2011-ci ilin iqtisadi yekunları; qazancımız və itirdiklərimiz

2011-ci ilin iqtisadi yekunları; qazancımız və itirdiklərimiz

Ötən ilə 7 iqtisadi baxış

Xalid Mikayılov

İqtisadi və Sosial İnkişaf Mərkəzi

2011-ci il artıq bitmək üzrədir. 2011-ci ilin iqtisadi yekunlarını şərh etməzdən əvvəl onu qeyd edə bilərik ki, iqtisadi baxımdan bu ili birmənalı  müsbət və ya mənfi il kimi xarakterizə etmək  çətindir. Çünki  2011-ci il iqtisadi baxımdan itirilmiş imkanlar, eyni zamanda  uğurlar ili oldu. 2011-ci ildə  ÜDM-in  artımı son illərdəki ən aşağı səviyyəyə düşdü. Bunun fonunda qeyri-neft ÜDM artımı isə 9,5% təşkil etdi. O cümlədən dünya iqtisadiyyatında hökm sürən qlobal iqtisadi böhranın Azərbaycan iqtisadiyyatına təsirləri minimum oldu. Bu il həmçinin, əhalinin aztəminatlı hissəsini təşkil edən insanların, pensiyaçıların, təqaüdçülərin, həmçinin dövlət təşkilatlarında çalışanların əmək haqqlarının artımı baş verdi. Lakin, artımların cüzi olması və qalxan qiymətlər bu artımların əhalinin həyat səviyyəsinə müsbət təsirlərini azaltdı.

İl ərzində dövlət büdcəsinin gəlir və xərcləri artırıldı.Artımlar üçün də baza rolunu yenə  Neft Fondundan büdcəyə edilən transfertlər oynadı. İl ərzində  xarici ticarət dövriyyəsinin həcmi kifayət qədər çoxalsa da onun strukturunda  neft və neft məhsullarının payı böyük olaraq qaldı. Bütün bu sadalanlanları nəzərə alsaq, 2011-ci ili iqtisadi baxımdan, birmənalı olaraq nə tam müsbət, nə də mənfi il adlandırmaq mümkün deyil.

2011-ci ilin  iqtisadi sahədə 7 uğuru

  1. 1. Azərbaycan iqtisadiyyatına qlobal iqtisadi  böhranın yeni mərhələsinin təsirlərinə məruz qalmaması

2008-ci ildən başlayaraq, dünya iqtisadiyyatında davam edən qlobal iqtisadi böhranı 30-cu illərin Böyük Depressiyasından sonra dünyanın üzləşdiyi ən böyük qlobal iqtisadi problem hesab etmək olar. Bununla belə 2011-ci il ərzində böhranın Azərbaycan iqtisadiyyatına təsirləri minimum olub. Böhran dövründə ölkədəki makroiqtisadi sabitlik qorunub saxlanılıb, manatın məzənnəsi digər valyutalara nisbətən mökəmlənib, dünya bazarında qiymətlərin artması fonunda Mərkəzi Bank inflyasiyanı optimal səviyyədə saxlaya bilib,  maliyyə sektorunda sabitlik  təmin olunub.Bəzi zəif bankları çıxmaq şərti ilə ölkədə bank sistemində artım baş verib. Bankların məcmu kapitalı 2010-cu ilin 10 ayında ilin əvvəli ilə müqayisədə 8,2% artıb. Bank filiallarının və şöbələrinin sayı çoxaldılıb. Banklar tərəfindən iqtisadiyyata kredit qoyuluşlarının həcmi (ilin 9 ayının nəticlərinə görə) 5,1% artıb. Xarici ticarət dövriyyəsinin, strateji valyuta ehtiyatlarının artımı və sair bu kimi amillər dünyadakı iqtisadi böhranın ölkəmizə  təsirsiz ötüşdüyünü  söyləməyə  əsas verir. Bütün bu uğurlar  əsasən   Azərbaycan iqtisadiyyatının neft amili üzərində qurulması ilə bağlı olub. Mərkəzi Bank  məhz neft gəlirləri sayəsində ölkədə makroiqtisadi sabitliyi təmin etmək iqtidarındadır. Hökümətin bunu nəzərə alaraq, ölkəyə valyuta axınını təmin edən güclü, rəqabətədavamlı qeyri-neft sektoru  yaratmaq  haqqında  indidən düşünməsi olduqca vacibdir.

 

  1. 2. Qeyri-neft sektorunda artım daha sürətli olub.

Bu il neft ÜDM-lə müqayisədə, qeyri-neft ÜDM-in yüksək sürətlə artmasını ilin ən uğurlu iqtisadi hadisəsi hesab etmək olar. Rəsmi məlumatlara əsasən, qeyri-neft ÜDM-in artım sürəti 9,5% təşkil edib. İlin 11 ayı ərzində ümumilikdə 45,5 milyard manatlıq ÜDM istehsal olunub ki, bunun da təqribən 21,5 milyard manatı və ya 47%-i qeyri-neft ÜDM-in payına düşüb. Rəsmi rəqəmlərə inansaq, son illərdə qeyri-neft sektorunda istehsal olunan ÜDM-in həcmi ilə neft sektorundakı ÜDM arasında tarazlıq yaranıb.

