Kartımız niyə “açılmır?” Ölkədə plastik kartlar dəbdə deyil

Kartımız niyə “açılmır?” Ölkədə plastik kartlar dəbdə deyil

Artıq dünyada, eləcə də qonşu ölkə Türkiyədə nəğdsiz ödənişdən istifadə edənlərin sayı çoxalıb.

Plastik kartların istifadəsini artırmaq üçün bəzi banklar tez-tez kampaniyalar vasitəsilə kartları pulsuz edir və ya qiymətini endirirlər. Qeyd edək ki, bu kartlardan Mastercard və VİSA kartları ilə dünyanın istənilən yerində ödəniş etmək mümkündür.

Azərbaycanda da son dövrlər market və apteklərdə eləcə də digər yerlərdə post-terminallar quraşdırılıb. Amma buna baxmayaraq, plastik kartla ödəniş edən şəxslərin sayı çox azdır. Bəs bizdə bu yeni sistemə niyə maraq göstərmirlər?

Mərkəzi Bankın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Namiq Əliyevin Modern.az-a verdiyi məlumata görə, 2011-ci ildə dövrüyyədə olan, yəni aktiv ödəniş kartlarının ümumi sayı 4 milyon 580 min 244 ədəd, 2012-ci mart ayının 1-ə qədər isə 4 milyon 626 min 628 ədəddir.

2011-ci ildə ölkədə plastik kart istifadəçilərinin ümumi sayı 4 milyon 345 min 979, 2012-ci il martın 1-ə qədər isə 4 milyon 363 min 222 nəfərdir. Namiq Əliyevin sözlərinə görə, dövriyyədə olan ödəniş kartlarının ümumi sayının 77 %-ni VİSA kartları təşkil edir.

İqtisadçı ekspert Vüqar Bayramov bildirir ki, plastik kartlar  iki qrupa ayrılır. Birincisi debit palstik kartlardır ki, VİSA, MasterCard və digər bu kimi kartlar daxildir. İkincisi isə kredit kartlarıdır. “Onlar da eyni funksiyanı daşıyır. Bu kartlar  vasitəsilə nəğdsiz ödənişlər etmək mümkündür”.
İqtisadçı ekspert kredit kartlarla debit kartların fərqi barədə danışarkən bildirib ki,  kredit plastik kartların debit kartlarından əsas fərqi odur ki, debit kartda pul olmayanda belə, ödəniş etmək olur. Yəni bank müştəriyə kredit xətti açır. Müştəri öz hesabında pul olmayanda belə, kartından ödəniş edə bilir.

Azərbaycanda plastik kartlarla bağlı problemlərə toxunan V.Bayramov bildirib ki, bizdə də həm debit, həm də kredit kartlar var.
Bütün banklar debit kartları pulsuz versələr də, müştəridən sığorta pulu adı ilə vəsait alırlar.  Bu məbləğ isə 50 və 100 manat arasında dəyişir. Bu sığorta ilə nəyin sığorta olunduğu isə bilinmir” – deyə iqtisadçı ekspert qeyd edib.

Halbuki, debit kartda kredit limiti olmur. Buna baxmayaraq, banklar müştəridən sığorta haqqı alır.
“Bu sığorta haqqının müəyyənləşməsi vətəndaşlara imkan vermir ki, debit kartlardan istifadə etsin. Eyni zamanda kredit kartlarının da həm sığorta, həm də saxlanma xərci var. Onlarda kredit limitlərinə görə ödənişlər var” – deyə, V. ayramov vurğulayıb.
O, qeyd edib ki, inkişaf etmiş, eləcə də bir sıra MDB ölkələrində debit kartlar pulsuz olmaqla yanaşı, bu banklarda sığorta haqqı olmur. Vətəndaş müraciət edərək pulsuz kart ala bilər.

