Hansı mağazalarda aldadıldığımızı necə ayırd edək?

Hansı mağazalarda aldadıldığımızı necə ayırd edək?

İlin bütün ayları endirim təklif edən Azərbaycan mağazaları

29 yaşlı Asəf Əliyev adlı Bakı şəhər sakini Yeni il ərəfəsində evinə yeni paltaryuyan maşın almaq istəyirdi. Asəf paytaxtda Akademik Həsən Əliyev küçəsində (keçmiş İnqilab-red.) yerləşən məişət malları mağazalarını gəzərək evinə almaq istədiyi 5 kq tutuma malik paltaryuyan maşınların qiymətinə baxmaq qərarına gəlir. Yeni il ərəfəsi olduğu üçün mağazaların əksəriyyətinin vitrinində “Yeni il endirimləri”, “Bütün məhsullara 50 faiz endirim”, “Şok endirim” və sair bu qəbildən şirnikləndirici xarakterli sözlər yazılmışdı. Asəf yeni il öncəsi paltaryuyan maşını daha ucuz qiymətə ala biləcəyinə sevinərək qarşısına ilk çıxan vitrinində “Şok endirim” yazılmış mağazaya daxil oldu. Bu mağazada 5 kq tutuma malik paltaryuyan maşınlar markasından asılı olaraq 300 manat qiymətdən başlayırdı. Belə gücə malik paltaryuyan maşınların qiyməti markasından asılı olaraq 550 manatadək idi. Mağazada rastlaşdığı mənzərə Asəfi bir qədər pərişan etdi. “Axı bu necə ola bilər? Mağazanın üzərində “Şok endirim” sözləri yazılıb… İçəridəki qiymətlər isə ucuzluğu ilə seçilmir”, – deyə Asəf Əliyev bir anlıq fikrindən keçirdi. O, fikrindən keçən sualı mağazadakı satıcıya da verdi. Satıcı Asəfə sübut etməyə çalışırdı ki, 300 manata satılan ən ucuz 5 kq tutuma malik paltaryuyan maşın bir neçə ay əvvəl satıcılara 500 manata təklif edilirmiş. Asəf Əliyev isə satıcıya “Qiymətləri əvvəlcə “ceyran belinə çıxarırsınız”, sonra əvvəl satdığınız qiymətə endirirsiniz” deyərək mağazanı tərk edi. O, başqa mağazalara da girərək paltaryuyan maşınların qiymətləri ilə tanış oldu. Ancaq digər mağazalarda da vəziyyət təxminən birinci ticarək obyektindəki kimi idi. Mağazaların vitrinlərində böyük hərflərlə endirimlər haqqında məlumat verilsə də qiymətlər ucuzluğu ilə seçilmirdi.

70-80 faiz endirimlər daha çox saxta xarakter daşıyır

Mütəxəssislər isə əslində mağazalarda satılan mallara 50, 60 və 70 faiz endirimlərin tətbiq edilməsinin daha çox saxta xarakter daşıdığını bildirirlər. İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı ekspert Vüqar Bayramov ANS PRESS-ə açıqlamasında mağazalarda 70-80 faiz endirim edildiyini iddia edildiyini? əslində isə vəziyyətin ilk baxışda göründüyü kimi olmadığını bildirir. “Mala 70-80 faiz endirim edilməsi məhsulun qiymətinin kifayət qədər ucuzlaşmasına gətirib çıxarardı. Ancaq Bakının mağazalarında mallara 70 faiz endirim edildikdən sonra da məhsulun qiyməti yüksək olaraq qalır. Bu isə onu sübur edir ki, endirimlər real deyil. Saxta endirimlər istənilən halda istehlakçıların hüquqlarının pozulması deməkdir. Belə ki, istehlakçılara malın qiyməti haqqında yanlış məlumatlar verilir. Ümumiyyətlə, saxta endirmlər edilməsi qanuna zidd bir məsələdir. Belə ki, praktikada saxta endirimlərə şirniklənərək mağaya daxil olan alıcı oradan nə isə alaraq çıxır. Bu isə deməkdir ki, mağaza sahibi alıcının endirimlərə qarşı olan inamından sui istifadə edərək öz məhsulunu real olmayan qiymətə satır”, – deyə Vüqar Bayramov bildirir.

İqtisadçı ekspert saxta endirimlərə qarşı mübarizənin artırılmasının vacibliyini vurğulayır. Ekspert bu məsələ ilə təkcə istehlakçıların deyil, həm də müvafiq dövlət qurumlarının mübarizə aparmalı olduqlarını bildirir: “Bazar üçün süni qiymət artımları nə qədər qorxuludursa, saxta endirimlər də bir o qədər təhlükəlidir. İqtisadi İnkişaf Nazirliyi süni qiymət artımlarına qarşı necə mübarizə aparırsa, saxta endirimlərə qarşı da eynilə mübarizə aparmalıdır”.

