Necə edək ki, evimiz yıxılmasın?

Necə edək ki, evimiz yıxılmasın?

 

2008-ci il idi, Bakının Yasamal sakini Zülfiyyə Qurbanova məhşur “Gen” MMC-nin ofisindən çıxanda çox sevinirdi. Bəs nə, telekanallarda, qəzetlərdə, hər gün reklamı gedən bir şirkətdən mənzil almağa müqavilə bağlamışdı. Sadə jurnalist olan Zülfiyyə, MİS-də santexnik işləyən həyat yoldaşı ilə birlikdə 15 il idi ki, qəpiyi qəpiyin üstünə qoyurdu. Axır ki, qayınata həyətindəki darısqal otaqdan çıxmaq imkanı yaranmışdı. Çünki möminlərin rəhbərlik etdiyi bir şirkətə rast gəlmişdi. Mənzilə görə ilkin ödəniş etmək istədikdə katibə qız onu gözlətmişdi: “Xanım, 15 dəqiqəyə gəlirəm, namazımı gecikdirə bilmərəm”,- demişdi. Ofis başdan ayağa “Quran” kitabları, təsvirlər, risalələr, hədislərlə dolu idi. Müdir yerində olmasa da, masasının hər iki tərəfində “Qurani-Kərim” qoyulmuşdu. Qiymət də əlverişli idi. Şirkət Əhmədlidə tikiləcək 66 kvadratmetrlik bir otaqlı evə 31 min manat, yəni hər kvadratmetrə görə cəmi 470 manat istəyirdilər. Bu, Yasamalda tikilən evlərin qiymətlərinə baxanda xeyli əlverşili idi. Ona görə də, Zülfiyyə xanım sevinc içində 16 min pul ödədi, bina tikilib başa çatana qədər isə qohum-qardaşın yardımı ilə qalan 15 mini də verməyi qərara aldı.

Lakin Zülfiyyə Qurbanovanın bu sevinci çox uzun çəkmədi. Az keçməmiş “Gen” MMC-nin bir fırıldaq şirkəti olduğu, otaqdakı namaz teatrının məhz adamları inandırmaq üçün təşkil edildiyi ortaya çıxdı. Məlum oldu ki, “Gen” MMC 373 vətəndaşı aldadaraq 8 milyon manat ələ keçirib. Məhkəmə Elbrus Əliyevə 12 il iş kəsdi və sakinlərə dəyən zərərin əvəzinin ödənməsi istiqamətində heç bir iş görə bilmədi. Uzun çək-çevir aparılsa da həmin pulların hara xərcləndiyi aydın olmadı. Məhkəmə sakinlərə qaytarmaq üçün MMC-də cəmi 124 min manatlıq əmlak aşkar edə bildi və bunu necə bölmək barədə bir qərar verə bilmədi. Çünki həmin əmlak hətta pul ödəmiş ailələr arasında bərabər bölünsə idi belə, ailəbaşına 330 manat düşərdi ki, orta hesabla bu, ödənən miqdarın təxminən 1 faizinə bərabər idi.

Araşdırmalar göstərdi ki, “Gen” MMC-nin nə tikinti texnikası, nə də işçi personalı olub. Eyni zamanda, MMC-nin rəhbəri Elbrus Əliyevə 2005-ci ilin may ayında Bakı şəhəri Yasamal rayon məhkəməsi tərəfindən dələduzluq və özgəsinin əmlakının mənimsənilməsi suçu ilə 3 il 6 ay iş kəsildiyi, amma sınaq şərti ilə azadlıqda qaldığı ortaya çıxdı. Aldadılmış payçılar heyrət içində idilər, heç bir texnikası və pulu olmayan, üstəlik azadlıqdan şərti məhrum edilmiş bir insan üzərində azadlıqdan məhrum olma qərarı ola-ola 2006-cı ilin may ayında “Gen MMC”ni necə yaradıb, onu Vergilər Nazirliyindən və Ədliyyə Nazirliyindən qeydiyyatdan necə keçirib? 2007-ci ildə onu hətta qanun müstəvisi üzərində holdinq edib. Daha sonra isə bu “holdinq” kəlməsini qabardaraq KİV-lərə reklam verməklə heç nədən xəbəri olmayan sadə insanları öz qurbanına çevirib.

