdən yayınmaq halları da azalar”, – deyə Şahin Məmmədov vurğuladı.

İqtisadçı ekspert Xalid Mikayılov da nağdsız ödəmələrə keçidin bir çox üstün cəhətlərinin olduğunu deyir. “İnkişaf etmiş ölkələrdə dükan, bazar, otel və restoranlarda ödənişlər plastik kartlar vasitəsilə aparılır. Hər bir ticarət obyektində post-terminallara rast gəlmək olar. Orada nağd pulu çox nadir hallarda qəbul edirlər. Bu da, oğurluq hadisələrinin qarşısını almaq üçün ən etibarlı addımdır”.

Nağdsız ödəmə vaxta və büdcəyə qənaətdir

Ekspert plastik kartlarla ödəmələr zamanı həm vaxta, həm də pula qənaət edildiyini deyir. “Post terminallara ödəniş edəndə artıq qalan qəpik balansda cəmlənir. Hesabda qalan qəpiklər itmir və üst-üstə yığılır. Bəzən xidmət, yaxud satış obyektinin öz bonus siyasəti ola bilər. Məsələn, hər alış-verişdə müəyyən endrimlər edilə bilər”.

X.Mikayılov nağdsız ödənişin tətbiqinin Mərkəzi Bankın fəaliyyətini yüngünləşdirdiyini, həm də inflyasiyanın qarşısını aldığını deyir. Kartlardan istifadə zamanı xidmət haqqına görə faizlərin tutulmasına gəlincə, artıq xarici ölkələrdə bu problem həll edilib. Çünki kartlara mərkəzləşdirilmiş şəkildə nəzarət edilir. Müştəri istənilən kartla ödəniş aparır və buna görə əlavə pul tələb olunmur.

“Sahibkarlar da burada maraqlı olmalıdırlar ki, müştərilər əlavə pul itirməsinlər”, – deyə Xalid Mikayılov bildirdi.

Plastik kartlardakı hesablar necə qorunur?

Hesabların qorunmasına gəlincə, burada məsuliyyət bankların üstünə düşür. “Banklarda xüsusi proqram təminatları mövcuddur. Bu proqram vasitəsilə banklar öz müştərilərinin hesablarına nəzarət edə bilir və müştərilərə də öz balansını yoxlamasına yardımçı ola bilirlər. İnanmıram ki, bank işçisi tərəfindən bu prosesə müdaxil olunsun. Çünki orada bu sistemə bir işçi deyil, bir neçə nəfər nəzarət edir”, – deyə ekspert dedi.

Ekspert bu sistemə hakerlər tərəfindən müdaxilə edilə biləcəyini istisna etmir.

Beynəlxalq Bankın mətbuat xidmətinin rəhbəri Rauf Ağayev isə ANS PRESS-ə açıqlamasında burada məsuliyyətin bankların üstünə düşdüyünü bildirdi.

“Əslində ödənişin plastik kartlarla aparılması bank üçün çox vacibdir. Əgər bankın plastik kartından istifadə edilirsə, onda həmin banka etibar möhkəmdir. Amma nağdsız ödənişlər zamanı aldatma faktları da istisna deyil. Pul ödəmə zamanı əməliyyat bir neçə dəfə aparıla bilər. Çek müştəriyə bir dəfə verilə bilər və məbləğ gizlədilər. Hakerlərin müdaxiləsi və başqa səbəblərdən də hesaba müdaxilə edilə bilər. Əgər həqiqətən də müştərinin təqsiri ucbatından hesabdan pul vəsaitinin itmədiyi təsdiqlənərsə, bank o məbləği müştəriyə qaytarır”, – deyə Rauf Ağayev vurğuladı.

Rauf Ağayev plastik kartlarla ödəniş zamanı bankın qazancının tutulan faizlərdən gəldiyini deyir. Faizlər müştəridən yox, ticarət obyetklərindən tutulur.

Sonda Rauf Ağayev 2012-ci ildə “Evrovision” müsabiqəsinin Bakıda keçirilməsini əsas gətirərək, nağdsız ödənişlərin daha da inkişaf etdirməyin vacib olduğunu bildirdi.

Plastik kartlardakı balansa necə nəzarət etmək olar?

Plastik kartlarda hesaba nəzarət etməyə gəlincə, Milli Kart Prosessinq Mərkəzinin mətbuat xidmətinin rəhbəri Elnur Məmmədov ANS PRESS-ə açıqlamasında bunun bir neçə yolu olduğunu dedi.

“Müştərinin istəyilə telefon nömrəsinə məlumat SMS gələ bilər. Bu zaman müştərinin hesabında hansısa əməliyyat edildikdə, bu onun telefonuna SMS şəklində gəlir. SMS-in qiyməti 10 qəpik civarındadır. Yaxud, müştəri kartın məxsus olduğu banka gedərək, hesab cədvəlini tələb edə bilər. Bundan başqa, o, bankomat vasitəsilə balansını yoxlaya bilər”.

Elnur Məmmədov nağdsız ödəmələrə keçməyə kömək məqsədilə prezident İlham Əliyevin də xüsusi sərəncamının olduğunu bildirdi. Bundan sonra bu sistemə marağın artdığını deyən E.Məmmədov hazırda ölkədə 1 milyon 800 min plastik kartın olduğunu deyir.

Ziya Babayev

 

Leave A Comment