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyevin ANS PRESS-ə verdiyi məlumata görə, təsərrüfat subyektlərinin tətbiq etdikləri bütün endirimlər, onlar tərəfindən reklam olunan məlumatlara uyğun olmalıdır.

A. Əliyevin sözlərinə görə, İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti endirimlərin tətbiqi zamanı qanunvericiliyin tələblərinə əməl edilməsi ilə bağlı mütəmadi olaraq monitorinqlər aparır. Son zamanlar aparılmış yoxlamalar zamanı endirimli qiymətlərlə mal təklif edən 15-dək təsərrüfat subyektində endirimlərin düzgün tətbiq edilməməsi və istehlakçıların seçmə sərbəstliyinə təsir göstərən qanunsuz reklam üsullarından istifadə edilməsi halları aşkar edilib və həmin reklamların yayımı dayandırılıb.

Mətbuat xidmətinin rəhbərinin sözlərinə görə, istehlakçılardan endirimli qiymətlərlə mal təklif edən ticarət obyektlərində endirimlərin düzgün tətbiq edilməməsi halları ilə rastlaşdıqda, İqtisadi İnkişaf Nazirliyin Telefon Məlumat Mərkəzinə (195-2), İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə (əlaqə telefonları: 195-2, 498-15-01 və 498-15-04, e-ünvan: office@consumer.gov.az) müraciət edə bilərlər.

İqtisadi İnkişaf Nazirliyindən həmçinin bildirildi ki, mövcud qanunvericiliyə əsasən, haqsız rəqabətə yol vermiş təsərrüfat subyektləri barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılır və haqsız rəqabət fəaliyyəti göstərilən dövrdə (yəni saxta endirim kampaniyası dövründə) bazar subyektinin əldə etdiyi ümumi gəlirin 10 faizinədək maliyyə sanksiyası tətbiq edilir.

Bununla yanaşı yayımlanan qeyri-dəqiq (yalan) reklamın dayandırılması barədə icrası məcburi göstəriş verilir. Verilmiş göstəriş vaxtında icra edilmədikdə isə təsərrüfat subyektinə son üç ayda əldə edilmiş gəlirin 10 faizinədək maliyyə sanksiyası tətbiq edilir

Azərbaycanda şişirdilmiş endirimlərə qarşı mübarizə üçün ayrıca qanun layihəsi yoxdur

İqtisadçı ekspert Vüqar Bayramov bundan başqa Azərbaycanda saxta endirimlərə qarşı mübarizə aparmaq üçün xüsusi qanun layihəsinin də qəbuluna ehtiyac olduğunu bildirir. Bel’ ki, Azərbaycanda saxta endirimlərə qarşı mübarizə “Istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanun”a əsasən mübarizə aparılır. Ekspert isə təklif edir ki, qonşu Rusiyada olduğu kimi bizdə də saxta endirimlərə qarşı xüsusi qanun layihəsi qəbul edilsin. Bu, saxta endirimlərlə mübarizənin effektivliyinə öz təsirini göstərər.

“Rusiyada adıçəkilən qanunun qəbulundan sonra saxta endirimlərə qarşı mübarizənin gücləndiyi nəzərə çarpıb. Şişirdilmiş endirimlərə qarşı mübarizəni artırmaq üçün cərimələrin məbləği də artırılmalıdır. Yeri gəlmişkən qanunvericiliklə saxta endirimlərə yol verən sahibkarlara qarşı xüsusi cərimə mövcud deyil. Onlar istehlakçıların hüquqlarını pozduqları üçün inzibati qaydada cəzalandırılırlar. Saxta endirimlərlə bağlı cərimə məbləğlərinin müəyyənləşdirilməsi və məbləğlərin artırılmasına ehtiyac var”, – deyə Vüqar Bayramov qeyd edib.

İqtisadçı ekspert real olmayan endirimlərlə mübarizənin artırılması üçün qanunvericiliyə bir neçə xəbərdarlıq edildikdən sonra saxta endirimlərə yol verən təsərrüfat subyektinin fəaliyyətinin dayandırılması haqqında xüsusi bəndin salınmasının vacibliyini də vurğulayır.

