Tramvaylar Bakıya qayıdır

Tramvaylar Bakıya qayıdır

Paytaxtda tramvay xətləri bərpa ediləcək. Amma bu proses Bakıda “Ağ şəhər” layihəsi reallaşdıqdan sonra mümkün olacaq. Hər halda tramvaylar əhalini bir az intizarda saxlasa da, qayıdacaq. Yəqin ki, bu xəbər çoxlarını sevindirəcək. Xüsusən də tramvay “epoxası”nı yaşamış yaşlı və orta nəsil nümayəndələrini.

Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov deyib ki, sürətli tramvayların hərəkəti üçün gələcəkdə Azərbaycanda estakada tikilə bilər. Məsələ burasındadır ki, tramvaylar şəhərin mərkəzi hissəsində yox, kənarlarından keçəcək. Çünki paytaxtın indiki vəziyyətində əsas yol qovşaqlarından tramvayın keçməsi mümkünsüzdür. Amma istənilən halda xoş xəbərdir. Çünki tramvaylar indinin özündə də dünya üzrə ən rahat və ən sərfəli sərnişin nəqliyyatı vasitəsi sayılır.

Bir halda ki, belədir, tramvaylar niyə də lap şəhərin mərkəzinə qayıtmasın?!

İqtisad elmləri doktoru Zahid Məmmədov “Şərq”ə açıqlamasında tramvaylardan istifadəyə dərhal başlanmalı olduğunu dedi:

“Bu məsələ çoxdan həll olunmalıydı. Görürlər ki, bütün dünyada iri şəhərlərdə nəqliyyat, tıxac problemini ancaq tramvaylar vasitəsilə həll edirlər. Tramvay tıxacların önünü kəsəcək yeganə, iqtisadi cəhətdən sərfəli, ən ucuz, ekoloji baxımdan ən təmiz, sərnişinlər üçün ən rahat nəqliyyat vasitəsidir. Hətta Niderlandda batareya ilə işləyən tramvaylar var. Bunlardan sifariş vermək olar. Bu gözəl nəqliyyat vasitəsi niyə bizdə istifadə olunmur, niyə diqqətdən kənarda qalıb?! Halbuki tramvaylarla bu üzücü tıxac problemini birdəfəlik həll etmək olar. Götürək, İstanbulu. İstanbul həddindən artıq böyük şəhərdir. Orada da tıxaclar olur, amma problemdən alternativ çıxış yolları aranır. İstanbulda tramvay sistemi hələ də mövcuddur. Bizdə isə tramvay xətlərini lazımsız bir şey kimi çıxarıb atdılar. Niyə mərkəzə gəlmək istəyən adam ancaq avtobus gözləməlidir? Hazırda elə dəhşətli vəziyyət yaranıb ki, “İçərişəhər”dən “28 May” ərazisinə getmək üçün saatlarla yolda qalırsan. Tramvayın öz yolu var və bu yolda tıxac yaranması mümkün deyil. Türkiyədə ictimai nəqliyyatda tramvaylara məhz bu səbəbdən geniş yer verilib. Avtobuslar isə getdikcə sıradan çıxır. Tramvay deyəndə, bizim sovet vaxtının tramvayları gözünüzün önünə gəlməsin. Tramvay deyirəm sizə!.. İçində interneti, kitabxanası, çay, kofe… İnsanlar vaxtlarını şəxsi avtomobilləri ilə tıxaclarda qalmağa sərf etmirlər. Tramvaya minirlər, elektron kitabxana vasitəsilə istədikləri kitabı oxuyurlar, internetdən istifadə edirlər, gedə-gedə çay içirlər, işə çatanadək lazımi işlə məşğul olurlar. Türkiyə bu sahədə örnəkdir”.

