İran Hörmüzü bağlasa, bundan ən çox Çin, Yaponiya və AB ölkələri ziyan görəcək

İran Hörmüzü bağlasa, bundan ən çox Çin, Yaponiya və AB ölkələri ziyan görəcək

Xəbər verdiyimiz kimi, İran İslam İnqilabı Keşikçilər Korpusunun (“Sepah”) Dəniz Qoşunlarının komandanı, admiral Əli Fədəvi Hörmüz boğazının bağlanıb-bağlanmayacağı barədə suallara aydınlıq gətirərək deyib ki, bunu indiyə qədər dəfələrlə sınaqdan keçirdiklərini, həmçinin bu gün dünyanın Hörmüz boğazından keçən neft olmadan da ayaq üstə qalmasının mümkünsüz olduğunu vurğulayıb.
ABŞ-ın Baş Qərargahlar Birləşmiş Komitəsinin rəisi, general Martin Dempsi isə bildirib ki, İranın Hörmüz boğazını uzun müddət bağlı saxlamağa gücü çatmaz: “İran belə bir addım atarsa, ABŞ dərhal Hörmüz boğazını açmaq üçün tədbirlərə əl atacaq”.

Deyerler.Org-a şərhində mövzuya münasibət bildirən iqtisadçı ekspert Vüqar Bayramov hesab edir ki, indiki halda nə ABŞ-ın İrana hücum etməsi realdır, nə də İranın yaxın zamanlarda Körfəzin tam bağlanması ilə bağlı addım atacağı real görsənmir. “İranın və ABŞ-ın açıqlamalarından belə bəlli olur ki, bu ölkələr indiki halda informasiya müharibəsi aparırlar. İnformasiya müharibəsi apararaq, məhz bir-birilərini potensial təhlükələrdən sığortalamağa çalışırlar. İndiki halda nə ABŞ-ın İrana hücum etməsi realdırl, nə də İranın yaxın zamanlarda Körfəzin tam bağlanması ilə bağlı addım atacağı görsənir.

Güman olunur ki, İran Qərbə təzyiq üçün Körfəzin bağlanması ilə bağlı müəyyən addım atacaq, amma bu, bütövlükdə Körfəzdə əməliyyatların dayandırılması anlamına gəlməyəcək. Çünki bu, kifayət qədər ciddi bir addımdır və Qərbin ciddi təzyiqi ilə üzləşər.

Amma əgər İran belə bir addım atarsa, bu, birmənalı şəkildə dünya neft bazarına təsir göstərəcək və dünyada neftin qiymətinin yülsəlməsinə səbəb olacaq. Nəzərə alsaq ki, dünyada neft ixracatının 40%-i həmin boğaz vasitəsilə keçir, o zaman sözsüz analitiklərin də proqnozlaşdırdığı kimi, dünyada neftin qiyməti bir barel üçün 250 dollaradək yüksələ bilər. Sözsüz ki, bu, dünyada yeni bir böhranın yaranmasını qaçılmaz edər. Amma bundan itirən tərəflər daha çox Çin, Yaponiya və Avropa ölkələri olacaq. Əvvəla, ABŞ özü neft istehsalçısıdır, həmçinin Birləşmiş Ştatlar idxal etdiyi neftin müəyyən bir qismini anbarlarda ehtiyat kimi saxlayır, ona görə də ABŞ-ın bu proseslərdən sığortalanmaq şansı var.

Çin, Yaponiya və Avropa ölkələri isə demək olar ki, tamamilə, Norveç və B. Britaniya istisna olmaqla, neft idxalından asılırlar. Bu ölkələrdə yeni böhran yaranacaq. Bu addımın atılmasının İran üçün də mənfi nəticələri ola bilər. Çünki bu halda İran üçün təzyiqlərin də artacağı təbiidir. Çünki bir çox sanksiyaları Rusiya və Çin dəstəkləmir. Amma bu baş verərsə, onda İranın qlobal müstəvidə təklənməsinə səbəb ola bilər. Ona görə də bu hadisənin baş verəcəyi real deyil”.

Leave A Comment