Saxta endirimlərə səbəb inhisarlaşma və qiymət mədəniyyətsizliyidir

Millət vəkili, Milli Məclisin iqtisadi siyasət komitəsinin üzvü Əli Məsimli Azərbaycanda həqiqətən də mütərəqqi beynəlxalq təcrübə əsasında, bazar iqtisadiyyatının ruhuna uyğun yeni ticarət haqqında qanun layihəsinin qəbuluna ehtiyac olduğunu bildirir. Millət vəkili ölkəmizdə saxta endirimlərin baş verməsinə səbəb kimi isə inhisarlaşma və qiymət mədəniyyətsizliyini göstərib.

“Xaricdə Yeni ilə iki həftə qalmış mağazalarda böyük endirim kampaniyaları yaşanır. Əslində bu kampaniyadan həm alıcılar, həm də sahibkar qazanır. Sahibkar dövriyyəni artıraraq satışdan gəlir əldə edir, alıcı isə endirimlərdən faydalanır udmuş olur. Bizdə isə əksər mağazalarda endirimlər saxta xarakter daşıyır. Saxta endirimin mahiyyəti ondan ibarətdir ki, bir malın reallıqda qiyməti 10 manatdırsa, sonradan onu 30 manata qaldırıb bayram ərəfəsində 50 faiz endirim edərək 15 manata camaata “sırıyırlar”. 10 manata olan malı 50 faiz baha satıb adını qoyurlar ki, 50 faiz endirim etdik. Bu, ticarətdə saxtakarlıq və manipulyasiyasının bir növü sayılır. Qeyd edim ki, bu sahədə vəziyyət çox bərbaddır. Elə sistem qurulmalıdır ki, saxta endirimlərə qarşı mübarizəni nəzərdə tutan qanunlar işləsin”, – deyə Əli Məsimli bildirib.

Əli Məsimli qiymət artımı ilə bağlı öz başına gələn maraqlı bir əhvalatı da bizimlə bölüşdü: “Bu yaxınlarda musiqiçi dostlarımdan birinə digər bir musiqiçi zəng edərək bildirmişdi ki, toy qiymətini iki dəfə artırmaq lazımdır. Səbəbini isə belə izah etmişdi ki, bəs, gilasın qiyməti 50 qəpikdən 1 manata qalxıb. Buna görə də toy qiymətlərini artırmaq lazımdır. Həmin musiqiçi başa düşmür ki, gilasın qiyməti artanda 1 manat edir. Toy qiyməti isə 5 min manatdan 10 minə qalxır. Deməli, məntiqlə mebel salonunun sahibi oğluna toy edirsə o da satdığı mebellərin qiymətini artıraraq musiqiçiyə verəcəyi əlavə pulu buradan pulu çıxaracaq. Görün, bir gilasın qiymətinin artması Azərbaycanda necə zəncirvari effekt yaradır?”, – deyə Əli Məsimli bildirib.

Qeyd edək ki, şimal qonşumuz olan Rusiyada artıq saxta endirimlər haqqında xüsusi qanun layihəsi qəbul edilib. Qanun layihəsinə əsasən endirimlə satılan malın üzərində endirim kampaniyasından əvvəlki və sonrakı qiymətlərin göstərilməsi vacibdir. Artıq Rusiyada saxta endirimlərə yol verən ticarət obyektlərini ciddi maliyyə cərimələri gözləyir. Analoji qanunvericilik aktları bır sıra MDB ölkələrində, hətta bəzi Mərkəzi və Şərqi Avropa dövlətlərində də qəbul edilib.

Qonşu Türkiyədə isə saxta endirimlərlə bağlı vəziyyət daha acınacaqlıdır. Bir neçə ay bundan əvvəl Türkiyə Ticarətçilər və Sənətkarlar Konfederasiyası ilə Türkiyə Geyim Sənayeçiləri Dərnəyi birgə toplanı keçirərək bu ölkədə saxta endirimlərlə bağlı mövzunu müzakirə etmişdilər. Toplantıda ilin 12 ayı endirimlərin tətbiq edilməsinin mümkünsüzlüyü və 70 faiz endirimlərin daha çox saxta xarakter daşıdığı bildirilirdi.

Mağazalarda endirimlərin şişirdilmiş olduğunu müəyyənləşdirmək işi çox vaxt istehlakçıların üzərinə düşür. Bunu müəyyənləşdirməyin isə bir neçə yolu var. İlk növbədə satıcıdan endirimdən əvvəlki məhsulun qiyməti tələb edilməlidir. Satıcı endirim edilən məhsulun əvvəlki qiymətini istehlakçıya təqdim etməyə borcludur. Bu, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında qanun”la təsbit olunub. Əks halda şübhələnmək üçün əsas var.

Azad Əliyev, ANS PRESS

 

Leave A Comment