Rəsmi statistik rəqəmlər reallığı əks etdirmir

Rəsmi statistik rəqəmlər reallığı əks etdirmir

Xalid Mikayılov: “Statistika Komitəsinin Azərbaycanda xarici ticarət dövriyyəsinin həcmi ÜDM-in məbləğindən artıq göstərməsi dünya praktikasında görünməyən haldır”

“Dövlət Statistika Komitəsi tərəfindən xarici ticarət dövriyyəsinin həcmi barədə açıqlanan məlumatlar Mərkəzi Bankın rəqəmləri  ilə üst-üstə düşmür”.Bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Xalid Mikayılov açıqlamasında bildirib. Onun sözlərinə görə,  dünya praktikasında  xarici ticarət dövriyyəsinin həcmi ÜDM-in həcmindən artıq olmadığı halda Azərbaycanda  xarici ticarət dövriyyəsinin həcmi ÜDM-in həcmindən çoxdur: “Dövlət Statistika Komitəsinin məlumatına görə, 2008-ci ildə xarici ticarət dövriyyəsinin həcmi 54 milyard 926 milyon ABŞ dolları təşkil edib. Həmin il  ÜDM-in həcmi isə 48 milyard 852 milyon ABŞ dolları olub. Komitənin rəqəmlərinə əsaslansaq  ölkənin malik olduğundan daha çox məhsul və xidmətlər ixrac etdiyi ortaya çıxır.  Hansıkı bu iqtisadi və məntiqi baxımdan mümkün deyil.”

Ekspert həmçinin bildirir ki,  Mərkəzi Bankla DSK-nın məlumatları ust-üstə düşmür: “Mərkəzi Bankın 2008-ci il üçün Azərbaycan Respublikasının tədiyə balansı” hesabatında 2008-ci il üçün xarici ticarət dövriyyəsinin həcmi 38 milyard 161 milyon ABŞ dolları həcmində  göstərilib. Bu isə o deməkdir ki, Statistika Komitəsi ilə Mərkəzi Bankın məlumatları arasında 16 milyard 765 milyon ABŞ dolları həcmində fərq var.”

X.Mikayılov  digər  uyğunsuzluğun 2006-cı ilin ticarət dövriyyəsi ilə də  bağlı olduğunu diqqətə çatdırır: “Statistika Komitəsinin məlumatına əsasən, 2006-cı ildə xarici ticarət dövriyyəsinin həcmi 11 milyard 638 milyon ABŞ dolları təşkil edib. Lakin, Mərkəzi Bankın həmin il üçün tədiyyə balansı ilə bağlı məlumatında  ümumi ticarət dövriyyəsi 18 milyard 283 milyon ABŞ dolları həcmində göstərilib.  Mərkəzi Bankın sözügedən hesabatında təkcə neft-qaz sektorunun ixracdakı payı 12 milyard ABŞ dolları həcmində qeyd olunur.  Bu da  o deməkdir ki, 2006-cı idlə təkcə neft-qaz ixracı ümumi ticarət dövriyyəsindən çox olub.”

Ekspert bildirir ki, ölkənin xarici ticarət dövriyyəsi ilə bağlı belə böyük bir fərqin meydana gəlməsi yalnız texniki səhv olması güman edilsə də komitənin bütün hesabatlarında bunu təkrarlaması təəccübülüdür. Statistika Komitəsinin belə böyük bir səhv etməsinin səbəblərini izah etmək mümkün deyil.

Leave A Comment