Bələdiyyə torpaqlarına tam dövlət aktı verilməsə

Bələdiyyə torpaqlarına tam dövlət aktı verilməsə
Vüqar Bayramov: “İndiyə kimi bələdiyyələrin torpaq satışı həyata keçirməsi qanunsuz bir fəaliyyət olub”
“Bələdiyyələr heç də özəl mülkiyyətə aid olmayan torpaqların hamısının sahibləri deyil”

Statistik məlumatlardan görünür ki, Azərbaycanda 1730 bələdiyyə var. Məlumdur ki, bələdiyyələrin mülkiyyətinin əsasını bələdiyyə torpaqları təşkil edir. Bələdiyyələrin statusu haqqında Qanunun 2-ci maddəsinin 7-ci bəndinə əsasən: bələdiyyə mülkiyyəti-bələdiyyəyə mənsub olan bütün növ daşınar və daşınmaz əmlakdır.

Həmin qanunun 33-cü maddəsinə əsasən, bələdiyyə mülkiyyətinin tərkibinə yerli vergilər və ödənişlər hesabına formalaşan yerli büdcənin vəsaiti, bələdiyyənin büdcədən kənar fondları, bələdiyyə əmlakı, habelə bələdiyyə torpaqları, bələdiyyə müəssisələri və təşkilatları, bələdiyyə mənzil fondları və qeyri-yaşayış binaları, dövlət və xüsusi mülkiyyətdə olmayan yollar, təhsil, səhiyyə, mədəniyyət və idman müəssisələri, digər daşınar və daşınmaz əmlak daxildir. Bələdiyyənin İcra aparatının strukturuna əsasən onun aparıcı şöbələrindən biri olan bələdiyyə mülkiyyətinin idarəetmə şöbəsi Azərbaycan Respublikasının 29.06.2001-ci il tarixli “Bələdiyyə torpaqlarının idarəedilməsi haqqında” Qanununa müvafiq olaraq bilavasitə bələdiyyə mülkiyyətində olan torpaqların idarəedilməsi xüsusiyyətlərini nəzərə almaqla mülkiyyətə, istifadəyə və icarəyə ayrılan torpaqların “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin tələblərinə uyğun tənzimlənməsini təmin edir. Bu Əsasnamə “Bələdiyyə torpaqlarının idarəedilməsi haqqında” Qanunun 6.5-ci maddəsinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə vermək üçün bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydalarını müəyyən edir. Əsasnamənin III bölmə 11 maddəsi torpaq sahəsinin ayrılmasına dair müraciətə baxılması qaydasını müəyyən edir.

Qanunvericilikdə bələdiyyə torpaqları ilə bağlı çoxsaylı müddəalar öz əksini tapıb. Ancaq deyəsən, bu sahədə vəziyyət o qədər də ürəkaçan deyil. Bu yaxınlarda Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin açıqladığı rəqəmlərdən görünür ki, bələdiyyələrin mülkiyyətində olan 30 faiz torpağa dövlət aktı verilməyib. Ədliyyə Nazirliyi məsələnin ciddiliyini nəzərə alıb, problemin müzakirəsini parlament səviyyəsinə çıxarmağı düşünür.

Maraqlıdır, bələdiyyə mülkiyyətində olan torpaqlara indiyə qədər dövlət aktı niyə verilməyib?

İqtisadçı ekspert Vüqar Bayramov hesab edir ki, bu sahədə yaşanan problemlərin başlıca səbəbi bələdiyyələrin istifadə etdiyi, əksər hallarda isə satdığı torpaqlara sərəncam verə bilməməsi ilə bağlıdır: “Bu səbəbdən də bələdiyyələr indiyə kimi sərəncam vermək hüququ olmayan torpaqların satışı ilə məşğul olub. Bunun da nəticəsində həmin torpaqlarda inşa edilən evlər də qanunsuz tikililər sırasına aid edilib və indiyə kimi bələdiyyələrin torpaq satışı həyata keçirməsi qanunsuz bir fəaliyyət olub. Bələdiyyələrin sərəncamında olan torpaqlara nə üçün sərəncam vermək hüququ yoxdur? Əsas problem onunla bağlıdır ki, Bakının rayonlarında bələdiyyə torpaqları ilə dövlət torpaqları arasında sərhədlər müəyyənləşməyib. Torpaqların sxeminin düzgün çəkilməməsi də belə problemlərin yaranmasına gətirib çıxarır. Digər problem onunla bağlıdır ki, bələdiyyələr formalaşandan sonra onlar özəl mülkiyyətə aid olmayan torpaqların hamısının bu qurumlara aid olduğunu zənn edib. Qanunvericiliyə görə, bələdiyyə torpaqları dövlət torpaqlarından fərqlənir. Bələdiyyə torpaqları Dövlət Torpaq Komitəsinin çəkdiyi sxem əsasında müəyyənləşməlidir. Əsas problem onunla bağlıdır ki, bu istiqamətdə fəaliyyət çox zəifdir. Bələdiyyələr heç də özəl mülkiyyətə aid olmayan torpaqların hamısının sahibi deyil.

Torpaqların konkret olaraq bölünməməsi, sərhədlərin sxeminin tərtib edilməməsi gələcəkdə problemlərə səbəb olacaq. Hesab edirəm ki, bu təşəbbüs çox normaldır. Bələdiyyə torpaqlarının konkret müəyyənləşməsi gələcəkdə vətəndaşlar üçün də problemə səbəb olmayacaq”.

Məhəmmədəli QƏRİBLİ

Leave A Comment