Manatın sirri

Manatın sirri

Beynəlxalq kredit reytinqinin yüksəlməsi Azərbaycana nələri vəd edir?

Cari ildə, Azərbaycanda adambaşına ümumi daxili məhsul (ÜDM) göstəricisinin 0,8 faiz azalmasına baxmayaraq, dekabrda “Standard & Poor’s” beynəlxalq reytinq agentliyi Azərbaycanın uzunmüddətli və qısamüddətli suveren kredit reytinqlərini “BB+/B” səviyyəsindən qaldıraraq müsbət proqnozlu “BBB-/A-3” səviyyəsinə çatdırıb. Beləliklə, Azərbaycan reytinq üzrə MDB liderləri Rusiyanın və Qazaxıstanın sabit proqnozlu “BBB” reytinqinə tam yaxınlaşıb.

Halbuki, “S&P” həmin müddətdə qərb dövlətləri, o cümlədən ÜDM göstəricisi cari ildə 1,8 faiz artmış Amerika Birləşmiş Ştatları üçün suveren reytinq dərəcələrini kəskin azaldıb. Məsələn, agentlik avqust ayında ABŞ-ın reytinqini və avqust ayında ən yüksək “AAA” səviyyəsindən mənfi proqnozlu nisbətən aşağı “AA+” səviyyəsinə salıb. Eyni zamanda, digər iki beynəlxalq reytinq agentliyinin – “Moody’s” və “Fitch”in də yanaşması təxminən eyni cür olub. Onlar ABŞ-ın reytinq göstəricisini sabit saxlamaqla proqnozu mənfiyə endirmişdilər. Hər üç beynəlxalq reytinq agentliyinin Avropa Birliyi (AB) ölkələri barədə də gümanları ümidsizdir. Belə ki, “Fitch”, “Standard & Poor’s” və “Moody’s” AB-nin 2011-ci ilin 8-9 dekabr günlərində keçirilmiş sammitinin nəticələrindən razı qalmadıqlarını bildiriblər və AB-nin 15 ölkəsinin kredit reytinqlərinə mümkün azalma ilə yenidən baxılacağını bəyan ediblər.

Görəsən, dünya iqtisadiyyatına güzgü tutan bu qurumlar dollar və avro iqtisadiyyatlarına bu cür ümidsiz yanaşdıqları halda, manata niyə belə bel bağlayırlar?

Beynəlxalq İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, iqtisadçı ekspert Vüqar Bayramov reytinqinin artırılmasını Azərbaycanda investisiya qoyuluşu imkanlarının və investisiyaların rentabelliyinin yüksəlməsi ilə bağlayır. “Azərbaycanda investisiya qoyuluşları ilə bağlı bir sıra islahatlar aparılıb və xüsusilə Dünya Bankının (DB) “Doing Business 2011” hesabatında Azərbaycan islahatçı ölkələr sırasına daxil edilmişdi. Həmçinin investisiyalar üzrə gəlirlilik göstəricisi artıb ki, bu da şəksiz reytinqin artmasına təsir göstərib”,- deyə iqtisadçı ekspert əlavə edib: “İslahatlar xüsusilə investisiya mühitinin yaxşılaşması ilə bağlıdır. Mülkiyyətin qeydiyyatında vahid pəncərə sisteminin, elektron imzanın və elekitron imzanın tətbiq edilməsi nəzərə alınıb. Artıq fiziki şəxslərlə yanaşı 2012-ci il yanvarın 1-dən hüquqi şəxslər də vahid pəncərə sistemi ilə qeydiyyatdan keçə bilərlər”.

İqtisadçı ekspertin fikrincə, Azərbaycanın səhm bazarının inkişaflı olmaması da reytinq göstəricisinin yüksəlməsinə səbəb olub: “”Standard & Poor’s” şirkəti reytinqləri hazırlayarkən daha çox səhm bazarındakı vəziyyəti qiymətləndirir. Həmçinin səhmlərin gəlirlilik səviyyəsi də qiymətləndirilir. Fransa, İtaliya və Yunanıstanda reytinqlərin azalması həmin ölkələrin səhm bazarındakı böhranla bağlıdır, səhmlərin gəlirlilik səviyyəsi aşağı düşmüşdü. 2011-ci ilin avqust ayında ABŞ-da da eyni problemə rast gəlinib. Azərbaycanın səhm bazarı zəif inkişaf etdiyindən sabit qalır, Avropanın və Amerikanın səhm bazarında müşahidə edilən problemlərin təsirinə düşmür. Manatın məzənnəsinin sabitliyi də ölkənin reytinqinin yüksəlməsinə səbəb olur”.

