Azərbaycan ticarətində “Tax free” sisteminə keçid başlayır

Azərbaycan ticarətində “Tax free” sisteminə keçid başlayır Yeni vergi sisteminin tətbiqi ilə alınan malların əlavə dəyər vergisini geriyə almaq mümkün olacaq.

Vergilər Nazirliyindən bildirilir ki, “Taxe free” sisteminin hazırlanması istiqamətində işlərə 2011-ci ilin sentyabrından start verilib və bu sistemin ilkin tətbiqinə 2012-ci ilin mayınadək başlanılacağı gözlənilir. İqtisadçı ekspert Vüqar Bayramlı deyir ki, “Tax free” sistemi əsasən ticarət və xidmət sektorunda tətbiq edilir. Dünyanın əksər ölkələrində tətbiq edilən “Tax free” sistemi turistlərin cəlbi baxımından böyük üstünlüklərə malikdir.

Vüqar Bayramov – iqtisadçı ekspert: “ “Tax free” sistemində ƏDV-nin qaytarılması prosesi malın mağazada alınmasından başlayır. Turistlər ölkə vətəndaşı kimi vergi ödəyərək çekləri əldə edir. Burda alıcı üçün gömrük bəyannaməsi tərtib edilir. Bu sənəd verginin qaytarılması üçün əsas sənəddir. Verginin qaytarılmasının rəsmiləşdirilməsi isə sərhəddə gömrükdə həyata keçirilir”.

Qaytarılan vergi müştərinin plastik kartına köçürülə və ya çek formasında onun elektron poçtuna göndərilə bilər. Pulun qaytarılması prosesi 3 ayadək davam edə bilər. Xidməti göstərən şirkətin saytında müştəri onun ƏDV-ni qaytarması ilə bağlı müraciətinin necə yerinə yetirildiyini izləyə də bilər. Müsahibimiz deyir ki, “Tax-free” layihəsində təkcə mağazalar yox, ödəmə terminalları da iştirak edə bilər – mağaza və ya digər obyektlərin bu sistemə qoşulduğunu bildirmək üçün onların üzərində turist nişanı olacaq. Dünya praktikasında “Tax-free” xidmətini müəyyən şirkətlər təqdim edir ki, verginin 1-2%-i xidməti göstərən təşkilata çatır, ƏDV-nin qalan hissəsi (adi mallarda 17%, uşaq üçün mallarda 8%) isə turistə qaytarılır. “Taxe free”də müəyyən limitlər də qoyulur, məsələn, Rusiyada ƏDV-nin rəsmiləşdirilməsi üçün bu limit minimum alqı-satqı məbləği 300 dollar, Kanada da isə 50 dollar təşkil etməlidir. İqtisadçı ekspert Vüqar Bayramov deyir ki, Azərbaycanda adıçəkilən sistemin tətbiqi arzuolunandır.

Vüqar Bayramov – iqtisadçı ekspert: “Bunun tətbiqi müəyyən vaxt tələb edir. Bütün sərhəd məntəqələrində ödənilən verginin hesablanması və geri qaytarılması ilə bağlı yeni məntəqələr açılmalıdır”.

12 saylı Vergilər Idarəsinin şöbə rəisi Azər Məmmədov məsələyə münasibət bildirərkən deyir ki, bu tip sistemin tətbiqi vergi sistemində də yeni islahatların aparılmasını tələb edir.

Azər Məmmədov – 12 saylı Vergilər İdarəsinin şöbə rəisi: “Bunun üçün vergi qanunverici bazanın yaradılması, yəni qanunlara dəyişiklər edilməsi və onların icra mexanizləri işlənib hazırlanmalıdır”.

Müsahiblərimizin fikrincə, Azərbaycanda “Taxe free” sisteminin tam olaraq 2013-cü ildə tətbiq ediləcəyi gözlənilir. Belə bir islahat turist axınını artıra, həmçinin, gələn turistə daha çox alış-veriş etməyə stimul olacaq. Müxtəlif ölkələrin təcrübəsi göstərir ki, islahatın tətbiqi turistlərin xərclərinin ölkə daxilində 50 faizə qədər artmasına səbəb olur.

İlham Ələkbərli

Leave A Comment