Qeyri-neft sektorunun sürətli artımına baxmayaraq, bu artım neft sektorunun iqtisadiyyatdakı dominant roluna ciddi təsir etməyib. Səbəb isə, ölkə iqtisadiyyatının tamamilə neft amili ilə əlaqəli və  qeyri-neft sektorunda məhsuldarlığın aşağı olması ilə bağlıdır. Hətta qeyri-neft ÜDM-in əsasını təşkil edən tikinti, nəqliyyat, rabitə, turizm və s sahələrdə də dolayı yolla neftdən maliyyələşmə movcuddur. Bu isə qarşıdakı illərdə Azərbaycan iqtisadiyyatında həm qeyri-neft ÜDM-in neft ÜDM-dən asılılığı, həm də iqtisadi artımın davamlılığının kövrəkliyi riskini yaradır.

Qeyri-neft sektorunun başlıca sahələri olan tikinti, nəqliyyat, turizm, yüngül və yeyinti sənayelərində müasir standartların tətbiq edilməsi, bu sahələrin tədricən büdcə vasitəsilə dolayı yolla neft pullarından maliyyələşməsinin azaldılması  olduqca vacibdir. Bu həm də qeyd edilən sahələrin gələcəkdə neft sektorundakı hər hansı baş verə biləcək risklərdən sığortalanaraq real gücə çevrilməsi üçün vacibdir. Dolayı yollarla maliyələşmənin kəsilməsi həm də sözügedən sektorların hər birinin daxilində rəqabətin artmasına, daha keyfiyyətli məhsul , xidmətlər istehsal edilməsinə  gətrib çıxara bilər.

  1. 3. Dövlət büdcəsi stabil icra edilib

 

İlin ortalarında hökümət tərəfindən büdcəyə dəyişiklik edildi. Dəyişiklik nəticəsində dövlət büdcəsinin gəlirləri 29% artırılaraq 15,55 milyard manata xərcləri isə, 25% artırılaraq 15,94 milyon manata çatdırıldı. Hökümətdə bunu əsasən dünya bazarında neftin qiymətinin qalxması nəticəsində Azərbaycanın neftdən gələn gəlirlərinin artması və mühüm əhəmiyyət kəsb edən layihələrin maliyyələşdirilməsi ilə izah etdilər.  Nəticədə büdcədə nəzərdə tutulmuş bir barel neftin orta illik ixrac qiyməti 60 ABŞ dollarından 80 ABŞ dollarına kimi yüksəldildi. Dəyişikliklər dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanların əməkhaqlarının, eləcə də  minimum əmək haqqı və  penisyaların artımına rəvac verdi.

Dövlət büdcəsinin artımı özlüyündə müsbət addım olsa da, artımların əsasən Neft Fondundan büdcəyə edilən trasnfertlərin artırılması hesabına baş verməsi iqtisadi baxımdan məqsədəuyğun deyil. Belə ki dəyişiklik nəticəsində büdcədə 3493,2 milyon manatlıq artım baş verdi ki, bunun da 2723.2 mln manatı və ya 78%-i Dövlət Neft Fondunun trasnfertləri hesabına təmin edildi. Fondun məlumatlarına  görə,  bu il dövlət büdcəsinə 4,021 milyon vəsait köçürülüb  ki, bu da ümumilikdə il ərzində Fonddan büdcəyə köçürülməsi nəzərdə tutulmuş məbləğin ( 9203,2 mln manat) 43,7%-ni təşkil edib.

Neftdən gələn gəlirlərin əbədi olmadığını nəzrə alsaq, o zaman bu vəsaitlərin büdcəyə köçürülməsinin niyə bu qədər narahatçılıq doğurduğu aydın olar. Büdcəyə yönəldilən pulların xərclənməsinə nəzarətin zəif olması vəsaitlərin həm də korrupsiyanın yeminə çevrilməsi ehtimalını artırır. Digər tərəfdən  büdcəyə birdən-birə belə böyük məbləğdə trasfertlərin, düzəlişlərin edilməsi göstərir ki, büdcə ilin əvvəlində düzgün planlaşdırılmır. Bu istiqamətdə hökümət tərəfindən makroiqtisadi və ekonometrik təhlillərin aparılması çox vacibdir.

Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən 2011-ci ilin 11 ayı ərzində büdcəyə daxilolmalar 10,5 milyard manat məbləğində təmin edilib ( ilin əvvəlində proqnozlaşdırılmış məbləğin cəmi 67,5%-ni təşkil edib). Büdcənin xərcləri isə, 9,9 milyard manat məbləğində icra edilib.Bu isə gəlirlərlə müqayisədə proqnozun daha az hissəsini yəni cəmi 62%-nin təşkil edilməsi deməkdir.İlin sonuncu ayını yaşadığımızı nəzərə alsaq, o zaman büdcə gəlirlərinin kəsirlə yerinə yetirilməsi ehtimalı böyükdür. Lakin ötən llərdə olduğu kimi, büdcə vəasitlərinin əsasən ilin sonuncu ayında reallaşdırılması praktikası bu il də istisna olmaya bilər.

Təhlillər düdcənin  xərc istiqamətləri üzərində nəzarətin gücləndirilməsini vacib edir. Çünki büdcənin iqtisadiyyatda effektiv rol oynaması təkcə onun böyüklüyü ilə deyil, həm də vəsaitlərin səmərəli xərclənməsi, dəqiq ünvanlarına çatmasındadır.

