İSİM “Azərenerji”nin ARDNŞ-ın tabeliyinə verilməsi təklifini irəli sürür

İSİM  “Azərenerji”nin  ARDNŞ-ın tabeliyinə verilməsi təklifini irəli sürür

Vüqar Bayramov: “Hazırki idarəetmə sistemi ilə ASC-nin növbəti illər üçün  nəinki payız-qış mövsümünə, yaya belə hazır olması sual doğurur”

Son günlər paytaxta  elektrik enerjisinin verilişində fasilələr müşahidə edilməkdədir.Xüsusilə qarın yağması ilə əhalinin işıqsız qalması prosesi  paralelləşib. Fasilələrin hansı səbəbdən yaranmasına dair  rəsmi açıqlama olmasa da adətən  belə hallar  naqillərdəki nasazlıqla izah edilir. Baxmayaraq  ki, enerji  sektoru ən çox investisiya yönəldilən sahələrdən biridir. O cümlədən  1 kVt/s  elektrik enerjisi vətəndaşlara  heç də ucuz başa gəlmir.

Xatırladaq  ki,  2007-ci ildə elektrik enerjisinin topdansatış və pərakəndə qiymətlərinin artırılmasından sonra 1 kVt/s  elektrik enerjisi üçün  0,043 manat (üç dəfə artım), bütün  qrup istehlakçılar üçün  0,06 manat (əhali üçün üç dəfə, büdcə və sənaye obyektləri üçün 2,3 dəfə, kommersiya obyektləri üçün 20 faiz artım) qiymət müəyyən edilib. O zaman bahalaşma subsidiyaları  azaltmaqla dövlət büdcəsini yükdən azad etmək,eləcə də  əhalini keyfiyyətli enerji ilə təmin etməklə əsaslandırılmışdı. Maraqlıdır ki, ötən müddət ərzində nə subsidiyalar azalıb, nə də əhali keyfiyyətli enerji ilə təmin olunub.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramovun qənaətinə görə, AzərenerjiASC nəinki qışa, payıza belə hazır deyil: “Bakı şəhərinin və bölgələrin elektrik sisteminin yenidən qurulması istiqamətində ayrılan vəsaitlərin həcminin çox olmasına baxmayaraq, reallıqda bu sahədə ciddi problemlər mövcuddur. “Azərenerji”   tempraturun bir neçə dərəcə düşməsinə belə hazır deyil”.

Enerjinin istehlak  qiymətləri ilə paralel bu sahəyə ayrılan subsidiyalar da artıb

İqtisadçı “Azərenerji”yə və “Bakıelekrikşəbəkə” yə büdcədən ayrılan vəsaitlərin həcminin ildən-ilə şişdiyini deyir: “2007-ci ilədək Azərenerjiyə dolayı subsidiyalar verilirdi. Enerji qiymətləri 3 dəfə artırılarkən əsas arqument kimi borca görə yaranan dolayı subsidiyaların aradan qaldırılması gətirildi. Hökumət bildirirdi ki, dolayı subsidyaların qalması yanacaq-energetika sektorunda şəffaflığa ağır zərbədir. Maraqlıdır ki, 2007-ci ildəki bahalaşmadan sonra bu sahəyə ayrılan vəsaitlərin həcmi artırılıb. 2007-ci ildə ”Azərenerji”yə 116,8 mln, 2008-ci ildə 318,1 mln, 2009-cu ildə 240,5 mln, 2010-cu ildə 72 mln manat vəsait ayrılıb.  4 il ərzində “Azərenerji”yə 747 milyon manat  verilib.

“Bakıelektrikşəbəkə” yə  isə büdcədən  2007-ci ildə 57,9 milyon manat, 2008-ci ildə 120 milyon manat, 2009-cu ildə 50 milyon manat, 2010-cu ildə 55 milyon manat vəsait ayrılıb. Enerji sektoru Prezidentin Ehtiyat Fondundan da pay alıb. Belə ki, 2008-ci ildə fonddan bu sektora 15 milyon manat yönəldilib. 2009-cu ildə “Azərenerjiy”ə 1 milyon  manat nəzərdə tutulub”.