Amma mənzil tikintisi, xüsusilə də kooperativ mənzil sahəsində qanun boşluqları yalnız “Gen” MMC -nin işi üzrə ortaya çıxanlarla bitmir. Eyni dövrdə Bakı şəhəri Xiyabani küçəsində 14 mərtəbəli bina tikdirən “Mur Ay” MMC 414 mənzilin hər birini bir neçə adama satıb. Nəticədə, 1158 müştəri aldanıb. Bu, problem o qədər kəskin şəkil alıb ki, məsələyə ölkə rəhbərliyi qarışıb. Hökumətin qərarı ilə “Şərur – İnşaat” şirkətinə 10 milyon manat ucuz kredit verilib və Yasamal ərazisində 4 hektar yer ayrılıb ki, həmin 1158 adamı fondunda olan mənzillərlə təmin etsin.

Lakin bu, lokal qərarlardır və istifadəyə verilməmiş istənilən binadan ev almış istənilən adam bu cür hallarla qarşılaşa bilər. Məsələ yüksək qanunvericilik səviyyəsində həllini tələb edir. Ekspertlər problemin əksər binaların mənzil-tikinti kooperativləri kimi MMC-lər tərəfindən tikilməsindən qaynaqlandığını bildirirlər. Yəni inşaat üçün pulu olmayan MMC-lər heç bir üzvü olmayan saxta kooperativlər yaradırlar, həmin kooperativlər üçün ərazi, şəhər rəhbərliyindən tikinti icazəsi alırlar, layihə təsdiq etdirirlər, sonra həmin saxta kooperativə üzv yığmağa başlayırlar. Müəyyən qədər müştəri topladıqdan və vəsait əldə etdikdən sonra hansısa tikinti şirkətini podratçı tuturlar və onlar da ödənən pulun müqabilində müəyyən qədər iş görürlər. Bu işin riski çox böyükdür. Bəzən şirkət lazımi qədər maliyyə yığa bilmir və tikinti yarımçıq qalır. Çox vaxt isə MMC rəhbərləri əllərinə keçən pulu israfçılıqla sağa-sola xərcləyirlər – özlərinə, övladlarına bahalı avtomobillər alırlar və s.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov ümumiyyətlə MMC-lərin ev tikintisi kimi məsuliyyətli işlərin altına girməsini, onlara bu cür layihələrin gerçəkləşdirilməsinə icazə verilməsini doğru saymır: “Bunlar məhdud məsuliyyətli, yəni demək olar ki, məsuliyyətsiz cəmiyyətlərdir. Nizamnaməyə görə, onları nə güclü kapitalı, nə də gücül maddi-texniki bazası olur. Ona görə də belə hallarda məhkəmə zərərçəkmişlərə ödəmək üçün bir şey əldə edə bilmir”,- deyə iqtisadçı-ekspert bildirir.

“MBA” konsaltinq şirkətinin rəhbəri Nüsrət İbrahimov isə ümumiyyətlə mənzil tikinti kooperativləri ilə bağlı qanunvericilikdə boşluqları doldurmağın vacibliyini bildirir: “İndi evləri tikməyin əsas yolu mənzil-tikinti kooperativləridir. Bu, əhaliyə də əl verir, çünki evin pulunu tikinti dövründə ödəyirlər, mənzillər üçün yüksək faizlərin altına girmirlər. Amma göründyü kimi, burada da boşluqlar və heç bir əmlaka malik olmayan MMC-lərin fırıldaqları üçün geniş imkanlar var. Mənim fikrimcə, hər bir mənzil tikinti kooperativi yoxlanmalıdır və MMC-lərin vasitəçilik imkanları sıfıra endirilməlidir. Elə etmək lazımdır ki, kooperativ üzvləri pulu birbaşa peşəkar tikinti şirkətlərinə ödəsinlər. Onsuz da bu MMC-lər özləri heç nə tikə bilmirlər və sifarişləri tikinti şirkətlərinə verirlər. Onların ortada vasitəçilik etməsinə nə ehtiyac var?”,- deyə “MBA” rəhbəri sual verir.