  1. 4. Dünya Bankının “Doing business-2012” hesabatında 3 pillə irəliləmə

Dünya Bankının Doing-Business-2012 hesabatına əsasən Azərbaycan 3 pillə irəliləyərək dünya üzrə 183 ölkə arasında 66-cı yeri tutdu. Hesabatda  Azərbaycanın ən çox uğur qazadığı bölmə biznesə başlamaqla bağlı bölmə oldu. Belə ki, Azərbaycan bu bölmə üzrə 18-ci yeri tutdu. Hesabatda ən pis göstərici elektrik enerjisinin, tikintiyə icazələrin alınması, həmçinin sərhəddənkənar ticarətlə bağlı   id. Bu göstəricilər üzrə Azərbaycan müvafiq olaraq, 173,172 və 170-ci yerləri tutmuşdu.

Doğurdan da  ölkədə ən pis göstəricilər məhz biznesin praktiki fəaliyyət sahələrini əhatə edir. Xüsusilə xarici ticarət üzrə Azərbaycanın hesabatdakı mövqeyi  sübut edir ki, gömrük sistemində təkmilləşdirmələr aparılmalı, bu sahə liberallaşdırılmalıdır.  Hesabatda Azərbaycanın mövqeyi həm də ölkənin qeyri-neft sektoruna xarici investisiyaların axınına təsir etdiyi üçün hökümətin qeyd olunan sahələrdə irəliləyişə nail olması çox vacibdir.Əslində hesabatda göstərilən maddələr üzrə göstəricilərin yaxşılaşdırılması  kiçik və orta sahibkarlığın inkişafına şərait yarada bilər. Bu da iqtisadiyyatı həddən artıq neftdən asılı olan Azərbaycan kimi ölkə üçün vacib amildir. İnkişaf etmiş ölkələrdə kiçik və orta sahibkarlığın ÜDM-də payı 50-60% arasında dəyişdiyi halda Azərbaycanda bu göstərici 15-18% arasında dəyişir.Bu gün Azərbaycanda maliyyə bazarlarının inkişaf etməməsi həm də, kiçik və orta sahibkarların əlavə maliyyə mənbələrinə çıxışını çətinləşdirən amillərdəndir. Bankların irəli sürdükləri şərtlər isə heç də bütün sahibkarlar, xüsusilə də kiçik və orta sahibkarlar üçün əlverişli deyil.

Digər tərəfdən maliyyə bazarının inkişaf etməməsinin əsas səbəblərindən biri də əslində sahibkarlığın müasir standartlara cavab verməməsidir.  Belə ki, maliyyə bazarlarında fəaliyyət göstərən investisiya fondları, hec fondlar və s kimi maliyyə institutları bilavasitə öz pullarını müəssisələrin səhmlərini və ya istiqrazlarını almaqla yerləşdirilər.Bu da Azərbaycan reallığında obyektiv və subyektiv səbəblərdən mümkün deyil. Belə ki, səhmdar cəmiyyətləri tərəfindən öz payçılarına dividendlərin ödənməməsini subyektiv amillər sırasına adi etmək olar.Digər amillərə müəssisələrin korporativ idarəetmə standartlarını tətbiq etməməsini, mühasibatlığın beynəlxalq standartlarının tətbiq olunmamasını və s amilləri misal göstərmək olar. Göründüyü kimi, bu sahəyə həm də kopmleks yanaşma vacibdir. Digər tərəfdən, ölkədə bu sahənin inkişafı yeni olduğu üçün dövlət tərəfindən bu işə xüsusi dəstək verilməsi vacibdir.

 

  1. 5. Ölkənin strateji valyuta ehtiyatları artım müşahidə edilib

Rəsmi məlumatlarına əsasən, 2011-ci ilin noyabrın 1-nə Azərbaycanın strateji valyuta ehtiyatları 41,5 milyard ABŞ dollarına çatıb. Bunun təqribən 7 milyard ABŞ dollarını və ya 17%-ni Mərkəzi Bankın valyuta ehtiyatları təşkil edir. 2010-cu illə müqayisədə Mərkəzi Bankın valyuta ehtiyatları təqribən 10%-ə qədər artıb. Strateji valyuta ehtiyatlarının artması ilk növbədə ölkənin iqtisadi imici baxımından çox əhəmiyyətlidir. Bu həm də ölkəyə investisiya axını baxımından olduqca vacibdir. Çünki investorlar həmişə sabit iqtisadiyyatlı ölkələrə kapital qoymağa meyilli olurlar. O baxımdan Azərbaycanın valyuta ehtiyatlarının artması investorlar üçün mesaj rolunu oynayır. Yəni bu ölkənin ödəniş qabiliyyətli  və öhdəliklərini vaxtında yerinə yetirmək qabiliyyətində olduğunu  göstərir. Lakin, strateji valyuta ehtiyatlarının idarəedilməsi sahəsində hökümət heç də çevik siyasət yürütmür. Yəni bu vəsaitlər beynəlxalq imic baxımından müsbət rol oynasa da onların ölkənin iqtisadiyyatına ciddi təsirləri hiss edilmir. Halbuki, vəsaitlərin bir hissəsi ölkə iqtisadiyyatına yönəldilə bilər.Nəticədə neft sektorundakı artım səbəbilə zəifləmiş iqtisadi artım sürətlənər, ölkədə bəzi sahələrin inkişafına şərait yaranar. Məlumdur ki, dövlətin  strateji valyuta ehtiyatlarına yanaşmada əsas məqsədlərindən biri onların ildən-ilə qorunub saxlanılması və artırılmasıdır. Heç bir ölkə bu vəsaitlərin itirilməsini istəmir. Ancaq  dünyada davam edən iqtisadi böhran bu vəsaitlərin xarici valyutada və ya qiymətli kağızlarda saxlanmasını riskli edir. Bunu nəzərə alaraq, vəsiatlərin bir hissəsi ölkədə ipoteka kreditlərinin həmcinin artırılmasına yönəldilə bilər. Bu tikinti sektorunun inkişafına, həm də vəsaitlərin daha etibarlı qorunmasına şərait yaradar. Vəsaitlərdən ölkədə elmin, təhsilin inkişafı istiqamətində də istifadə etmək olar. Bu isə öz nüvbəsində ölkədə struktur islahatlarının sürətlənməsinə və ölkə iqtisadiyyatının bir inkişaf mərhələsindən digərinə keçməsinə şərait yaradar.

