Gəlirlər inflyasiyadan 2 dəfə çoxdur?

Gəlirlər inflyasiyadan 2 dəfə çoxdur?

Xalid Mikayılov: “Bütün dünyada makroiqtisadi göstəricilər reallığı tam əks etdirmir”

2011-ci ildə işsilik səviyyəsi 5,4%-ə düşüb. Rəsmi məlumatlara görə, ötən il 94 min iş yeri açılıb, yoxsulluğun səviyyəsi 7,6%-ə enib. Həmçinin  əhalinin pul gəlirləri 19,6% artıb. Əhalinin pul gəlirləri inflyasiya ilə müqayisədə 2,5 dəfə çox təşkil edib.

Açıqlanan göstəriciləri şərh edən İqtisadi və Sosial İnkişaf Mərkəzinin ekperti, Xalid Mikayılovun fikrincə, əhalinin gəlirlərinin inflyasiya ilə müqayisədə 2,5 dəfə çox olması inadırıcı deyil: “Gəlirlərin inflyasiyadan 2 dəfə çox olması ilk növbədə əhalinin həyat səviyyəsində özünü göstərməli idi. Lakin, əhalinin həyat səviyyəsində ciddi irəliləyişlər qeydə alınmayıb. Hətta bəzi kateqoriyaların həyat səviyyəsi aşağı düşüb. Buna ilk növbədə ölkədəki qiymətlərin vaxtaşırı artması səbəb olur. Yəni gəlirlər artsa da əhalinin sərəncamında qalan vəsaitlər  artmır. Hökümət əhalinin gəlirlərini rəsmi inflyasiya səviyyəsi ilə müqayisə etdiyi üçün gəlirlərin 2,5 dəfə çox olmasını iddia edir. Lakin, ölkədə hazırda ikirəqəmli inflyasia mövcuddur. Bundan başqa ölkədə təhsil və səhiyyə, eləcə də  bəzi dövlət xidmətləri pulsuz olsa da, insanlar hələ də bu xərclərin böyük hissəsini öz vəsaitləri hesabına maliyyələşdirirlər.Nəticədə onların gəlirləri azaldır.”

Ekspertin fikrincə, yeni açılmış iş yerlərinin bir çoxu sonradan bağlanır: “Azərbaycanda iş yerləri açılan zaman xarici bazarlara çıxış və rəqabətə davamlılıq nəzərə alınmadığı üçün az müddətdə bu iş yerləri bağlanır. Çünki, Azərbaycanda daxili bazarın həcmi kiçik olduğu üçün müəssisənin normal fəaliyyət göstərməsi və ən azından ilkin yaradılmış iş yerlərini qoruyub saxlaması imkanları məhduddur. Yaxşı olardı ki,yeni müəssisələr yaradılan zaman marketinq araşdırmaları aparılsın”.

İşsizlik səviyyəsi ilə bağlı məlumatlara gəlincə, Xalid Mikayılov bildirir ki, bu göstərici reallığı əks etdirmir:”Bunun həm obyektiv, həm də subyektiv səbəbləri var: “Əslində bütün dünyada makroiqtisadi göstəricilər reallığı tam əks etdirmir. Göstəricilər əsasən  nisbi xarakter daşıyır. Məsələn, ABŞ-da hər ay 60 min ev təsərüffatına anket sorğularla müraciət edilir. Onların işsiz olub-olmaması yoxlanılır. Hər dəfə isə bu ailələrin dörddə bir hissəsi yeniləri ilə əvəz olunur. Bu baxımdan yanaşsaq, bunları obyektiv səbəblər hesab etmək olar. ABŞ-dakı sorğu bütün əhalini tam əhatə etməsə də, onun dəqiqliyi 100-dən 90-na kimidir. Çünki ABŞ-da belə araşdırmalara xüsusi diqqət ayrılır. Azərbaycanda işsizliyin səviyyəsi yalnız bir göstərici üzrə hesablanır.Bu da məşğulluq orqanlarında rəsmi qeydiyyatda olanların sayıdır. Halbuki  minlərlə qeydiyyatda olmayan işsiz vətəndaşlar var”.

Leave A Comment