Azərbaycanda elektron ticarət necə inkişaf edib?

Azərbaycanda elektron ticarət necə inkişaf edib?

Bu gün dünyanın inkişaf etmiş ölkələrində aparılan ticarətin yarıdan çoxu elektron üsulla həyata keçirilir. Yəni, insanlar on-line şəkildə, internet vasitəsilə almaq istədikləri malı sifariş edib əldə edirlər.

Elektron ticarətin ənənəvi ticarətdən bir neçə üstünlüyü var. Əgər alıcılar üçün əsas üstünlük əlavə vəsaitə və vaxta qənaət edilməsidirsə, bu dükan üçün, əlavə işçilərə çəkiləcək xərclərə qənaət edilməsidir. Həmçinin elektron ticarət zamanı bu məhsullarla tanış ola biləcək insanların sayı daha çox olur. Bu cür ticarətin geniş yayıldığı ölkələrdə vergidən yayınma halları da azdır. Çünki ödəmə elektron üsulla aparıldığından bütün hesablaşmalar qeydə alınır və vergiyə cəlb olunur.

Müstəqil ekspertlərin hesablamalarına görə, bu gün Azərbaycanda aparılan ticarət əməliyyatlarının cəmi 3 faizə qədəri elektron şəkildə həyata keçirilir. Amerika Birləşmiş Ştatlarında bu rəqəm 75 faiz, Avropa ölkələrində isə 60 faizdir. İqtisadçılar Azərbaycanda elektron ticarətin inkişafı üçün şirkətlərin stimullaşdırılmasını vacib sayırlar.
İqtisadçı-ekspert Vüqar Bayramov hesab edir ki, ilk əvvəl bu şirkətlər əlavə dəyər vergisindən azad olunmalıdırlar: “Bu, olduqca vacibdir. Çünki elektron ticarət xidməti göstərən şirkətlər əlavə dəyər vergisindən azad olunsalar, bu onlara stimul verəcək ki, təklif etdikləri məhsulların qiyməti daha aşağı olsun. Həmçinin onlar bununla daha çox alıcı cəlb etmək imkanında olacaqlar.Təbii ki, elektron ticarətlə məşğul olmaqla, onlar daha çox gəlir əldə edə biləcəklər”.

Hazırda Azərbaycanda elektron ticarət vasitəsilə əhali əsasən restoranlardan yemək, ərzaq, parfümeriya məhsulları, kiçik elektron cihazlar, az sayda turizm şirkətlərindən isə bilet sifariş edirlər. Amma Avropada elektron ticarət vasitəsilə hətta iri məbləğli alış-verişlər edilir. Elektron ticarətlə məşğul olan sahibkarlar isə əhalinin bu üsulla alış-verişə meyl etməməsinin səbəbini belə izah elirlər:
Elektron ticarət aparan şirkətin nümayəndəsi Şəhriyar Əbilovun sözlərinə görə, bir az anlaşılmazlıqlara səbəb olan insanların internet ticarət saytlarına inamsız yanaşmasıdır: “İnsanların çoxu hələ də inanmırlar ki, onların ödədikləri pul tam şəkildə həmin şirkətə çatacaq. Düşünürlər ki, onların kartlarını xakerlər poza bilərlər və ya hər hansısa hadisə baş verə bilər”.
Mütəxəssislərin fikrincə, Azərbaycanda elektron ticarətin inkişafını ləngidən daha bir amil əhalinin böyük qismində elektron ödəniş kartlarının yoxluğu, olanlarda isə bu cür ödənişə inamın az olmasıdır. Bu işə mənfi təsir göstərən amillərdən biri kimi, həm də internetin keyfiyyəti göstərilir. Azərbaycanda elektron ticarətlə bağlı daha bir çatışmayan cəhət isə burada satılan mallara verilən zəmanətlə bağlıdır.

İqtisadçı Vuqar Bayramovun sözlərinə görə, hansısa vətəndaş və ya alıcı elektron ticarətdən istifadə etməklə hansısa məhsulu alırsa, həmin məhsul isə keyfiyyətli deyilsə, onun geri qaytarılması mexanizmi demək olar ki, yoxdur: “Çünki həmin elektron ticarətlə məşğul olan şirkətin konkret ofisi olmadığından, onlar daha çox alqı-satqını internet vasitəsi ilə həyata keçirdiklərindən bu, çox çətindir. Onların tapılması, malın geri qaytarılması və malın keyfiyyətsiz olduğunun sübut edilməsi kifayət qədər böyük vaxt tələb edir”.
Qeyd edək ki, Azərbaycanda “Elektron ticarət haqqında” qanun 2005-ci ildə qəbul olunub. Lakin internet üzərindən ödəmə sistemi olmadığından, Azərbaycanda bu sahədə ilk addımlar 2008-ci ildə atılıb. Elektron ticarətin genişləndirilməsi və elektron ödəmə sistemlərinin inkişaf etdirilməsi, həm də Azərbaycanın “Eurovision” mahnı müsabiqəsinin təşkilatçısı kimi üzərinə götürdüyü öhdəliklərindən biridir. Elektron ticarətin inkişafı “Elektron hökumət” Dövlət Proqramının da prioritetlərindən biri hesab olunur. “İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu istiqamətdə aparılan araşdırmalar göstərir ki, hər il ölkədə onlayn ticarət edənlərin sayı çoxalmaqdadır.
Əgər əvvəllər Azərbaycan əhalisi arasında on-line ticarətə inam yox səviyyəsində idisə, artıq cəmiyyətdə bu cür ticarət edən şirkətlərə etibar artır.