İqtisadçı-alim qeyd etdi ki, paytaxtdakı tıxacları aradan qaldırmağın çox sadə yolları var. Bu mənada su yolu ilə də sərnişin daşınmasına önəm vermək lazımdır: “Türkiyədə bu üsuldan geniş istifadə olunur. İstanbulun Avropa yakasından Asiya yakasına keçidlərdə gəmi nəqliyyatından geniş istifadə edirlər. Bizdə də bunu təşkil etmək olar. Mərkəzdən Əhmədliyə, Hövsana, Zığa getmək istəyən niyə avtobusla buna saatlarla vaxt sərf etməlidir, üstəlik tıxaclar da yaranmalıdır. Bu istiqamətlərə gediş su yolu ilə olsa, həm şəhərdə sıxlıq azalar, həm sərnişinlər rahat gedib-gələr, həm də iqtisadi baxımdan ucuz başa gələr. Kiçik gəmilər bu məqsədlər üçün ayrılmalıdır. İnsanlar dəniz havası da udarlar. Sərnişindaşımada modernləşmə, müasirləşmə aparılmalıdır və daha az xərc tələb edən vasitələrə üstünlük verilməlidir. Bunun da ən optimal yolu tramvaylar və gəmilərdir. Bakı-Sumqayıt marşrutu üçün tramvay fikirləşmələri yaxşıdır, amma bunu tez bir zamanda, daha vaxt itirmədən şəhərdə də reallaşdırmaq lazımdır. Mən dəfələrlə bununla bağlı təkliflərimi vermişəm. Amma bu iş üçün Nəqliyyat Nazirliyi çox gecikir”.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) idarə heyətinin sədri, iqtisadçı-ekspert Vüqar Bayramov da tramvayların qayıtmasının xoş hadisə olduğunu deyib. Onun sözlərinə görə, tramvayların sökülməsi ilə bağlı verilən qərar ən böyük yanlışlıq idi. Çünki dünya praktikası da göstərir ki, tramvaylar ən effektli nəqliyyat vasitəsidir. Benzinin kifayət qədər baha olmasını nəzərə alsaq, tramvaylar elektriklə işlədiyi üçün daha qənaətlidir. V. Bayramov bildirib ki, tramvaylar həm də ekoloji baxımdan çox effektlidir. “Nəzərə alsaq ki, neft şəhərlərinin ən ciddi problemlərindən biri ekoloji təmizlikdir. Və bu gün də neft şəhərlərinin əksəriyyətində ictimai nəqliyyat kimi tramvaylardan istifadə olunur. Ona görə də tramvayları sökmək əvəzinə, onların fəaliyyətini daha da genişləndirmək lazım idi. Təbii ki, artıq bunlar üçün gecdir. Çünki bu gün şəhərdəki bütün tramvay xətləri sökülüb. Yenidən bu məsələnin gündəmə gəlməsi isə çox yaxşı haldır. Və əslində yeni verilən bu qərar vaxtında edilmiş yanlışlığın aradan qaldırılması istiqamətinə yönəlib. Çünki şəhərin indiki vəziyyətində bu mütləqdir. İctimai nəqliyyat növləri içərisində tramvayların istifadəyə daha yararlı olmasından əlavə, həm də tramvaylar Bakının simvoludur. Hətta regionda ən qədim tramvay Bakıda yaradılıb. Ona görə də Bakının qədim simvolunu qoruyub saxlamaq çox vacib idi. Amma çox təəssüf ki, buna əməl etmədilər”.

Tramvayların müsbət tərəflərinin çox olduğunu deyən iqtisadçı bildirib ki, tramvaylar həm şəhərin gözəlliyi üçün çox vacibdir, həm də tramvayların nəqliyyatdakı tıxacların aradan qaldırılmasında əvəzsiz rolu var. Çünki tramvayların hərəkəti üçün xüsusi xətlərdən istifadə olunur və nəticədə də ictimai nəqliyyatın yükü azalır, yollarda sıxlıq az olur.

V.Bayramov “Şərq”ə tramvayların qayıtmasının iqtisadi məqamlarından da söz açıb:

“Tramvayların paytaxta yenidən hərəkətini bərpa etmək üçün yeni tramvay xətləri çəkilməlidir. Bu yeni bir layihə olduğu üçün də kifayət qədər vəsait tələb edəcək. Həmin xətləri çəkmək üçün isə yolların genişləndirilməsi vacib haldır. Hətta Bakının hazırda genişləndirilmiş yolları belə tramvayın hərəkəti üçün yararlı deyil. Yolların genişləndirilməsi üçün isə mərkəzdə olan bir sıra idarə və obyektlərin köçürülməsi lazımdır. Bu da böyük xərc tələb edəcək. Eyni zamanda tramvayların özünün salınması da böyük xərcdir. Bir kilometr tramvay xəttinin çəkilməsi xərci ölkələr üzrə dəyişir. Hazırda tramvay xətləri və tramvayın hərəkəti üçün geniş yolları olan ölkələrdə bu proses cəmi yarım milyona, Meksikada isə 1 km tramvay xəttinin qiyməti 4-6 milyon arasında dəyişir. O baxımdan Azərbaycanda da, tramvay xətlərini bərpa etmək üçün kifayət qədər maliyyə vəsaiti lazımdır.

Ekspert bildirib ki, xərclərin çox olmasına və işin çətinliyinə baxmayaraq, şəhərin özəlliyini, gözəlliyini qorumaq, ekoloji vəziyyəti yaxşılaşdırmaq və nəhayət, tıxac problemini aradan qaldırmaq üçün tramvay xətlərinin bərpa edilməsi məqsədəuyğundur.

Şəymən Aşırlı

Leave A Comment