Cari ildə İpoteka Fondunun kreditlərində 3,8 faiz artım proqnozlaşdırılır

Cari ildə İpoteka Fondunun kreditlərində 3,8 faiz artım proqnozlaşdırılır

Ötən ildə dövlət büdcəsindən ayrılan ipoteka kreditlərinin məbləği 2010-cu ilə nisbətən artıb. Bunu SalamNews-a İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, dövlət büdcəsindən 2011-ci ildə sosial ipoteka kreditlərinin verilməsinə 20 milyon manat vəsait ayrılıb, 2010-cu ildə isə bu rəqəm 14 milyon manat təşkil edib. İpoteka Fondu tərəfindən adi ipoteka kreditlərinin verilməsinə ayrılan vəsaitlərin həcmində azalmalar olub.

O deyib: “2011-ci ildə Fond tərəfindən adi ipoteka kreditlərinin verilməsinə 77 milyon manat ayrılıb. 2010-cu ildə isə bu rəqəm 90,5 milyon manat təşkil edib. Praktiki olaraq, adi ipoteka kreditlərinin verilməsinə ayırlan vəsait 2011-ci ildə 2010-cu ilə nisbətən 15 faiz aşağı düşüb”.

Ekspert vurğulayıb ki, adi ipoteka kreditləri dövlət büdcəsi hesabına maliyyələşdirilmir və bu kreditlər İpoteka Fondunun məhz ipoteka istiqrazları yerləşdirilməsinə əsasən əldə etdiyi vəsaitlər hesabına həyata keçirilir. Belə ki, əgər 2010-cu ildə Fond 81 milyon manatlıq ipoteka istiqrazı satmışdısa, 2011-ci ildə bu rəqəm 77 milyon manat olub.

Bütövlükdə isə 2011-ci ildə İpoteka Fondu tərəfindən 97 milyon manat sosial və adi ipoteka kreditləri vətandaşlara verilib.

V.Bayramov söyləyib ki, 2011-ci ildə məhz kommersiya bankalarının kommersiya ipoteka kreditlərinin verilməsində də azalmalar müşahidə edilib. Belə ki, 2010-cu ildə kommersiya bankları 96,9 manat ipoteka krediti vermişdilərsə, 2011-ci ildə isə bu rəqəm 95,5 milyon manat olub, bu da ötən illə müqayisədə 1,5 faiz azdır.

Mərkəzin rəhbəri bildirib ki, bu il dövlət büdcəsindən sosial ipotekaya 20 milyon manat vəsait ayrılıb. Adi ipoteka kreditlərinə isə 80 milyon manat ayrılacağı proqnozlaşdırılır. Bu da o deməkdir ki, 2012-ci ildə adi ipoteka kreditlərinin verilməsinə ayırılan vəsait 2011-ci ilə müqayisədə 3 milyon manat və ya 3,8 faiz çox olacaq. Hər halda 2012-ci ildə bu sahəyə ayrılan məbləğin dövlət büdcəsindən maliyyələşdirildiyi üçün 20 milyon manatın ayrılmasında problem olmayacaq. Adi ipoteka kreditlərinin verilməsi isə İpoteka Fondunun hansı məbləğdə ipoteka istiqrazının satmasından aslı olacaq. Bütövlükdə, cari ildə İpoteka Fondunun verəcəyi kreditlərin məbləğində 3,8 faiz artım proqnozlaşdırılır.

 

Leave A Comment