 

  1. 6. Əmək haqqları və bir sıra sosial ödənişlərinin artımı reallaşıb

Bu il  həm də minimum əmək haqqının həcmi 10% artırılaraq 93,5 manata çatdırıldı. Gələn il üçün yaşayış minimumu ölkə üzrə 13 manat və ya 13,6% artırılaraq 108 manat oldu.

Bununla belə  minimum əmək haqqının məbləğinin ölkədə mövcud olan yaşayış minimumu və mimimum istehlak səbəti ilə müqayisədə aşağı olması əhalinin aztəminatlı hissəsinin sosial müdafiəsinin gücləndirilməsinə imkan vermir. Belə ki, minimum əmək haqqı yaşayış minimumunun 86%-ni, minimum pensiya isə 80%-ni təşkil edir. Hansıki bu da əhalinin aztəminatlı hissəsinin təlabatının tam ödənilməsinə imkan vermir. Müstəqil hesablamalar adambaşına minimum istehlak büdcəsinin həcminin 140-200 manat, yaşayış minimumunun isə 150-250 manat arasında olduğunu göstərir. Bütün bunlardan bu nəticəyə gəlmək olar ki, Azərbaycanda minimum əmək haqqı və pensiya məbləği simvolik xarakter daşıyır və əslində aztəminatlı əhalinin həyat səviyyəsininyüksəlməsinə elə də ciddi töhfə vermir. Yoxsulluğun azaldılmasını qarşısına məqsəd qoymuş hökümətin gələcəkdə bu istiqamətdə işləməsi və minimum əmək haqının və pensiyanın məbləğini heç olmasa  ölkə üzrə mövcud olanyaşayış minimumunun və minimum istehlak səbətinin dəyərinə çatdırması vacibdir.

Büdcə təşkilatlarında çalışanların əmək haqqlarının  10% artırılmasına gəlincə, qeyd etmək lazımdır ki, əmək haqqlarının artımına paralel olaraq,  ölkədə bəzi xidmət növləri üzrə tariflər və ərzaq qiymətləri də artdı ki, bu da əhalinin gəlirlərinin bir hissəsinin inflayisayının yeminə çevrilməsinə şərait yaratdı. Qiymət artımlarının başlıca səbəbləri qeyri-şəffaf idarəetmə, inhisarçılığın mövcud olması, həmçinin ölkəyə idxal olunan ərzaq məhsullarının qiymətlərinin qalxmasıdır. Rəsmi rəqəmlərə əsasən, Azərbaycanda əhalinin gəlirlərinin 65%-nin son istehlaka getdiyini nəzərə alsaq o zaman, əmək haqqlarının 10%-lik artımı fonunda baş verən qiymət artımlarının əhalinin həyat səviyyəsinə müsbət hər hansı  təsirinin olacağını söyləmək çətindir.  Bundan başqa həkimlərin və müəllimlərin əmək haqqlarının ölkə üzrə mövcud olan orta aylıq əmək haqqının yarısına bərabər olması (46-50%) da bu sahələrdə 10%-lik artımın ciddi gəlir artımına səbəb olacağını söyləmək də çətindir. Ümumiyyətlə bəzi sahələrdə əmək haqqlarının dəfə ilə artımına ehtiyac var.

  1. 7. Pensiya artımları

Bu il həm də pensiya sahəsində mövcud olan ədalətsizliyin aradan qaldırılması istiqamətində  addımın atılması kimi yadda qaldı. 2006-cı ilə kimi pensiyaya çıxmış 900 minə yaxın pensiyaçının hüquqları bərpa olundu. Xatırladaq ki, köhnə qaydalarda  pensiya məbləği hesablanarkən son 2 ilin əmək haqqısı  əsas götürülürdü , iş stajı nəzərə alınmırdı. Nəticədə 2006-cı ilə qədər pensiyaya çıxanların böyük bir hissəsi minimum pensiya alırdılar. Bu isə onların hüquqlarının pozulması demək idi. Yeni qaydalara əsasən isə, hər bir pensiyaçıya fərdi yanaşma tətbiq edildi. Onların iş stajları nəzərə alınmaqla pensiyanın baza hissəsinə əlavələr olundu.Nəticədə pensiyaları orta hesabla 40%-ə kimi artdı və ölkə üzrə vahid pensiya sistemi yaradıldı. Lakin, bütün bu müsbət addımlara baxmayaraq, pensiyaların məbləği hələ də ölkə üzrə mövcud olan yaşayış minimumu və minimum istehlak büdcəsinin səviyyəsi ilə bərabərləşdirilməyib.

