Pul bazasındakı artımın ölkəyə hansı təsirləri olacaq?

Pul bazasındakı artımın ölkəyə hansı təsirləri olacaq?

Xalid Mikayılov:” İnflyasiya meylləri güclənə bilər”

Mərkəzi Bankın məlumatına görə, 2012-ci il fevral ayının 1-nə pul bazası 27,5% artaraq, 7 milyard 601 milyon 500 min manat təşkil edib.Bununla belə ötən ayın müvafiq dövrü ilə  müqayisədə pul bazası 8,1% azalıb.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Xalid Mikayılov pul bazasındakı artımın ölkə iqtisadiyyatına həm müsbət, həm də mənfi təsirləri olduğunu deyir:” Pul bazasında artım o deməkdir ki, ölkə iqtisadiyyatında pul artıqlığı yarana bilər. Bunun   həm müsbət, həm də mənfi təsirləri ola bilər. Müsbət tərəfi o ola bilər ki, bankların iqtisadiyyata kredit qoyuluşları genişlənə bilər. Nəticədə kredit faizləri ucuzlaşacaq ki  bu da istehsalın genişlənməsinə , yeni iş yerlərinin açılmasına səbəb olacaq. Pul bazasındakı artımın mənfi tərəflərinə gəlincə  kredit ekspansiyası nəticəsində inflyasiya meylləri güclənə bilər. Qalxan qiymətlər fonunda insanların həyat səviyyəsi pisləşəcək.”

Ekspertin fikrincə, pul bazasının artması əsasən güclü sənayeyə malik və istehsal gücü çox olan ölkələrdə əlverişlidir:”Bildiyiniz kimi, güclü pulun arxasında həmişə əmtəə və xidmətlər dayanmalıdır. Əgər, ölkədə istehsal səviyyəsi aşağıdırsa və bunun da fonunda pul bazası genişlənirsə o zaman pullar kağıza çevrilir.O baxımdan pul bazasının optimal səviyyədə olması və ölkə iqtisadiyyatının həcminə uyğun artması olduqca vacib amildir.”

X.Mikayılov bildirir ki, inkişaf etmiş ölkələrdə təkcə pul bazasına deyil, bütün makroiqtisadi göstəricilərə yanaşmada dəqiqliyi yüksək olan ekonometrik araşdırmalardan istifadə edilir: “İnkişaf etmiş ölkələrdə, monetar siyasətə xüsusi həsaslıqla yanaşılır. Öncədən ekonometrik  makroiqtisadi araşdırmalar aparılır ki, bu da iqtisadiyyatın üzləşə biləcəyi potensial təhlükələri önləməyə imkan verir.

Pul bazasının səviyyəsi Mərkəzi Bankın siyasətindən asılıdır. Əgər Mərkəzi Bank yumşaq pul-kredit siyasəti yürüdürsə, o zaman pul bazasının həcmi artır. Mərkəzi Bank sərt pul-kredit siyasəti yürütməyə başladığı halda isə pul bazasının həcmi azalır. İnkişaf etmiş ölkələrdə iqtisadi proseslərin idarə edilməsində pulun çox böyük əhəmiyyəti var. Belə ki, pul bazasının artması nəticəsində ölkədə inflayasiya baş verdiyi halda  bu, ölkənin ixrac potensialınna müsbət təsir edir. Yəni həmin ölkənin pulunun ucuzlaşması baş verir. Nəticədə ölkədə istehsal olunan məhsulların xarici bazarlarda rəqbətədavamlı olmasına imkan yaranır.”

Leave A Comment