Turistlər otel pulunu verə biləcəklərmi?

Turistlər otel pulunu verə biləcəklərmi?

“Eurovision-2012″ ərəfəsində bahalı otellərin sayı artır

“Eurovision-2012″ müsabiqəsi öncəsi  ölkədə yeni otellər istifadəyə verilməkdədir.Diqqəti çəkən isə həmin  otellərdə xidmətlərin həddən artıq baha olmasıdır. Belə ki, hazırda  otellərdə  bir günlük qiymətlər 60 dollardan başlayaraq  300 dollara qədər artır. Əslində qiymətlərin yüksək olmasını  və  “Eurovision-2012″ öncəsi ölkəyə gələcək turistləri nəzərə alaraq 1-2  ulduzlu  otellərin sayı artırılmalı idi.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Xalid Mikayılov deyir ki, 2010-cu ildə ölkədə otel, hosetl və motellərin ümumi sayı 499 ədəd təşkil edib. Bununla belə həmin otellərin az bir qismi 1  və 2 ulduzlu otellərin payına düşüb. Mütəxəsisin fikrincə, 1 və 2 ulduzlu otellərin sayının az olması daxili turizmə də mənfi təsir göstərir: “Azərbaycanda daxili turizmin zəif olmasının səbəblərindən biri də 1-2 ulduzlu otellərin sayının az olmasıdır. Hətta Bakı şəhərində 1 və 2 ulduzlu otel tapmaq çətindi. Digər tərəfdən qiymətləri qaldırmaq üçün otellər ulduzların sayını özləri müəyyən edirlər.Bu isə qanun və biznes etikası baxımından düzgün deyil.”

X.Mikayılovun sözlərinə görə,  hazırda ölkədə otellər qonşu Türkiyə və Gücüstanla müqayisədə çox bahadır: “Bakıda otel qiymətləri qonşu Gürcüstan və Ermənistanın paytaxtı ilə müqayisədə 5-10 faiz bahadır. Gürcüstanda gecəsi 20 avroya da otel tapmaq mümkündür. Azərbaycanda isə ən ucuz otellərdə qiymət 50-60 manatdan başlayır. Moskva, London, Nyu-York, İstanbul, Dubay kimi iri meqapolislərlə müqayisədə Bakıda otel qiymətləri ucuz olsa da, 1 və 2 ulduzlu otellərin sayının çoxluğu həmin şəhərlərdə  gecəsi 20 və hətta 10 ABŞ dollarına otel tapmağa imkan verir. Digər tərəfdən qeyd olunan ölkələrdə müvafiq qiymət qarşılığında turistlərə göstərilən xidmətlərin keyfiyyəti də yüksəkdi.

Ekspert bildirir ki, 1 və 2 ulduzlu otellərin sayında İrəvan və Bakı arasında vəziyyət eyni olsa da, Gürcüstanın paytaxtı Tbilisidə 1 uduzlu 6, iki ulduzlu 2 otel fəaliyyət göstərir: “Bakıda otellərin  qiymətlərinin yüksək olmasının səbəblərindən  biri də  düzgün qiymət siyasətinin aparılmamasıdır. Bir çox hallarda otel qiymətləri göstərilən xidmətin səviyyəsinə uyğun olmur. Bundan başqa bu sektorda rəqabətin zəif olması da qiymətlərə təsir göstərir. Əgər xarici ölkələrdə turizm mövsümündə endirimlərə getməklə otellər  daha çox turist cəlb edirlərsə, Bakıda əksinə, mövsüm zamanı qiymətlər yüksəlir. Bu, həm otel biznesində rəqabətin olmaması, həm də onların sayının az olması ilə əlaqədardır. Bu şərtlər otellərə öz şərtlərini müştərilərə diktə etməyə imkan verir”.

İqtisadçı hesab edir ki, “Eurovision-2012″  ilə əlaqədar çoxulduzlu otellərə təlabat artsada qiymətlər turistləri  qane edecek səviyyədə olmalıdır: “Avropa Statistika Komitəsinin məlumatlarına əsasən 2011-ci ildə Avropalılar bayram səyahətlərinə ortalama 349 avro vəsait sərf ediblər. Avropalıların daxili turizm səyahətlərinə 220 avro, xarici səfərlərə isə 770 avro xərclədikləri bəlli olub. İndiki halda “Eurovision-2012″ müsabiqəsi zamanı bir avropalının təkcə otelə xərcləyəcəyi vəsait  770 avro və ya ondan çox təşkil edəcək”.

Leave A Comment