2011-ci ildə 7 itirilmiş imkanlar

  1. 1. ÜDM-in faiz artımı kəskin azalıb

2011-ci il həm də ÜDM-in artım tepmlərinin zəifləməsi ilə səciyyəvi oldu. Rəsmi məlumata əsasən bu ilin 11 ayında cəmi 0,2%-lik ÜDM artımı qeydə alınıb. Bu da son illərin ən aşağı göstəricisidir. Qeyd etmək lazımdır ki, ÜDM-in strukturunda qeyri-neft sektorunun payının az olması ilə əlaqədar  baş verən ən yüksək faizli artım belə, ümumilikdə ÜDM-in cüzi faizlə artmasına səbəb olub. Digər tərəfdən neft sektorunun ÜDM-dəki payının dominant olması, əvvəlki illərdə neft hasilatının artması ilə ÜDM-in sürətli artımına imkan yaratmışdısa, hazırda neft hasilatının azalması, ÜDM-in artım tepmlərinə də mənfi təsir göstərib. Həmçinin, iqtisadi ədəbiyyatda baza effekti kimi xarakterizə olunan məhfum ölkə iqtisadiyyatındakı azalmanın əsas səbəblərindən biridir. Bundan başqa ÜDM-in strukturunda həm də dolayı yolla neft sektorundan maliyyələşən sahələr olduğu üçün gələcəkdə neft gəlirlərinin aşağı düşməsi fonunda bu da ÜDM-in artım templərinə mənfi təsir göstərə bilər. Belə ki, ÜDM-in strukturunda hələ də ən böyük xüsusi çəki sənayeyə (54,9%) məxsusdur. Onunda böyük bir hissəsi neft hasilatı ilə məşğul olan mədənçıxarma sənayesinin payına düşür. Artıq neft hasilatının azalması, sənayedə 5%-lik (DSK) azalmaya səbəb olmuşdur. Hökümət gələcək illərdə sürətli iqtisadi artım tempinə nail olmağı qarşısına məqsəd kimi qoymuşdur. Lakin qeyd etmək istərdik ki, qeyri-neft sektorunda sürətli artıma nail olmaq və ÜDM-in strukturunda böyük payı olan neft sektorundan qeyri-neft sektorunun üstünlük təşkil etdiyi ÜDM artımına transformasiya etmək üçün ilk növbədə ölkədə biznes mühiti yaxşılaşdırılmalı, kiçik və orta sahibkarlığın inkişafı üçün əlverişli şərtlər təmin edilməlidir. Həmçinin gömrük sisteminin liberlallaşdırılması və xarici ticarətin inkişafı üçün şərait yaradılması olduqca vacibdir. Ölkə iqtisadiyyatındakı inhisarçılığın azaldılması da qeyri-neft sektorunun inkişafı üçün əsas amillərdən biridir.

 

2 . Sənayedə azalma tendensiyası güclənib

Dövlət Statistika Komitəsinin məlumatlarına görə, sənayedə 5% azalma qeydə alınıb. Sənayedəki azalmanın səbəblərinə keçməzdən əvvəl gəlin ilk növbədə onun strukturuna nəzər salaq. Həmin məlumata əsasən, sənayenin 78%-i mədənçıxarma sənayesinin, 17%-i emal sənayesinin, 4,4%-i elektik enerjisi, qaz və buxar istehsalının, 0,6%-i su təchizatı, tullantıların təmizlənməsi və emalı sənayelərinin payına düşmüşdür. Rəqəmlərdən göründüyü kimi, sənayenin strukturunda ən böyük pay mədənçıxarma sənayesinə məxsusudur. Məlumatda həmçinin bildirilir ki, 2011-ci ilin yanvar-noyabr aylarında mədənçıxarma sənayesində 42.2 milyon ton neft, 23,8 milyard kub metr qaz istehsal edilmişdir. Əgər Statistika Komitəsinin keçən ilin eyni dövrünə (2010-cu ilin yanvar-noyabr ayları) aid olan məlumatlarına nəzər salsaq görərik ki, həmin dövürdə mədənçıxarma bölməsində 47,1 milyon ton neft, 15,5 milyard kub metr əmtəəlik qaz istehsal olunmuşdur. Rəqəmlərdən göründüyü kimi, neft hasilatı 4.9 milyon ton azalmış, qaz istehsalı isə 8,3 milyard kub metr artmışdır. Göründüyü kimi neft hasilatındakı 5 milyon tona yaxın azalma sənayedə azalmaya səbəb olmuşdur. Qaz hasilatı artsa da o neft qədər gəlir gətirmədiyi üçün sənayedə artıma səbəb olmamışdır. İl yekunlaşmadığı üçün gəlin 2010-cu ilin məlumatlarına əsasən sənayenin strukturuna nəzər salaq. 2010-cu ilin məlumatlarına əsasən, sənayenin strukturunda mədənçıxarma sənayesinin payı 78,9% təşkil etmişdir ki, bunun da 76,4%-ni xam neft və təbii qaz hasilatı təşkil etmişdir. Emal sənayesinin  sənayenin strukturundakı payı ümumilikdə 15,9% təşkil etmiş və bununda 8,2%-i neft məhsullarının istehsalının payına düşmüşdür. Yəni faktiki olaraq emal sənayesinin 51,5%-ni yenə də neft məhsullarının emalı təşkil etmişdir. Əgər sənayenin ümumi strukturunda payı 4,6%-ə çatan elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsinidə bura əlavə etsək onda neft sənayesinin Azərbaycan sənayesinin tərkibindəki payının 85-90% arasında dəyişdiyini görmək olar. Bu isə yuxarıda da qeyd etdiyimiz kimi, ÜDM-un tərkibində payı 54,9%-ə çatan sənaye istehsalının azalmasının ölkə iqtisadiyyatına necə mənfi təsir göstərəcəyini təsəvvür etməyə imkan verir. Yəni sənayedəki azalma təkcə bu sahəyə deyil, birbaşa ölkə iqtisadiyyatına mənfi təsir göstərir. Ölkə iqtisadiyyatının digər sahələrində olduğu kimi sənayenin strukuturunun da diversifikasiya olunmasına ciddi ehtiyac var.