Nazirlər Kabinetinin sabiq şöbə müdiri, iqtisadçı-ekspert Oqtay Haqverdiyev isə ümumiyyətlə tikinti şirkətlərinə də etibar etməməyi məsləhət görür: “Nə fərqi var, fırıldaqçı MMC sabah da özünü tikinti şirkəti kimi qeydiyyatdan keçirəcək. Çünki son hadisələr göstərir ki, bu işə əl qoyanların hamısı kriminal təfəkkürlü, yatıb-çıxmış adamlardır. Yenə düşüb əhalini aldadacaqlar. Ona görə də tikinti şirkətlərini attestasiya etmək lazımdır. Yoxlamaq lazımdır ki, onların maddi-texniki bazası, peşəkar kadrları, yetərincə kaptalları varmı? Yəni məhz mənzil-tikinti koperativlərinin sifarişlərini yerinə yetirmək üçün tikinti şirkətlərinə sertifikat vermək lazımdır. Elə etmək lazımdır ki, sertifikatı olmayan şirkətlərə belə sifarişlər verilməsin”, – deyə iqtisadçı-ekspert bildirir.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Cahangir Qocayev isə ümumyyətlə mənzil-tikinti kooperativlərinin işində qüsurların olduğun söyləyir: “MKT sədrləri və ya bu cür kooperativləri kağız üzərində formalaşdıran, əslində isə qanunsuz ev ticarəti ilə məşğul olan MMC rəhbərləri siyahıya kimi istəyirlər onu da salırlar. Əslində isə bu, belə ola bilməz. Kooperativ üzvlərinin hamısı şəhər icra hakimiyyətinin müvafiq şöbəsində qeydiyyata götürülməlidirlər. Onlar paylarını başqasına verən zaman da şöbə bunu qeydiyyata götürməlidir”.

Əlbəttə, bütün bunlar gələcəyin – parlament müzakirələrinin, prezident qərarlarının predmetidir. Reallıqda isə iki minə yaxın aldadılmış MKT payçısı var. Onların isə yalnız 1200-nün problemi həll edilib. Birinci aldadılmış payçı qrupu və aldadılmışların ən böyük qruplarından biri olan “Gen” MMC-nin payçıları isə hələ ki pullarını ala bilməyib. Beş-altı ay qabaq Bakı İcra Hakimiyyətinin təşəbbüsü ilə “Gen” MMC-nin aldanmış payçıları arasında yaradılmış “Şəfa-3” mənzil-tikinti kooperativinin sədri İsa Həsənov bu problemin mütləq həll edilməsinin vacibliyini vurğulayır: “Hökumət “Mur Ay” MMC-nin problemini həll etdi. Bu yolla sayı 400-ə yaxın olan “Gen MMC” payçılarının da problemləri həll edə bilər. Bu, 400 ailənin faciəsi deməkdir. Meriya bizə söz vermişdi ki, məsələ 5-6 aya həll ediləcək. Ancaq hələ ki, heç nə yoxdur”,- deyə aldadılmış payçı bildirir.

Lakin iqtisadçı-ekspert Vüqar Bayramov bu cür yanaşma ilə, hansısa şirkətə tapşırmaqla problemi həll etməyi doğru saymır: “Rusiyada dövlət aldadılmış payçıların zərərini öz üzərinə götürdü və onları evlə təmin etdi. Yəni bir MKT-yə qarşı bir cür, başqa MKT-yə qarşı isə başqa cür yanaşma yoxdur. Ukraynada isə Dövlət İpoteka Fondu yarımçıq tikililər problemini öz üzərinə götürdü. Yəni əhalinin ödədiyi vəsaitlərin əvəzi dövlət hesabına kompensasiya edilir, binanın başa çatması üçün lazım olan qalan vəsaitlər isə ipoteka krediti kimi verilir. Biz də oturaraq özümüzə uyğun bir mexanizm fikirləşməliyik ki, aldadılmışların heç biri kənarda qalmasın”, – deyə iqtisadçı ekspert vurğulayır.

Leave A Comment