Xeyriyyəçilərdən vergi tutulmalıdırmı?

Xeyriyyəçilərdən vergi tutulmalıdırmı?

Ekspert: “Azərbaycanda mövcud qanunvericilik şirkətlərin sosial layihələrə vəsait xərcləməsini stimullaşdırmır”

Müxtəlif xarakterli sosial layihələrin gerçəkləşməsində, xeyriyyə aksiyalarında azərbaycanlı milyonçuların adına nadir hallarda rast gəlinir. Amma nəzərə alsaq ki, Azərbaycanda xeyriyyəçilik ənənəsinin tarixi XX əsrin əvvəllərinə gedib çıxır, bu baxımdan bu ənənəni XXİ əsrdə də davam etdirmək o qədər də çətin iş deyil.

Varlı insanları xeyriyyəçilik fəaliyyətinə bu işlə məşğul olanların vergidən azad olunması hesabına cəlb etmək olarmı? Türkiyədə yaşayan azərbaycanlı iş adamı, “AST” Şirkətlər Qrupunun sahibi Telman İsmayılovun oğlu Sərxan İsmayılovun nişan mərasiminə dünyanın bir sıra ölkələrindən məşhurlar dəvət olunub. Türkiyə mətbuatının məlumatına görə, Antalyadakı məşhur “Mardan Palace”də keçirilən mərasimə dəvət olunanlar arasında Tarkan və Nikol Şerzinger də olub.

Qeyd edək ki, Azərbaycan əsilli biznesmen özünün və yaxınlarının ad günlərini böyük təmtəraqla keçirir. Həmin mərasimlər dünya ulduzlarının iştirakı ilə keçib və həmişə diqqət mərkəzinə olub. Məşhur müğənni Cenifer Lopes və həyat yoldaşı Mark Entoni Telman İsmayılovun 50 illik yubileyində iştirak etmək üçün 1,5 milyon dollar qonorar müqabilində Moskvaya gəlmişdilər. Biznesmen Cenifer Lopesə üzərində brilyantlar olan və qızıl suyuna çəkilmiş mikrofon hədiyyə etmişdi.

“Forbes” jurnalının versiyasına görə, dünyanın ən varlı adamları sırasında yer alan və varidatının həcmi təxminən 700 milyon dollar civarında qiymətləndirilən Telman İsmayılov dünyaca məşhur müğənni Şakiranı da öz doğum günündə Moskvaya dəvət etmişdi.

2009-cu ildə dünyanın ən varlı insanı olan “Microsoft” şirkətinin yaradıcısı amerikalı milyarder Bill Qeyts və onun fondu isə xeyriyyəçilik fəaliyyəti ilə məşhurdur. Son Davos Dünya İqtisadi Forumunda iştirakı zamanı Bill Qeyts QİÇS, vərəm və malyariya xəstəliyi ilə mübarizə məqsədilə 750 milyon dollar ayırıb.

Bill Qeyts Fondu bundan əvvəl də bir çox xəstəliklər, kasıbçılıq və korrupsiya ilə mübarizə aparıb. Dünya təcrübəsinə əsasən, xeyriyyəçilik fəaliyyəti ilə məşğul olan insanlar və şirkətlər xüsusi kateqoriyaya daxil olur. Milyonçuları xeyriyyə fəaliyyəti ilə məşğul olmalarını stimulaşdırmaq məqsədilə qanunda müəyyən güzəştlər nəzərdə tutulur.

İqtisadçı-ekspert Vüqar Bayramovun sözlərnə görə, inkişaf etmiş ölkələrin əksəriyyətində xeyriyyə məqsədi ilə ayrılan vəsait vergidən azad olunur və həmin şəxslər üçün vergi güzəştləri nəzərdə tutulur. İqtisadçının sözlərinə görə, eyni praktikanın Azərbaycanda tətbiq edilməsi olduqca vacibdir: “Onların vergiyə cəlb edilməsi həm şirkətləri, həm də fərdi şəxsləri xeyriyyə məqsədi ilə vəsait xərcləməyə stimullaşdırmır. Çünki problem ondan ibarətdir ki, xeyriyyə məqsədi ilə vəsait xərcləyən zaman şirkət və ya vətəndaş həm vəsait xərcləyir, həm də xərclədiyi vəsaitə görə vergi ödəyir. Bu da o deməkdir ki, praktiki olaraq xeyriyyəçi iki dəfə xərcə düşmüş olur. Azərbaycanda hal-hazırda mövcud olan qanunvericilik şirkətlərin sosial layihələrə vəsait xərcləməsini stimullaşdırmır”.

Millət vəkili Vahid Əhmədov isə Azərbaycanda xeyriyyə məqsədi ilə ayrılan pulların vergidən azad olunmasına dair təklifi müsbət qiymətləndirsə də, hələlik bu məsələnin gündəlikdə olmadığını deyib. Millət vəkili bildirib ki, xeyriyyə işi ilə məşğul olan insanlara vergi güzəştləri etmək mümkündür və bu da lazımdır.

Qeyd edək ki, Azərbaycanda xeyriyyəçilik ənənəsi hələ XX əsrin əvvəllərindən olub. Hacı Zeynalabdin Tağıyev, Murtuza Muxtarov, Musa Nağıyev kimi milyonçular bir sıra xeyriyyə işləri ilə məşğul olub. Hacı Zeynalabdin Tağıyev insanlara, kasıblara əl tutub, bir çox binaları, qızlar seminariyasını tikdirib, öz pulu ilə həyatının mənası adlandırdığı Şollar suyunun çəkdirilməsi üçün mühəndis dəvət edib.

Azərbaycanda bu ənənələr bu gün də davam edir. Bir sıra fondlar və şirkətlər xeyriyyə fəaliyyəti ilə məşğul olur. Heydər Əliyev Fondu və Rostropoviç Fondu ölkədə bir sıra sosial layihələri maliyyələşdirir və xeyriyyəçilik fəaliyyəti ilə məşğul olurlar.

Bundan başqa bp, “Azercell”, “Bakcell” də sosial layihələrdə iştirak edir. Lakin milyonçuların və fondların bu fəaliyyətinə həvəslənmələri üçün qanunun qəbuluna da ehtiyac var.

Rita Ömərova

Leave A Comment