2. İnflyasiyaya qarşı mübarizə ciddi səmərə verməyib

2011-ci ilin yanvar-noyabr aylarında istehlak qiymətləri və tariflərin keçən ilin eyni dövrü ilə müqayisədə 8% bahalaşıb.Ən çox artım isə ərzaq məhsullarının qiymətində və xidmət tariflərində qeydə alınmışdır. Belə ki, ərzaq məhsullarının qiyməti ilin əvvəlindən indiyə kimi 10,7%, xidmət tarifləri isə 4,7% bahalaşmışdır. Ölkədə inflyasiyaya səbəb olan amillər arasında başlıca olaraq, süni qiymət artımlarını göstərmək olar. Bazarda kifayət qədər rəqabətin olmaması, həmçinin əhalinin gəlirlərinin böyük bir hissəsinin ərzaq məhsullarının alınmasına sərf olunması inflyasiyanı stimullaşdıran əsas amillərdəndir.  Bundan başqa bütün xidmətlərin və tariflərin qiymətlərinin qalxması kənd təsərrüfatı məhsulları istehsal edən insanların xərclərini artırır ki, bu da son nəticədə özünü ərzaq qiymətlərinin artımında göstərir. Kənd təsərrüfatında məhsuldarlığın az olması, məhsulun bazarlara çatdırılması zamanı mövcud olan süni maneələr və s amillər ərzaq məhsullarının qiymətlərinin qalxmasını şərtləndirən amillər sırasındadır. Bundan başqa ərzaq məhsullarının böyük bir hissəsi ölkəyə idxal olunur. Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, ərzaq məhsulları, heyvan və bitki mənşəli yağlar ümumi idxalın 18,6%-ni təşkil etmişdir ki, bununda 9,3%-ni hazır ərzaq məhsulları təşkil etmişdir. Ərzaq məhsullarının böyük bir qisminin ölkəyə idxal olunması bu yolla idxal inflyasiyasını stimullaşdırır. İnflyasiya proseslərinin zəiflədilməsi üçün ölkədə azad rəqabət mühiti yaradılmalı, inhisarçılığa qarşı mübarizə gücləndirilməlidir. Həmçinin ölkədə istehsal olunan kənd təsərrüfatı məhsullarının həcmi və çeşidi artırılmalıdır. Həmçinin kənd təsərrüfatının özünün modernləşdirilməsinə, bu sahədə məhsuldarlığın artımına ciddi ehtiyac var. Ölkədə məşğul əhalinin əsas hissəsinin çalışdığı kənd təsərrüfatının ÜDM-dəki payı cəmi 5,6% təşkil edir.

