“Qiymətləndirmə siyasəti haqqında” qanun parlamentin müzakirəsindədir

“Qiymətləndirmə siyasəti haqqında” qanun parlamentin müzakirəsindədir

Vüqar Bayramov meyarların müəyyən olunması zamanı Ukrayna modelindən istifadəni   məqsədəuyğun hesab edir

Yaxın zamanlarda Azərbaycanda “Qiymətləndirmə siyasəti haqqında” qanun qəbul olunacaq. Sözügedən qanun ölkədə qiymətləndirmə siyasətini, o cümlədən daşınar və daşınmaz əmlakın qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyəcək.  Qanunun dövlət ehtiyacları üçün torpaqların əhalidən alınmasına dair praktikada yaranan mübahisələrin həllinə yardım edəcəyi gözlənilir. Onu  da nəzərə çatdıraq ki, hazırda qanun layihəsi parlamentin İqtisadi siyasət komissiyasında müzakirədədir.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirir ki, əmlakın və torpağın qiymətləndirilməsini əhatə edən  mövcud qanunda bir sıra boşluqlar var:  “Əsas boşluq  dövlət ehtiyacları üçün  əmlakın və ya torpağın qiymətləndirilməsi meyarlarının bazar qiymətlərinə uyğunlaşdırılmamasıdır. Həmçinin qanunda  dövlət ehtiyacları üçün  torpağın, əmlakın  alınmasına məsul  dövlət qurumlarına müəyyən manevr imkanlarının  verilməsidir. Bu da bəzi hallarda həmin qurumların əhaliyə az kompensasiya ödəməsinə gətirib çıxarır”.

İqtisadçı alim bildirir ki, qiymətləndirmə zamanı həmin ərazidə satılan 3 əmlakın  qiyməti əsas götürülərək kompensasiyaların məbləği müəyyən edilir.Bu da manevr imkanları yaradır: “Notariusda qeydiyyatdan keçən alqı-satqi məbləğləri heç də real alqı-satqı məbləğlərini müəyyənləşdirmir. Belə halda  ərazini alan qurum kompensasiya ödəməzdən əvvəl əmlakın və torpağın alınmasını həyata keçirə bilər və əmlakın dəyərini süni şəkildə aşağı göstərməklə kompensasiyanın məbləği azaldıla bilər. O baxımdan  qiymətləndirmə meyarlarında dəyişikliklər qaçılmazdır”.

V.Bayramov qiymətləndirmə ilə bağlı yeni meyarların qəbulu zamanı Ukrayna modelindən istifadəni məqsədəuyğun hesab edir: “Ukraynada dövlət ehtiyacları ilə üçün   əmlakın və torpağın özəlləşdirilməsi istiqamətində  bütün iri şəhərlərdə zonalar üzrə minimum qiymətlər müəyyən edilib. İstər dövlət, istərsə də özəl alıcı təşkilat qanunla müəyyən edilən minumlardan aşağı vəsait ödəyə bilməzlər. Azərbaycanda  xüsusən Bakı  və digər  iri şəhərlərdə zonalar üzrə minumların müəyyən edilməsi zəruridir”.

Məlum olur ki, Ukrayna modeli əhaliyə kompensasiyaların ödənilməsi yönündə ədalətli prinsip yarada bilər. Həmçinin dövlət qurumlarının manevr imkanlarını daraldar: “Kompensasiyaların məbləği müəyyən edilən zaman istifadə edilən meyyarlar konkret olmalıdır. İnterval meyarlardan istifadə heç bir halda doğru deyil. Ukrayna modeli əmlak və torpaq sahiblərinin hüquqlarının qorunması, daha konkret ölçülən kompensasiyanın müəyyyən edilməsi baxımından uğurludur”

 

Leave A Comment