Azərbaycanda fransız mallarının boykotu nəticə verə bilərmi?

Azərbaycanda fransız mallarının boykotu nəticə verə bilərmi?

Eyyub Hüseynov: “Sadəcə olaraq Qandi Hindistanı gəzərək ingilis mallarını boykot etdi. Mallarının Hindistanda satılmadığını görən o boyda imperiya Hindistandan əl çəkdi”

Vüqar Bayramov: “Fransız malların boykot edilməsi, ən yaxşı halda 136 mln. dollarlıq məhsulun Azərbaycana gətirilməsinin qarşısını alır. Bu da Fransa üçün həddindən artıq kiçik bir rəqəmdir”
Fransanın “erməni soyqırımı”nı tanımayanlara cəza kəsilməsi ilə bağlı qəbul etdiyi qərar onun təkcə Türkiyə ilə yox, elə Azərbaycanla da olan əlaqələrinə mənfi təsir göstərdi. Belə ki, həm Türkiyə, həm Azərbaycan bu qərarın qəbulundan sonra Fransa əleyhinə müxtəlif aksiyalar həyata keçirdilər. Türkiyənin Fransaya qarşı qəbul etdiyi qərarlardan biri də Türkiyədə satılan Fransa mallarının boykot edilməsi oldu.

Azərbaycanda da artıq Fransa mallarının boykot edilməsi gözləniləndir. Çünki Fransanın bu addımı Türkiyə ilə yanaşı Azərbaycana da qarşı addımdır. Bu səbəbdən Azərbaycanın da Fransaya qarşı mövqeyini ortaya qoyması tamamilə anlaşılandır. Bəs görəsən, Azərbaycanın Fransa mallarından imtina etməsi necə nəticə verə bilər? Ümumiyyətlə, Azərbaycan alıcısı fransız mallarından imtina etməyi gözə ala bilərmi?

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov hesab edir ki, Azərbaycanın Fransaya qarşı qərarları sırasında mütləq fransız mallarının boykot edilməsi məsələsi də öz yerini tapmalıdır: “AİB hələ 2000-ci ildə fransızların Azərbaycan istehlakçılarını kütləvi şəkildə aldatması, fırıldaqçı bir fransız şirkətinin azərbaycanlıları aldadaraq guya onların 99 il dünyanın ən gözəl guşələrində istirahət etmələrini təmin edəcəyinə yalan vədlər verməsi, hətta bəzi dövlət məmurlarımızın bu şirkəti müdafiə etməsi faktı ilə üz-üzə qaldı. Hələ sonradan həmin şirkət Azərbaycanda pivə zavoduna rəhbərlik etməyə başladı və orada da bəzi işlər görüb Azərbaycandan getdi. Bu məsələ ilə bağlı AİB-i istehlakçı hüquqlarını qorumaq üçün geniş iş apardı və Fransa səfirliyi AİB-nin sədrini şengen ölkələrinə buraxmamaq üçün “qara siyahı”ya saldı. Hazırda əlbəttə ki, fransız mallarının satışı Azərbaycanda davam edir. Mən sadəcə hökumət orqanlarına verdiyim təcrübədən danışmaq istəyirəm. Mən dövlət orqanlarına belə bir təcrübə vermişdim ki, hökumət, başqa ölkələrdə olduğu kimi istehlakçı hüquqlarını qoruyan qurumun resurslarından səmərəli şəkildə istifadə etməlidir. Bu saat dövlət başçısı və ya hansısa bir məmur səviyyəsində deyilsə ki, fransız mallarını boykot edək, bu bir siyasi məna kəsb edər. Lakin hökumət AİB-ni kifayət qədər dəstəkləyərsə, biz boykot kampaniyaları həyata keçirə bilərik. Və Azərbaycan əleyhinə qərar qəbul etmiş ölkələrin mallarını boykot edə bilərik. Təəssüflər olsun ki, Azərbaycan hökuməti AİB-nin bu kimi funksiyalarını anlaya bilmir. Bir çox məmurlar anlamır ki, 300 il Britaniyanın müstəmləkəsi olan Hindistan yalnız Britaniyanın mallarını boykot etməklə dünyada ilk dəfə olaraq heç bir inqilab etmədən azadlığa çıxdı. Sadəcə olaraq Qandi Hindistanı gəzərək ingilis mallarını boykot etdi. Mallarının Hindistanda satılmadığını görən o boyda imperiya Hindistandan əl çəkdi. Yəni istehlakçı boykotu dövlətlərin müəyyən siyasi məqsədlərini yerinə yetirməkləri üçün çox mühüm bir amildir. AİB bu cür boykotlar etməyə hazırdır. Sadəcə olaraq ona bu işi həyata keçirmək üçün hökumətin dəstəyi lazımdır”.

İqtisadçı-alim Vüqar Bayramov isə hesab edir ki, Azərbaycanın Fransa mallarını boykot etməsi Fransaya iqtisadi zərbə vurmaq iqtidarında deyil: “Fransanın aşağı palatasının “erməni soyqırımı”nı tanımayanlarla bağlı cəza tətbiq etməsi məsələsinə Azərbaycan tərəfi həm siyasi, həm də iqtisadi mənada təpki göstərməlidir. Çünki nəzərə almaq lazımdır ki, bu, kifayət qədər qondarma bir qərardır. Xüsusən də Avropanın əsas dövlətlərindən biri olan Fransanın belə bir qərar qəbul etməsi yolverilməzdir. Amma bir məsələ də var ki, inanmıram Azərbaycanın fransız mallarını boykot etməsi Fransaya qarşı hansısa bir təzyiq ola bilər. Azərbaycanla Fransa arasındakı iqtisadi münasibətlərə nəzər yetirsək görərik ki, Fransa iqtisadiyyatına təkcə Azərbaycanın təsiri olduqca azdır. Çünki Fransa-Azərbaycan arasındakı ticarət əlaqələri kifayət qədər zəifdir. Fransanın Azərbaycana idxalının illik məbləği 136 mln. dollardır. Yəni bu o deməkdir ki, Azərbaycana idxalın səviyyəsinə görə Fransa çox az paya malikdir. Nəzərə alsaq ki, Azərbaycana ümumi idxalın həcmi 6 mlrd. 600 mln. dollardır və bu isə o deməkdir ki, bu məbləğin cəmi 136 mln. dolları Fransanın payına düşür. Nəzərə alsaq ki, Fransadan Azərbaycana bəzi geyim markaları, pendir məhsulları, kosmetika və ətirdən başqa gətirilən digər məhsullar neft sektorunda istifadə üçün gətirilən neft avadanlıqlarıdır. Bu baxımdan fransız malların boykot edilməsi, ən yaxşı halda 136 mln. dollarlıq məhsulun Azərbaycana gətirilməsinin qarşısını alır. Bu da Fransa üçün həddindən artıq kiçik bir rəqəmdir. Hər halda mən fransız mallarının iqtisadi cəhətdən bütövlükdə boykot olunmasının tərəfdarı deyiləm. Birinci növbədə buna o səbəbdən tərəfdar deyiləm ki, bu rəqəm kifayət qədər kiçikdir. İkinci bir səbəb isə budur ki, Fransa Avropada söz demək iqtidarında olan iki ölkədən biridir. Bu baxımdan düşünürəm ki, Azərbaycan daha çox siyasi vasitələrdən istifadə etməklə Fransanın qərarının dəyişdirilməsinə təsir etməlidir”.

İzolda Heydərqızı

Leave A Comment