5. Korrupsiyaya qarşı mübarizə səmərəli olmadı

Azərbaycanda korrupsiyaya qarşı mübarizə çərçivəsində bir çox qanunlar o cümlədən dövlət satınalmaları ilə bağlı qanun qəbul edilməsinə baxmayaraq, bu sahələrdə inkişaf görünmür. Bir çox satınalmalar hələ də birbaşa sifarişlər əsasında aparılır.Hökümət ilin əvvəlindən başlayaraq, ölkədə korrupsiyaya qarşı mübarizə başlatdığını elan etsə də bir qədər keçəndən sonra bu mübarizə səngidi. Bəzi kiçik həcmli rüşvət hallarını çıxsaq demək olar ki, ölkədə korrupsiyaya qarşı mübarizə hiss olunmur. Digər tərəfdən korrupsiyaya qarşı mübarizə təkcə inzibati deyil, digər vasitələrlə də yəni kompleks şəkildə aparılmalıdır. Bura dövlət sifarişləri hesabına həyata keçirilən infrastruktur layihələrinin tenderlər vasitəsilə verilməsindən tutmuş, maarifləndirmə işlərinin aparılmasına qədər bir çox vasitələr daxildir. Lakin, keçən dövr ərzində keçirilən tenderlərin sayı azalmışdır. Digər tərəfdən hətta keçirilən tenderlərin belə şəffaflığı azdır və onların bir çoxu şübhə doğurur. Həmçinin dövlət büdcəsi və əsasən Dövlət Neft Fondunun vəsaitləri hesabına həyata keçirilən iri layihələrin (Oğuz-Qəbələ-Bakı su kəməri layihəsi, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi və s) dəyəri layihə başa çatana kimi , hətta başa çatdıqdan sonra bir neçə dəfə artırılır ki, bu da korrupsiya yardan amillərdəndir. Bu vəsaitlərin xərclənməsinə dövlət tərəfindən yetərincə nəzarətin aparılmaması, layihələrin icrasının şəffaf olmaması həmçinin keçirilən tenderlərin ya şəffaf olmaması ya da ki ümumiyyətlə keçirilməməsi ictimai vəsaitin korrupsiyanın yeminəı çevrilməsi riskini arıtrır.  Digər tərəfdən korrupsiya ilə mübarizədə vətəndaş-məmur əlaqəsinin minimuma ebirilməsi baxımından əsas vasitə olanelektron hpkümətin yaradılması işi də ləng gedir. Həmçinin müxtəlif dövlət orqanlarında elektronlaşma işi müxtəlif cür aparılır. Bu isə, sonda vahid elektron hökümətin tətbiqini ləngidir. Bu sahədə Azərbaycanın əldə etdiyi ən böyük uöu beynəlxalq hesabatlarda da göstərilən biznesin qeydiyyatına sərf olunan müddətin azalmasıdır. Korrpusiyaya qarşı mübarizənin effektli olması üçün həm də ölkədə bu sahədə güclü institutların olması vacibdir.Lakin, təssüf ki bu gün Azərbaycanda insituların fəaliyyəti çox zəifdir və onların hökümətə təsir imkanları yoxdur. Bu baxımdan korrpusiyaya qarşı mübarizə bütövlükdə bir prosedir və bu prosesin effektiv həyata keçirilməsi üçün həm də siyasi iradənin olması vacib amillərdən biridir.

  1. 6. Rusiya ÜTT -yə üzv oldu, biz hələ də kənardayıq

Azərbaycan 1997-ci ildən ÜTT-na üzvlük üçün müraciət edib və 1999-cu ildə təşkilatla Azərbaycan arasında memorandum imzalanıb. Lakin, danışıqlar bu günə kimi bir nəticə verməyib.Bu ilin sonlarına yaxın isə təşkilat Azərbaycanla danışıqları təxirə salıb. Hökümətdə bunun səbəblərini təşkilatın Azərbaycanın hansı statusla üzvlüyü məsələsində razılığın olmaması ilə izah edirlər. Lakin, Azərbaycanın bir çox qanunvericilik aktları, tariflərin və rüsumların səviyyəsi hələ də təşkilatın tələb etdiyi standartlara uyğun gəlmir. Digər tərəfdən Azərbaycan kənd təsərrüfatının subsidiyalaşdırılmasından imtina etmək istəmir ki, bu da təşkilatla Azərbaycan arasında əsas problemlərdən birdir. Lakin,aparılmış tədqiqatlar da göstərir ki, Azərbaycanın ÜTT-yə üzvlüyü ən çox spirtli içkilər sektorunun zəifləməsi ilə müşahidə olunsa da, ölkəyə digər sahələrdə elə də ciddi təsir etməyəcək. Digər tərəfdən, Azərbaycanın müqayisəli üstünlüyə malik oduğu məhsullar da var ki, bu məhsulların ixracından gələn gəlir digər sektorlar üzrə azalmanı kompensasiya edə biləcək. Təşkilata üzvlük Azərbaycanın qeyri-neft sektorunun inkişafı xüsusilə, ölkəyə xarici kapitalın, müasir texnologiyaların və innovasiyanın gəlməsi üçün olduqca vacibdir. Digər tərəfdən demək olar ki, artıq Azərbaycanın bütün qonşularının və ticarət partnyorlarının ÜTT-yə üzv olması və ya üzvlüyə can atması Azərbaycanın da bir gün bu təşkilata üzvlüyünü qaçılmaz edir. Bu təşkilata üzvlük həmçinin ölkə iqtisadiyyatının liberallaşdırılması, inhisarçılğın aradan qaldırılması baxımından da olduqca vacibdir. Bundan başqa təşkilata üzvlük həm də əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşması baxımından da əlverişlidir. Bildiymiz kimi, təşkilata üzv olduqdan sonra ölkəyə idxal olunan məshulların bir çoxunun qiymətləri aşağı düşəcək ki, bu da sonda əhalinin xərclərinin azalmasına və onların maddi vəziyyətinin güclənməsinə səbəb olacaq.

Təəssüf ki, ÜTT-yə üzvlük məsələsinin yubanması, həm də qeyd olunan sahələrdə sürətli irəliləyişin qarşısını alan əsas amillərdən biridir. ÜTT-yə üzvlük həm də Azərbaycana öz potensialının üzə çıxarılması və real imkanlarının qiymətləndirilməsi baxımıdan əhəmiyyətlidir.