Xarici borcların 1 431, 60 mln dolları elektrik enerjisinə yönəldilib

V.Bayramov bu sahəyə yönəldilən xarici kreditlərin həcminin də  kifayət qədər ciddi rəqəmlərlə ifadə edildiyini söyləyir: “ 2010-cu ildə enerji sektoru üçün  alınan xarici kreditlərin ümumi kreditlərdə payı 38,31 faiz olub. Maliyyə Nazirliyinin ötən ilin okrtayb ayının 1-nə olan məlumata görə, ölkənin xarici borcu 3736,8 mln dollar təşkil edib. Bu vəsaitin 1 431, 60 mln dolları elektrik enerjisinə yönəldilib”.

Azərenerjinin 8 iri vergi ödəyicisindən biri hesab edildiyini xatırladan iqtisadçı  bununla belə ASC-nin hər il büdcəyə borclu qaldığını deyir: “ 2008-cu ildə dövlət büdcəsinə 102 milyon manat, 2009-cu ildə isə 130 milyon manat ödəniş edib. Halbuki, statistikaya əsasən 2008-ci ildə Azərenerji21.2 milyard kilovat\\saat elektrikenerjisi hasil edib. Onun 18,8 milyard kilovat\\saatını müəssisə və əhali qurpuna satıb. 2009-cu ildə 18,6 milyard klovat\\saata yaxın enerjinin istehsal edilib, 6,7 milyard kilovat\\saatın satışı həyata keçirilib. Təkcə bu iki ilin elektrik enerji satışını nəzərə alsaq, qurumun ildə təxminən 1 milyard manata qədər vəsait əldə etdiyini görərik.Lakin  Nazirlər Kabineti bir neçə dəfə “Azərenerji”nin daxili borclarının silinməsi ilə bağlı qərar qəbul edib. Hansıki bu da  “Azərenerji”yə dolayı olaraq maliyyə vəsaitinin verilməsi kimi də dəyərləndirilə bilər”.

 

“Azərenerji”nin statusuna yenidən baxılmalıdır

İSİM rəhbərinin fikrincə, yığımlari nəzərə alınmadan son 4 ildə enerji sektoruna yönəldilən vəsaitlə ölkənin enerji sistemini beynəlxalq standartlara uyğunlaşdırmaq mümkün idi: “Vəsaitlərin xərclənməsindəki qeyri şəffaflıqlıq bu sahədə manitorinqlərin aparılmasını gündəmə gətirir. “Azərenerji”də hazırkı idarəetmə sisteminin təhlili olduqca vacibdir. Ümumiyyətlə son qısaqapanmalar “Azərenerji”nin statusuna baxılması məsələsini, instusional dəyişikliklərin aparılmasını  vacib edir”.

Enerji sektorunda idarəetmə sisteminin mərkəzləşdirilməsini məqsədəuyğun hesab edən V.Bayramov “Azərenerji”nin ləğv olunaraq Neft Şirkətinin tabeliyinə verilməsi təklifini irəli sürür: “Bu daxili enerji siyasətinin mərkəzləşdirilməsinə imkan verəcək. Eyni zamanda idarəetmənin effektivliyini artıracaq, “Azərenerji”nin saxlanma xərclərinin, büdcədən ayrılan subsidiyaların azalmasına  gətirib çıxaracaq”.

Comments
One Response to “İSİM “Azərenerji”nin ARDNŞ-ın tabeliyinə verilməsi təklifini irəli sürür”
  1. Ruslan says:

    Mən bu təklifi bəyənirəm və dəstəkləyirəm. Çünki qaz sektorunun SOCAR-a verilməsindən sonra qaz satışında xidmətin yüksəlməsi aydın hiss olunmağa başladı. Ən sadə nümunə – hər sezon əvvəli gəlib evlərdə qaz və qaz avadanlıqlarının sazlığını Fövqəladə hallar nazirliyinin əməkdaşları ilə birgə yoxlayır, məsləhət verir və heç bir korrupsiya halı güdmədən qanunsuz hərəkətlərin qabağını alırlar. Bunu mən bir iqtisadçı kimi yox, bir sakin kimi deyirəm.

Leave A Comment