Azərbaycanda elektron ticarət niyə zəifdir?

Azərbaycanda elektron ticarət niyə zəifdir?

Yaxud “on-line mağaza”lara inamsızlığın səbəbi nədir?

Bu gün dünyanın inkişaf etmiş ölkələrində aparılan ticarətin yarıdan çoxu elektron üsulla həyata keçirilir. Yəni, insanlar on-line şəkildə, internet vasitəsilə almaq istədikləri malı sifariş edib əldə edirlər.

Elektron ticarətin ənənəvi ticarətdən bir neçə üstünlüyü var. Əgər alıcılar üçün əsas üstünlük əlavə vəsaitə və vaxta qənaət edilməsidirsə, bu dükan üçün, əlavə işçilərə çəkiləcək xərclərə qənaət edilməsidir. Həmçinin elektron ticarət zamanı bu məhsullarla tanış ola biləcək insanların sayı daha çox olur. Bu cur ticarətin geniş yayıldığı ölkələrdə vergidən yayınma halları da azdır. Çünki ödəmə elektron üsulla aparıldığından bütün hesablaşmalar qeydə alınır və vergiyə cəlb olunur.

Müstəqil ekspertlərin hesablamalarına görə, bu gün Azərbaycanda aparılan ticarət əməliyyatlarının cəmi 3 faizə qədəri elektron şəkildə həyata keçirilir. Amerika Birləşmiş Ştatlarında bu rəqəm 75 faiz, Avropa ölkələrində isə 60 faizdir. İqtisadçılar Azərbaycanda elektron ticarətin inkişafı üçün şirkətlərin stimullaşdırılmasını vacib sayırlar.

İqtisadçı-ekspert Vüqar Bayramov hesab edir ki, ilk əvvəl bu şirkətlər əlavə dəyər vergisindən azad olunmalıdırlar: “Bu, olduqca vacibdir. Çünki, elektron ticarət xidməti göstərən şirkətlər əlavə dəyər vergisindən azad olunarlarsa, bu onlara stimul verəcək ki, təklif etdikləri məhsulların qiyməti daha aşağı olsun. Həmçinin onlar bununla daha çox alıcı cəlb etmək imkanında olacaqlar. Təbii ki, eletron ticarətlə məşğul olmaqla, onlar daha çox gəlir əldə edə biləcəklər”.

Hazırda Azərbaycanda elektron ticarət vasitəsilə əhali əsasən restoranlardan yemək, ərzaq, parfümeriya məhsulları, kiçik elektron cihazlar, az sayda turizm şirkətlərindən isə bilet sifariş edirlər. Amma Avropada elektron ticarət vasitəsilə hətta iri məbləğli alış-verişlər edilir. Elektron ticarətlə məşğul olan sahibkarlar isə əhalinin bu üsulla alış-verişə meyl etməməsinin səbəbini belə izah elirlər:

Elektron ticarət aparan şirkətin nümayəndəsi Şəhriyar Əbilovun sözlərinə görə, bir az anlaşılmazlıqlara səbəb olan insanların internet ticarət saytlarına inamsız yanaşmasıdır: “İnsanların çoxu hələ də inanmırlar ki, onların ödədikləri pul tam şəkildə həmin şirkətə çatacaq. Düşünürlər ki, onların kartlarını xakerlər poza bilərlər və ya hər hansısa hadisə baş verə bilər”.

Mütəxəssislərin fikrincə, Azərbaycanda elektron ticarətin inkişafını ləngidən daha bir amil əhalinin böyük qismində elektron ödəniş kartlarının yoxluğu, olanlarda isə bu cür ödənişə inamın az olmasıdır. Bu işə mənfi təsir göstərən amillərdən biri kimi, həm də internetin keyfiyyəti göstərilir. Azərbaycanda elektron ticarətlə bağlı daha bir çatışmayan cəhət isə burada satılan mallara verilən zəmanətlə bağlıdır.

İqtisadçı Vuqar Bayramovun sözlərinə görə, hər hansısa vətəndaş və ya alıcı elektron ticarətdən istifadə etməklə hər hansısa məhsulu alırsa, həmin məhsul isə keyfiyyətli deyilsə, onun geri qaytarılması mexanizmi demək olar ki, yoxdur: “Çünki həmin elektron ticarətlə məşğul olan şirkətin konkret ofisi olmadığından, onlar daha çox alqı-satqını internet vasitəsi ilə həyata keçirdiklərindən bu çox çətindir. Onların tapılması, malın geri qaytarılması və malın keyfiyyətsiz olduğunun sübut edilməsi kifayət qədər böyük vaxt tələb edir”.

Qeyd edək ki, Azərbaycanda “Elektron ticarət haqqında” qanun 2005-ci ildə qəbul olunub. Lakin internet üzərindən ödəmə sistemi olmadığından, Azərbaycanda bu sahədə ilk addımlar 2008-ci ildə atılıb. Elektron ticarətin genişləndirilməsi və elektron ödəmə sistemlərinin inkişaf etdirilməsi, həm də Azərbaycanın “Eurovision” mahnı müsabiqəsinin təşkilatçısı kimi üzərinə götürdüyü öhdəliklərindən biridir. Elektron ticarətin inkişafı “Elektron hökumət” Dövlət Proqramının da prioritetlərindən biri hesab olunur.

Vəfa Şəhlayi, ANS TV

 

Leave A Comment