  1. 7. Iqtisadiyyatın neftdən asılılığının əsas problem olaraq qalmaqdadır

Azərbaycan iqtisadiyyatının neft amilindən asılılığı bu ildə davam etdi. Belə ki, iqtisadiyyatının bütün sahələrində neft sektorunun payı  minimum 60% maksimum isə 90-95% arasında dəyişir.İxracın 95%-ni neft və neft məhsullarının ixracı təşkil edir. Azərbaycanın qeyri-neft ixracının həcmi Gürcüstanın ümumi ixracının 65%-nə çatır. Bu isə, ölkənin Cənubi Qafqazda lider olması fikrinə uyğun gəlmir. Bundan başqa qeyri-neft büdcə gəlirlərinin həcminə görə  Azərbaycanın büdcəsi Gürcüstanın büdcə gəlirlərinə bərabərdir ki, bu da iqtisadiyyatın bütün sahələrində neft faktorunun dominant rolunun göstəricilərindən biridir. Azərbyacanda qeyri-neft ÜDM-in adambaşına düşən həcmi baxımından da Cənubi Qafqaz ölkələri arasında ən aşağı göstəriciyə malikdir. Digər tərəfdən Gürcüstan və Ermənistanda xidmət sektoru ÜDM-un 55-60%-ni təşkil etidiyi halda, Azərbaycanda bu göstərici 27-30% arasında dəyişir. Həmçinin, Azərbaycanda mövcud olan xidmət sektoru da dolayı yolla neft sektorundan maliyyələşir ki, bu da Azərbaycan iqtisadiyyatının birtərəfli inkişaf etdiyini göstərir. Ölkə iqtisadiyyatının neft amilindən həddən artıq asılı olması isə iqtisadi artımın kövrək olması riskini yaradır.

Yekun

İqtisadi baxımdan bu il ərzində sosial və iqtisadi sferada bir çox addımlar atılsa da, il ərzində elə də ciddi, köklü islahatlar aparılmadı. Belə ki, il ərzində həm minimum pensiyaların, minumum əmək haqqının, təqaüdlərin, həmçinin ümumilikdə büdcə təşkilatlarında çalışanların əmək haqqları artırılsa da, korrupsiya və rüşvətxorluğa, inhisarçılığa, iqtisadiyyatın neftədən asılılığının azaldılması və s istiqamətlərdə ciddi irəliləyişlər olmadı. Nəticədə Azərbaycan bu ildə beynəlxalq təşkilatlar tərəfindən hər il açıqlanan dünya üzrə  korrupsiya siyahısında 10 pillə gerilədi.

Digər tərəfdən atılan addımların bir çoxu, ölkədəki real iqtisadi vəziyyət nəzərə alınmadan atıldı. Belə ki, əmək haqqları və pensiyalar cüzi artsa da, buna paralel olaraq, metroda gediş haqqları artırıldı, həmçinin rəsmi məlumatlara əsasən ölkədə ərzaq məhsullarının qiymətlərində də ikirəqəmli artım müşahidə olundu. Bütün bunlar isə, artan əmək haqqlarının əhalinin sosial-iqtisadi vəziyyətinə müsbət təsirlərini azaltdı.

İqtisadi baxımdan ilin ən həyəcan doğuran hadisəsi isə, Azərbaycanın son 5-6 illik tarixində ilk dəfə olaraq ölkə üzrə ÜDM artımının sıfır faziə kimi enməsi oldu. Buna əsasən neft hasilatındakı azalma səbəbilə neft ÜDM-dəki azalma və iqtisadi ədəbiyyatda baza effekti kimi xarakterizə olunan məhfum səbəb oldu. ÜDM-in strukturunda neft sektorunun dominant rol oynaması nəticəsində, neft sektorunda baş verən cüzi dəyişikliyin ölkə iqtisadiyyatına təsirləri artdı.

Azərbaycan iqtisadiyyatı bu ildə diversifikasiya olunmadı və hətta bəzi sahələrdə neftən asılılıq daha da artdı. Belə ki, bu il dövlət büdcəsinin gəlirlərinin 60%-indən çoxunu neft gəlirləri təşkil etdi, xarici ticarət dövriyyəsi, sənaye və s. sahələrdə neft amilinin rolu daha da gücləndi.

Yeni qaz yataqlarının kəşf olunması nəticəsində Azərbaycann təsdiq olunmuş qaz ehtiyatları 2,55 trilyon kub metrə çatdı və nəticədə Azərbaycanın  gələcəkdə həm də qaz ixrac edən ölkəyə çevrilmə potensialı artmış oldu. Azərbaycan həmçinin Türkiyəyə satılan qazın qiymətində Türkiyə ilə razılığa gəldi. Lakin, Azərbaycan neftinin Avropaya nəqlini nəzərdə tutan Nabukko və digər bu kimi iri layihələrin reallaşması istiqamətində ciddi addımlar atılmadı.

Azərbaycanın ÜTT-yə üzvlüyü məsləsi bu il də həllini tamayan məsələlərdən biri oldu. ÜTT ilə Azərbaycan arasında  danışıqlar təxirə salındı.

 

 

 

Leave A Comment