İpoteka proqramına təklif edilən düzəlişlər nəyi dəyişəcək?

İpoteka proqramına təklif edilən düzəlişlər nəyi dəyişəcək?

Vüqar Bayramov: “Kreditlərin verilməsi şərtlərinin yüngülləşdirilməsi ilə yanaşı maliyyə mənbələrinin genişləndirilməsi vacibdir”

2011-ci ilin əsas gündəmini təşkil edən ipoteka proqramının təkmilləşdirilməsi ilə bağlı Mərkəzi Bank və  Gənclər və İdman Nazirliyinin irəli sürdüyü təkliflər yaxın zamanlarda reallaşa bilər. Belə ki, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri Vüqar Bayramovun açıqlamasına  görə, ipoteka proqramının təkmilləşdirilməsi ilə bağlı təkliflərin yaxın zamanlarda hökümətdə təsdiqi gözlənilir: “Dəyişikliklər daha çox sosial ipoteka proqramının təkmilləşdirilməsini əhatə edəcək. Hansıki buraya  faiz dərəcəsinin 4 faizdən 2 faizə endirilməsi, sosial  ipoteka proqramından istifadə edən kateqoriyanın tərkibinini dəyişdirilməsi  daxildir. Faizlərin aşağı salınması təklif olunsa da hazırda tətbiq olunan ödəniş müddətinin saxlanması nəzərdə tutulub. Nəticədə  uzun  müddətli ödənişin aparılması  mənzilin dəyərindən çox vəsaitin  ödənilməsi demək olacaq”.

V.Bayramov təkliflərə yaş məhdudiyyəti ilə bağlı məqamların aradan qaldırılmasının da daxil edildiyini bildirir: “Hazırki tələblərə görə, güzəştli ipoteka  kreditlərindən 35 yaşa qədər vətəndaşlar  istifadə edə bilər. Hökümətdə bu rəqəmin artırılması və sosial ipoteka kreditlərindən yalnız ailəli deyil, subay gənclərin də istifadə etməsinə imkan yaradılması müzakirə edilir”.

Məlum olur ku, təkliflər paketinə  hər iki ipoteka krediti üzrə maksimum məbləğlərin artırılması  daxildir: “ Sosial ipoteka kreditlərinin maksimum məbləğinin 35 min manatdandan 50 min manata, adi ipoteka kreditlərinin maksimum məbləğinin 50 min manatdan 75 min manata artırılması planlaşdırılır. Mərkəzi Bankın hazırladığı təkliflərdə ilkin ödənişin İpoteka Fondunun yanında yaradılacaq Zəmanət Fondu tərəfindən həyata keçirikməsi  də əksini tapır”.

İqtisadçı  adi ipoteka proqramı ilə bağlı bir sıra məsələlərin açıq qaldığını və  təkliflər paketinə daxil edilmədiyini söyləyir: “Sosial ipoteka kreditləri üzrə faizlərin endirilməsi irəli sürülsə də adi ipoteka kreditlərində faizlər yüksək olaraq qalmaqdadır. Praktiki Azərbaycan MDB-də ən yüsək ipoteka faizi təklif edən 3 ölkədən biridir. Adi ipoteka kreditlərinin 8 faizlə təklif edilməsi 50 min manat kredit götürən vətəndaşın proqram dövründə götürdüyü kreditdən 2.5dəfə artıq vəsait ödəməsinə gətirib çıxarıb. Bu da iqtisadi və maliyyə baxımından əlverişli deyil. İpoteka krediti almaq üçün tələb edilən sənədlərin sayının azaldılması istiqamətində də işlər ləng gedir.Baxmayaraq ki, İqtisadi və Sosial İnkişaf Mərkəzi hələ iki il əvvəl elektron ipotekanın tətbiq edilməsi təklifi ilə çıxış edib.Bundan əlavə adi və sosial ipoteka krediti üçün tələb edilən əməkhaqqı məbləği kifayət qədər yüksəkdir. Hazırda 50 min manatlıq adi ipoteka krediti üçün ölkə üzrə ortaaylıq əməkhaqqıdan 2 dəfə çox ( 700 manat və bundan daha artıq) əməkhaqqı tələb edilir.  Bunu sosial baxımdan izah etmək çətindir. Çünki əməkhaqqı üçün tələb edilən minimumlar orta aylıq əməkhaqqı məbləğindən yüksək olmamalıdır”.

V.Bayramov Mərkəzi Bankın “Tikinti əmanət bankları”nın yaradılması istiqamətində fəaliyyətini də zəif qiymətlənidirir: “Mərkəzi Bank  2011-ci ilin əvvəllərində yaxın zamanlarda “Tikinti əmanət bankları”nın yaradılacağını bildirmişdi. Lakin bu reallaşmadı”.

“Tikinti əmanət bankları”nın  ipoteka proqramının təkmilləşməsi baxımından əhəmiyyətinə gəlincə,iqtisadçı bildirir ki, ilkin ödənişin sözügedən  banklar  tətəfindən ödənilməsinə imkan yarana bilər: “Zəmanət Fondu yaradılsa da bu fond az sayda vətəndaşlar üçün ilkin ödənişin aparılmasını həyata keçirə bilər. “Tikinti əmanət bankları” isə ilkin ödəniş imkanı olmayanların bankdan istifadəsinə gətirib çıxara bilər”.

İSİM rəhbəri  hesab edir ki, sosial  ipoteka proqramından istifadə edən kateqoriyanın tərkibi  dəyişdirilirkən jurnalistlər də aztəminatllı kateqoriya kimi siyahiya daxil edilməlidirlər. Bütövlükdə sosial və adi ipoteka kreditlərinin təkmilləşdirilməsi istiqamətində  irəli sürülən təklifləri müsbət qiymətləndirən iqtisadçı bu təkliflərin ipoteka alanların  daha yüngül şərtlərlə kredit götürməsinə  şərait yaradacağını düşünür: “Lakin ipoteka proqramının maliyyələşdirilməsi mənbələri hələ də məhdudur. Sosial ipoteka kreditləri dövlət büdcəsi, adi ipoteka kreditləri isə İpoteka Fondunun yerləşdirdiyi ipoteka istiqrazlarının satışından əldə edilən vəsaitlər hesabına  reallaşdırılır. 2011-ci ildə sosial ipoteka kreditlərinin verilməsinə 20 milyon manat vəsait ayrılıb.Cari ildə də bu rəqəm dəyişdirilməyəcək. Adi ipoteka kreditlərinə gəlincə, ötən il kreditlərin verilməsinə 77 milyon manat yönəldilib.Nəzərə alsaq ki, 2010-cu ildə bu rəqəm 90, 5 milyon manat olub, deməli adi ipoteka kreditlərinin verilməsinə  ayrılan vəsait  2011-ci ildə 2010-cu illə müqayisədə 15 faiz azalıb.   Göründüyü kimi şərtlər yüngülləşdirilsə də ayrılan vəsaitlərin maliyyə mənbələri məhduddur. Mövcud maliyyə resursları daha çox vətəndaşın ipoteka proqramından faytalanmasına şərait yarada bilməz. O baxımdan şərtlərin dəyişdirilməsi ilə bərabər maliyyə mənbələri də genişləndirilməlidir”.

İqtisadçı alim eyni zamanda ipoteka kreditlərinin verilməsi zamanı bəzi müvəkkil banklarda müşahidə edilən korrupsiya hallarına qarşı ciddi mübarizə aparılmasını vacib sayır.

Leave A Comment