İrana sanksiyalar neftin qiymətini 8 faiz artırıb

İrana sanksiyalar neftin qiymətini 8 faiz artırıb

Xalid Mikayılov: “Dünyada iqtisadi artım templəri  zəifləyəcək”

İrana qarşı sanksiyaların gücləndirilməsi dünya bazarında neftin qiymətinə təsir göstərib. Belə ki, sanksiyalardan sonra dünya bazarında neftin qiyməti 8% bahalaşıb.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Xalid Miyakılovun verdiyi məlumata görə, 2010-cu ildə dünya ölkələrinin günlük neft istehlakı 85 milyon barel təşkil edib. Bunun da 5%-ni İran təmin edib: “Dünyada ən böyük neft istehlakçısı ABŞ-dır və onun gündəlik neft istehlakı 19 milyon bareldir. Bu da dünya üzrə gündəlik istehlakın 22%-ni təşkil edir. ABŞ-dan sonra ikinci yerdə 16%-lik istehlakla AB dayanır. Sonrakı sırada   10%-lə Çin,5%-lə Yaponiya, 3,6%-lə Hindistan gəlir”.

X.Mikayılov deyir ki, Avropa Birliyni nəzərə almasaq,ən çox neft istehlak edən ölkələrin ilk beşliyini 3,5%-lə Rusiya qapayır: “Onun da günlük istehlakı 2,9 milyon bareldir. Neft istehlak edən ölkələrdən iksinin ABŞ və Rusiyanın həm də neft hasilatçısı olduqlarına  diqqət yetirsək  o zaman “qara qızıl”ın  qiymətindəki artımın ən çox Asiya ölkələrinin iqtisdayyyatına təsir göstərəcəyini deyə bilərik. Bura ilk növbədə, neft istehlakı ildə 7,5% artan Çin və idxalının 10%-ni İran nefti təşkil edən Yaponiya adiddir”.

Məlum olur ki, Çin neftə olan tələbatının 60%-ni Yaxın Şərqin nefti hesabına ödəyir: “Səudiyyə Ərəbistanı və Anqoladan sonra İran Çinin üçüncü ən böyük neft təchizatçısıdır”.

Ekspertə görə,  neftin qiymətlərindəki artım Avropa Birliyi ölkələrinə də təsir edəcək. Çünki, AB-də bəzi  ölkələr  neftə olan ehtiyaclarının 20-30%-ni İran nefti hesabına ödəyirlərlər: “Əgər Çin, Yaponiya, Hindistan, Türkiyə kimi böyük dövlətlər sanksiyalarla əlaqədar İran neftindən imtina edib başqa mənbələr axtarsalar o zaman neftə olan tələbat artacaq. Bu da dünya bazarında neftin qiymətinin artmasına, Avrozonada böhranın dərinləşməsinə, Çin, Hindistan kimi ölkələrin iqtisadi artım tempinin zəifləməsinə gətirib çıxaracaq. Lakin onu da qeyd edim ki, böhran nəticəsində Avropa Birliyinin neftə olan tələbatı azalıb. Hətta keçən ilin ortalarında AB-də neft istehlakının 1995-ci il səviyyəsinə enəcəyi narahatlığı mövcud idi. Avropa Birliyi əvvəlkinə nisbətən daha az, neft istehlak edir. Məsələyə bu tərəfdən yanaşdıqda, baş verəcək qiymət artımının Avropa ölkələrinə təsir etməyəcəyini söyləmək olar. Avropa Birliyi enerji resursları məsələsində ən çox Rusiya və Şimali Afrika ölkələrindən asılıdır. Həmçinin, Avropa Birliyinin İrandan xam neft idxalı cəmi 4% təşkil edir”.

X.Mikayılov bildirir ki, artıq OPEC də 2012-ci ildə dünya üzrə günlük neft istehlakı proqnozunu əvvəlki proqnoza nisbətən 0.2 milyon barel azaldıb: “İstehlak proqnozu əvvəlki 1.3 milyonluq artımdan 1.1 milyona endirilib. OPEC-in proqnozlarına görə, bu il dünyada gündəlik  neft istehlakı 88.9 milyon barel təşkil edəcək.

Ekspert dünyada iqtisadi artım templərinin  zəifləyəcəyini istisna etmir: “Çünki artımın əsas aparıcı lokomotivləri sayılan iri Asiya ölkələri -Çin, və Hindistan artıq istehlaklarını azaltmağa başlayıblar”.

Leave A Comment