İran problemi dünya iqtisadiyyatına kəskin təsir göstərməkdədir

İran problemi dünya iqtisadiyyatına kəskin təsir göstərməkdədir

Vüqar Bayramov: “Gərginliyin artacağı halda neftin 1 barelinin 150 dollara qədər yüksələcəyi  proqnozlaşdırılır”.

Avropa Birliyi İrandan neft idxali ilə bağlı sanksiyanı təsdiqlədikdən sonra İran parlamenti növbəti həftədən Avropaya nəql ediləcək neftin həcminin yarıbayarı azaldılacağı ilə bağlı qərar qəbul edib. Həmçinin İran idxalın azalacağı halda Hörmüz boğazını bağlayacağını da bəyan edib.

Xatırladaq ki, Avropa Birliyinin xarici işlər nazirləri Belçikanın paytaxtı Brüsseldə İran neftinin idxalına embarqo qoyulmasına dair ilkin razılıq əldə edib.İran neftinə qadağa iyulun 1-dən tam şəkildə tətbiq olunacaq. İrana qarşı yeni sanksiyalar paketi İran neftinə və neft məhsullarına tədricən qadağa qoyacaq. İyulun 1-dən etibarən isə İrandan neft alan bütün Avropa Birliyi ölkələri bu neftin idxalını dayandıracaq. Avropada İran neftinin böyük hissəsi, yəni 68 faizi Yunanıstan, İtaliya və İspaniyanın payına düşür.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin  rəhbəri Vüqar Bayramovun açıqlamasına görə,  İran  Avropa Birliyinə nəql edəcəyi neftin həcmini kəskin azaltmağa hazırlaşır. Onun fikrincə, İran ətrafındakı  gərginlik nəinki region ölkələrinə, dunya iqtisadiyyatına da təsir göstərir. Belə ki, İranla bağlı gərginlik qızıl bazarında “qiymətli metalın” bahalaşmasına  səbəb olub: “Təkcə 1 ay ərzində qızılın qıyməti 10,5 faiz yüksəlib.2011-ci ilin sonlarında qızılın qiymətində azalmalar müşahidə olunsa da ötən bir ay ərzində qızılın 1 unsiyası 164 dollar bahalaşıb. Nəticədə hazırda dünya bazarında 1 qram qızıl 56 dollar təşkil edir.Bu artım İran ətrafındakı gərginliklə bağlıdır”.

İqtisadçının sözlərinə görə,  İran faktoru neftin dünya bazar qiymətinə də təsir göstərməkdədir: “Dünya bazarında Azərbaycan neftinin  1 bareli 111 dollara satılır. “Future” müqavilələrində Azərbaycan neftinin 1 bareli 115 dollardan imzalanır. Beynəlxalq Valyuta Fondu İran ətrafında gərginliyin artacağı halda neftin 1 barelinin 150 dollara qədər yüksələcəyini  proqnozlaşdırır”.

V.Bayramov İran ətrafındakı gərginliyin valyuta bazarına da təsir göstərdiyini deyir: “2011-ci ilin son aylarında dollara nisbətən məzənnə itirən avro İran və ABŞ arasındakı gərginlik, eləcə də Amerikadakı defolt problemi səbəbindən mövqelərini müəyyən qədər gücləndirə bilib. Son 1 həftə ərzində   avronun dollara nisbətən məzənnəsi 9,6 faiz yüksəlib. Bir həftə öncə 1 avro 1.27 dollar təşkil edirdisə, hazırda 1 avro 1,32 dollardır.Bu heç də avrozonadakı problemlərin həlli anlamına gəlməməlidir. Avronun məzənnəsi siyası faktorla bağlı möhkəmlənir. Güman edilir ki, İran ətdafında gərginlik azalacağı halda avronun məzənnəsi də düşəcək”.

İSİM rəhbəri hesab edir ki, İran problemi dünya iqtisadiyyatına kəskin təsir göstərməkdədir: “Gərginlik davam edəcəyi halda  dünya iqtisadiyyatı kifayət qədər ciddi böhranla üzləşə bilər. Artıq Beynəlxalq Valyuta Fondu, Dünya Bankı belə bir böhranın baş verəcəyinə dair  narahatçılıqlarını  ifadə ediblər.Sözügedən qurumlar neftin dünya bazar qiymətinin  artması səbəbindən dünyada real sektorun sıradan çıxacağından, kifayət qədər qlobal, uzunmüdətli böhranın baş verəcəyindən  narahatdılar. .

Leave A Comment