İqtisadçı ekspert Azərbaycanın reytinqinin artmasında dünya bazarında neft qiymətlərinin artmasının da rol oynadığını vurğulayır: “Neft gəlirlərinin artması Azərbaycanı kreditor ölkəyə çevirir. “Standard & Poor’s”un qiymətləndirməsində ölkə “netto-kreditor” adlandırılır. Bu o deməkdir ki, artıq ölkə öz daxilində və xaricdə investisiya qoymaq, həm də kreditor kimi çıxış etmək imkanına malikdir”. Yəni Azərbaycanın Bakı-Tiflis-Qars kimi regional layihələrin maliyyələşdirilməsinə qatılması, Gürcüstan və Belarus üçün kreditor kimi çıxış etməsi də reytinqin yüksəlməsinə yardım edib.

Lakin Vüqar Bayramov “S&P” reytinqlərinin qalxmasının ölkənin daxili bazarına elə də güclü təsir göstəməyəcəyini vurğulayır: “Adətən, “S&P”nin reytinqləri ölkənin səhmlərinin qiymətinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətlidir. Yəni hər hansı ölkənin “S&P” reytinqləri aşağı düşürsə, avtomatik olaraq, həmin ölkənin səhmlərinin gəlirlik səviyyəsi də aşağı düşür. Ona görə də ABŞ və Fransa iqtisadiyyatları üçün “S&P” reytinqlərinin yuxarı və ya aşağı düşməsi çox əhəmiyyətlidir. Azərbaycanın səhm bazarı inkişaf etmədiyi üçün bu reytinqlər sadəcə Azərbaycanın xarici imici, xarici investisiyaların cəlbi üçün əhəmiyyət daşıyır”,- deyə Vüqar Bayramov bildirir.

Qeyd edək ki, bir çox ölkələrin mərkəzi bankları dövlət istiqrazları buraxırlar və yüksək reytinqlər bu qiymətli kağızlara alıcı tapmaqda böyük rol oynayır. Yaxın Şərqin neftlə zəngin ölkələri sərbəst vəsaitlərini, o cümlədən Azərbaycan Dövlət Neft Fondu da öz aktivlərini bu cür istiqrazlara yerləşdirirlər. Ölkələr adətən, öz pullarını gəlirlilik dərəcəsi az olsa belə, reytinqi yüksək olan bazarlara yerləşdirirlər. Belə çıxır ki, reytinqin yüksək olması Azərbaycan üçün də belə vəsaitləri cəlb etmək imkanı yaradır. Lakin iqtisadçı-ekspert, İqtisadi Təşəbüsslərə Yardım İctimai Birliyinin əməkdaşı Samir Əliyev Azərbaycanın yaranmış belə imkandan yararlana bilməyəcəyini bildirir: “Azərbaycanın qiymətli kağızlarının xarici bazarlara çıxışı yoxdur. Bir-iki il qabaq ölkə avrobond buraxmaq istəyirdi, amma böhranla bağlı o məsələ qaldı və ölkə hələlik bu məsələdən imtina etdi”.

Amma Samir Əliyev reytinqin yüksəlməsinin xarici investisiyaların cəlbi baxımından yaratdığı müsbət amillərdən istifadə edərək geniş kütlələrin həyatına təsir göstərəcək effektlər əldə etməyi də mümkün sayır: “Əgər dövlətin reytinqi yüksəkdirsə, onun kredit cəlb etmək imkanı artır, həmçinin kredit şərtləri yüngülləşir. Bu gün Azərbaycan banklarının xaricdən investisiya cəlb etmək imkanları aşağıdır. Bizim bankların portfelində xarici vəsaitlərin payı 20 faizdən yüksək deyil. Amma Rusiya və Qazaxıstanda bu göstərici 40-50 faiz ətrafında dəyişir”. Onun fikrincə, bu, ölkənin bankları tərəfindən əhaliyə verilən kreditləri ucuzlaşdırar və kredit həcmini artırar.

Nəticə isə aydındır, ölkənin kiçik və orta iş adamlarının kredit vəsaitlərinə çıxışı asanlaşar. Həmçinin, bankların istehlak kreditləri çantası genişlənər, bu isə ticarət dövriyyəsini artırar və əhalinin məişət şəraiti, kənd ailələrinin dolanışığı nisbətən yüksələ bilər və s…

Çingiz Rüstəmov

ANS PRESS

Leave A Comment