Dünya Bazarında Yeni Dəyişikliklər

Dünya Bazarında Yeni Dəyişikliklər

Son zamanlar Qərbdə, xüsusən də Avropa ölkələrində neftin və mavi yanacaq ehtiyatlarının qiyməti durmadan qalxır. Bunun da bir sıra obyektiv və subyektiv səbəbləri var. Belə ki, İranın Qərbə neft ixracını dayandırması dünya bazarında neftin qiymətinə təsirsiz ötüşməyib. Əksər ekspetrlər hesab edirlər ki, bu vəziyyət davamlı şəkildə cərəyan edirsə, Avropada yeni böhran baş verə bilər.

Məsələ ilə bağlı Xəbər.info-ya açıqlama verən iqtisadçı ekspert Vüqar Bayramov da hesab edir ki, bu proses davamlı olarsa, ciddi problemlər ortaya çıxa bilər: “Qərbdə yanacağın qiymətinin qalxması təbii ki, dünya bazarında neftin qiymətinin yüksəlməsi ilə bağlıdır. Dünya bazarında neftin qiymətinin yüksəlməsi birmənalı şəkildə Qərb, Avropa ölkələrində yanacağın qiymətində artımlara səbəb ola bilər. Nəzərə alsaq ki, Avropa Birliyi (AB) paraktiki olaraq istədiyi yanacağın əsas əhəmiyyətli hissəsini xaricdən idxal edir. Avropada yalnız Böyük Britaniya və Norveç müəyyən neft ehtiyatlarına malikdir. Amma praktiki olaraq digər ölkələr neftə olan tələbatını Avropadan kənar mənbələr hesabına, o cümlədən İrandan idxal etməklə tələbatlarını ödəyirlər. İranın bir sıra Avropa ölkələrində neft ixracatanın dayandırılması Avropada enerji tələbatının düzəlməsində problemlər yaradır”.

Ekspert hesab edir ki, İran neft ixrac edən ölkə kimi dünya bazarına təsir etmək imkanına malikdir: “Hazırda Avropada müşahidə edilən qiymət artımları birmənalı şəkildə bəzi ölkələrin İrandan neft ixracatını dayandırması ilə bağlıdır. Baxmayaraq ki, Səudiyyə Ərəbistanı neft ixracatanı artırması ilə bağlı qərar qəbul etsə də, hələ də Avropa bazarında boşluqlar doldurulmayıb. İrandan əsas neft idxal edən ölkələr məhz Avropa Birliyi ölkələri idi. Avropa Statistika Komitəsinin rəsmi məlumatına görə gün ərzində İtaliya İrandan 204 min barel, İspaniya 170 min barel, Yunanıstan 158 min barel, Fransa 75 min barel, Belçika 71 min barel neft alır. Bütövlükdə Avropa Birliyi gün ərzində İrandan 703 min barel neft idxal edir. Bundan əlavə, Avropa Birliyi İrandan neft idxal etdiyi üçün rəsmi Tehranın ən böyük tərəfdaşı idi. İranın digər bir tərəfdaşı Çindir. Belə ki, Çinin İrandan neft idxalı 543 min bareldir. Bu baxımdan neftin dünya bazarında artımı İranın Avropa Birliyinə neft idxalını azaldması ilə bağlıdır ki, bu məhz Avropa Birliyi bazarında neft, enerji qıtlığının yaranmasına səbəb olub”.

Əmrulla Quliyev

Leave A Comment