“Nabucco”nun reallaşması çətin olacaq

“Nabucco”nun reallaşması çətin olacaq

Türkiyənin Rusiya meyilli açıqlamaları ondan xəbər verir ki, rəsmi Ankara enerji layihələri ilə bağlı məsələlərdə mövqeyini dəyişib

Türkiyənin “Cənub axını” qaz kəmərinin ərazisindən keçməsinə razılıq verməsi Fransaya qarşı rəsmi Ankaranın növbəti addımı kimi dəyərləndirilir. Qeyd edilir ki, bununla Türkiyə Avropanın, o cümlədən Fransanın marağında olduğu qlobal enerji layihələrinə qarşı çıxır.

Bəzi ekspertlər hesab edirlər ki, “Cənub axını”nın, habelə Anadolu qaz kəmərinin tikintisi Avropa İttifaqının Rusiya qazından asılı olmamaq üçün həyata keçirilməsini çox istədiyi “Nabucco” qaz kəmərinin tikintisini gərəksiz edir.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov “Nabucco”ya münasibətin birmənalı olması fikri ilə razılaşsa da, Türkiyənin məlum qərarlarının Fransaya qarşı yönəlməsi düşüncələrini bölüşmür. “Bu yaxınlarda Azərbaycan Türkiyə ilə yeni bir anlaşma imzaladı. Yeni anlaşmaya əsasən, Azərbaycan qazı Türkiyə vasitəsi ilə Avropaya çıxarılacaq. Yəni Azərbaycandan gedən qazın bir hissəsi Türkiyənin özü tərəfindən istehlak olunacaq. Digər bir hissəsi isə Avropa ölkələrinə satılacaq. Bu səbəbdən də güman edirəm ki, “Nabucco”ya münasibət dəyişib. Çünki “Nabucco” layihəsi də bütövlükdə Azərbaycan qazının Avropaya çatdırılmasını özündə ehtiva edir, Türkiyə ilə Azərbaycan arasında bağlanan anlaşma da Azərbaycan mavi qazının Avropaya çatdırılmasını nəzərdə tutur. “Ona görə də “Nabucco” gündəmdən çıxır”.

İqtisadçının sözlərinə görə, Türkiyənin Rusiya meyilli açıqlamaları ondan xəbər verir ki, rəsmi Ankara enerji layihələri ilə bağlı məsələlərdə mövqeyini dəyişib. “Hər halda güman olunmur ki, bu addımları ilə Türkiyə Avropaya təzyiq etmək istəyir. Nəzərə almaq lazımdır ki, Avropa yalnız Fransadan ibarət deyil. Problem isə Fransa ilə Türkiyə arasındadır, Avropa ilə deyil. Bundan başqa Fransa “Nabucco” layihəsindən ciddi şəkildə xeyir görən tərəf deyil. Fransa bu layihədə aktiv bir ölkə deyil. “Nabucco” Mərkəzi və Şərqi Avropa ölkələrini mavi qazla təmin etmək məqsədini hədəfləyirdi. Bu səbəbdən də mən məlum addımları Türkiyənin təzyiq vasitəsi kimi düşünməzdim”. V.Bayramov hesab edir ki, Türkiyə ilə yanaşı, Azərbaycanın da regional layihələrə yanaşması dəyişib. “Hər halda rəsmi Ankara ilə son anlaşma və Türkiyənin Rusiyameyilli qərarları ondan xəbər verir ki, “Transxəzər” layihələrin reallaşmasında müəyyən problemlər hiss edilməkdədir. O cümlədən güman edilir ki, “Nabucco”nun reallaşması kifayət qədər çətin olacaq”.

Leave A Comment