“Məsələn, mən ABŞ-da oxuyarkən, kartım VİSA debit kartı idi. Bu isə mənə imkan verirdi ki, internet üzərindən bütün ödənişləri edim. Bank mənə həmin kartı pulsuz vermişdi. Mən öz hesabıma vəsait yerləşdirməklə alış-veriş edə bilirdim” -deyə, ekspert bildirib.

Ruysiya və Qazaxstanı nümunə gətirən Vüqar Bayramovun sözlərinə görə, bu ölkələrdə  plastik kartlara sığorta haqqı tələb edilmir. Ekspertin sözlərinə görə, Azərbaycanda kredit kartlardan istifadə edərkən istifadə xərcləri ilə yanaşı, eyni zamanda açılan limitə görə hesablanan faizlər də var.
“Bunlar bir-birinə ziddir. Banklar ya limit xərcini almalıdır, ya da saxlanma xərcini. Amma Azərbaycanda kommersiya bankları hər iki ödənişi tələb edir”.

V. Bayramovun fikrincə, bütün bunlar vətəndaşların plastik kartlara olan marağının azalmasına səbəb olur.
“Son aylarda xidmət və satış məntəqələrində post-terminallar quraşdırılmasına baxmayaraq, plastik kart alanların sayında artma yoxdur, bunun  əsas səbəbi isə kommersiya banklarının  vətəndaşlardan vəsait tələb etməsidir” – deyə, ekspert şərh edib.

Bəs banklarda plastik kartların qiyməti nə qədərdir? Modern.az saytının əməkdaşı bunları öyrənməyə çalışıb.

“Beynəlxalq bank”ın mətbuat xidmətindən aldığımız məlumata görə, 2012-ci il martın 1-nə qədər Azərbaycan Beynəlxalq Bankının (ABB) buraxdığı aktiv plastik kartların sayı 1 870 540 ədəd təşkil edib. 2012-ci ilin əvvəli ilə müqayisədə ABB-nın kartlarının sayı 12867 ədəd çoxalıb. Plastik kartların qiymətinə gəldikdə isə, VISA Electron və Maestro kartının 1 illiyi 10 manat , 2 illiyi 19 manat , 3 illiyi isə 28 manatdır. Visa Classic və MasterCard Standart kartlarının qiymətləri isə 1 il üçün 25 manat, 2 il üçün 40 manat, 3 il üçün isə 50 manatdır.

“Bank of Azerbaijan”dan verilən məlumata əsasən, Visa Electron kartların 1 illik üçün 10 manat, 2 illik üçün isə 15 manatdır. Visa Classic kartın qiyməti isə 1 illliyə 20 manat, 2 illliyə 30 manatdır. Sığorta depoziti isə 50 manatdır.

“Bank Respublika”dan aldığımız məlumata görə, MasterCard və VİSA Classic kartlarının  buraxılma və xidmət haqqı pulsuzdur. Bir şərtlə ki, kart hesabına ilkin mədaxilin minimal məbləği (Bakı şəhərində) 200 AZN (USD, EUR*), rayonlarda isə 100 AZN (USD, EUR*) olsun.

“AtaBank”dan isə bildiriblər ki, bankda ancaq VİSA kartları vətəndaşların istifadəsinə verilir. Belə ki, VİSA Electron kartları üçün 1 illiyə 15 manat, VİSA Classic üçün 25 manat, VİSA Gold üçün 40 manatdır.

“Bank of Baku”dan aldığımız məlumata əsasən, MasterCard Standart və VİSA Classic  kartlarının 1 illik xidmət haqqı 8 manat, 2 illik 14 manat, 3 illik isə 20 manatdır.

“AmrahBank”da isə VİSA Classic və MasterCard plastik kartlarının 1 illik tarifi 25 manat, 2 il üçün 46 manat, 3 illik isə 65 manatdır.

“DəmirBank”dan verilən məlumata əsasən, həm Visa Classic həm də MasterCardın 1 illik xidmət haqqı 5 manat, 2 illik 10 manat, 3 illik isə 15 manatdır.

Sevinc İLTİFATQIZI


Leave A Comment