Bir neçə il bundan əvvəl bir çox insanlar düşünürdülər ki, onlayn sistemlə pul köçürüldükdən sonra alınan malın gəlib alıcıya çatmamaq qorxusu var və ona görə də bu cür alış-veriş riskli hesab olunurdu.
İnternet üzərindən alış-verişə çox da güvənməyən Azərbaycan vətəndaşları nə qədər baha da olsa, gedib malı öz əllərilə alırlar. Amma artıq bu sindrom aradan qalxmaqdadır. Elə bu səbəbdəndir ki, on-line ticarətlə məşğul olan şirkətlər də ilk növbədə əhali arasında inam, etibar qazanmaq üçün işlər aparıblar.

“Modern.az” informasiya portalının yaydığı məlumata görə, “Facebook” sosial şəbəkəsində çoxlu sayda onlayn alış-veriş səhifəsi yaranıb və artıq tədricən insanları özünə cəlb edir. Sayt insanların bu cür alverə marağını öyrənmək üçün on-line ticarətlə məşğul olan şirkətlərlə əlaqə qurub.

Kitab satışı ilə məşğul olan “Online book shopping Azerbaijan” şirkətindən bildiriblər ki, alıcıların etibarını qazanmaq üçün məhsulu çatdırdıqdan sonra pulu alırlar.

Bununla da özlərinə qarşı inam formalaşdırırlar.”Facebook” üzərindən aksessuar satışı ilə məşğul olan Mirsamir Bağıyev isə deyib ki, “onlayn şopinq” (shopping) dünyada çoxdan inkişaf edib və çox populyardır: “Ölkəmizdə isə on-line olaraq insanlarin alış-veriş etməsi son illərdə müşahidə olunur.

Təbii ki, əgər keyfiyyətli və sərfəli mal olarsa, alıcıların yüksək marağına səbəb olur. Bizdə sistem çox sadə və anlayışlı şəkildə qurulub. Belə ki, alıcılar ödənişi nağd şəkildə edirlər, yəni görüşərək malın 50% miqdarında ilkin ödəniş edir, malı təhvil alanda isə qalan məbləği verirlər.

Alış-veriş həm də bank hesabına pul köçürməklə həyata keçirilir. Onlayn alış-verişin bir qədər çətin cəhəti alıcıların etimadını qazanmaqdır”.

İKT sahəsi üzrə mütəxəssis Cahid İsmayıloğlu bildirib ki, elektron ticarət məkanında “Facebook” sosial şəbəkəsi son zamanlar fəallaşıb”. Bu gün dünyada 800 milyondan çox Facebook istifadəçisi var, günü gündən də bu say artmaqdadır.
Facebook vasitəsi ilə özəl şirkətlər, markalar müştərilərə öz məhsul və xidmətlərini bu yolla daha ucuz və çevik şəkildə təqdim edirlər. Əvvəllər məhsuları bu yolla sadəcə reklam edib, müştəriləri öz dükanlarına cəlb edirdilərsə, bundan sonra müştəri, birbaşa facebookdan bəyəndiyi şeyi almaq – alış-veriş etmək imkanına malikdir.

Bütün bu yeniliklər onu göstərir ki, Facebook sosial şəbəkəsi hamımızın tez-tez işlətdiyi virtual dünya anlayışını gerçəkləşdirməkdədir. Dünyanın ən böyük sosial şəbəkəsi artıq bir dünya – qanunları, əhalisi, polisi olan, reklam bazarına və nəhayət iqtisadiyyata, geniş bazar imkanlarına malik virtual bir dövlətə çevrilməkdədir.
Facebookun onlayn alış-veriş mərkəzi dünyanın aparıcı alış-veriş saytlarını – Amazon, Ebay və s. ciddi şəkildə qorxutmaqdadır. Çünki Facebookun qurduğu bu sistem yeni nəsil onlayn alış veriliş mərkəzidir və hazır gözləyən milyonlarla müştərisi də içində. Yeni nəsil onlayn ticarət “sosial ticarət”dir. Facebookda demoqrafik informasiyaların olması şirkətlərin məhsulları kütləyə ağıllı yönləndirməsi bu yolla ticarəti çox əlverişli hala gətirir. Məsələn, gəncləri maraqlandıran malların yaşlı yox, gənc facebook istifadəçisinə yönləndirilməsi geçəkləşdirilə bilir.
Sistemin tətbiq olunmağa və yayılmağa başladığı andan, yenicə özlərini doğrultmağa çalışan on-line alış-veriş saytları dərhal siradan çıxacaq. Məncə Azərbaycanda hər kəs onlayn alış-verişdə facebooka üstünlük verəcək. Ölkəmizdə ticarətlə məşğul olan şirkətlər bunu diqqətda saxlasalar yaxşı olar”. Onun sözlərinə görə, Facebookda alış-veriş son dərəcə təhlükəsiz bir alış-verişdir. Deyərdim ki, onlayn alış-veriş şəbəkəsindəki aldadıcı, bank hesablarının oğurluğu ilə məşğul olan alış-veriş saytlarını bu yenilik sıradan çıxaracaq. Hal-hazırda bu sistemlərin təhlüksizliyin artılıması üçün tövsiyə etdikləri əməliyyatları etdiyiniz təqdirdə heç bir təhlükə olmayacaq.

Bunun üçün facebook hesabınızın və ona bağlı olan email ünvanının, bank kartınızın təhlükəsizliyini qorumaq lazımdır. Facebookda bir çox əməliyyatlar var ki, bu yolla maksimum təhlükəsizliyi artıra bilərsiniz. Məsələn, mobil nömrəniz ilə facebook hesabınızı inteqra etməklə, bank kartınızın SMS məlumatlandırma xidmətindən istifadə etməklə maksimum təhlükəsiz alış-veriş etmək mümkündür”.

Günay FƏRHADQIZI

Leave A Comment