Ölkəni ciddi inflyasiya gözləyir

Ölkəni ciddi inflyasiya gözləyir

Xalid Mikayılov: Mərkəzi Bank  manatın məzənnəsinə süni müdaxilələri tədricən azaltmalıdır”

 

Mərkəzi Bankın pul emissiyasının həcmini artırması ekpertlər tərəfindən birmənalı qarşılanmamaqdadır.Mütəxəssislər hesab edir ki, pul emissiyasının həcminin artması inflyasiya meyllərini gücləndirəcək.İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Xalid Mikayılovun fikrincə, pul emissiyasının artması inflyasiyanın təkrəqəmli səviyyədə saxlanmasına əngəl törədə bilər: “Nəzərə alsaq ki, 2011-ci ildə ölkədə ÜDM-in artımı cəmi 0,1% olub, o zaman pul emissiyasındakı artım reallığa söykənmir. Bu Mərkəzi Bankın 2012-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin istiqamətləri barədə bəyənatına da ziddir.   Belə ki, bəyənatda 2012-ci il üçün də Mərkəzi Bankın əsas hədəfinin  illik inflyasiyanın təkrəqəmli səviyyədə saxlanması olduğu qeyd edilir. Lakin, pul emissiyasını artırmaqla buna nail olmaq çətindir.”

Ekspert bildirir ki,  nağdsız ödəniş sisteminin yetərincə inkişaf etmədiyi şəraitdə pul emissiyasının artırılması inflyasiya təhlükəsini çoxaldır: “Ölkədə real inflyasiya dərəcəsi ilə elan olunmuş rəsmi inflyasiya arasında 2 dəfədən çox fərq var. Bu baxımdan Mərkəzi Bankın əlavə təzyiq yaratması təhlükəlidir.”

X.Mikayılov  hesab edir ki, Mərkəzi Bankın pul siyasəti uzunmüddətli dövr üçün effektli deyil: “Mərkəzi Bank pul emissyasını artırmaqla qısamüddətli dövrdə neft dollarları səbəbindən yüksələn məzənnəni azaltmağa çalışır. Lakin, bu gələcəkdə ciddi iqtisadi risklər yarada bilər. Mərkəzi Bank  manatın məzənnəsinə süni müdaxilələri tədricən azaltmalıdır.  Çünki gələcəkdə neft pulları azalan zaman Mərkəzi Bankın belə müdaxilələr etmək üçün imkanları az olacaq.”

İSİM eksperti Mərkəzi Bankın pul emissiyasına daha çox bir tənzimləmə aləti kimi yanaşdığını diqqətə çatdırır. Onun fikrincə bu yanlışdır: “Mərkəzi Bank sərəncamında olan səlahiyyətləri nəzərə alaraq hesab edir ki, emissiya edilmiş pulu istənilən vaxt dövriyyədən çıxarmaq mümkündür. Lakin, inflyasiya həm də pisxoloji amil olduğundan onun nəticələri pulun dövriyyədən çıxarılmasından sonra da davam edə bilər.”

Leave A Comment