Bankların faiz dərəcəsi niyə yüksəkdir?

Bankların faiz dərəcəsi niyə yüksəkdir?

Vüqar Bayramov: “Digər sektorlarda mənfəət normasının yüksək olması, bank sektorunun qapalı olması və bankların beynəlxalq reytinqinin aşağı olması əsas səbəblərdəndir”

“Azərbaycan bank faizlərinin yüksəkliyinə görə, MDB ölkələri arasında ilk üçlükdə yer alır”. Bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov açıqlamasında bildirib. O qeyd edib ki, Azərbaycan, Ukrayna və Belarus MDB-də ən yüksək faizlə kredit təklif edən ölkələrdirlər: “Azərbaycanda bank likvidliyinin artımı, əmanətlər üzrə faizlərin aşağı düşməsi müşahidə edilsə də bank faizlərində azalma yoxdur. Hazırda kommersiya banklarının təklif etdikləri kredit faizləri 16 -30 faiz intervalında dəyişir. Depozitlər üzrə faiz dərəcəsi isə son bir ildə 16 faizdən 8 faizə düşüb”.

Mərkəzi Bankın uçot stavkasının 5,25 faiz olduğunu xatırladan mütəxəssis deyir ki, uçot stavkası kommersiya kreditlərindən 4 dəfə azdir: “ Hansıki bu da iqtisadi baximndan anormal balansdır. Bank faizlərinin yüksək olması bir neçə səbəblə bağlıdır. Əvvəla bank sektorunda ciddi inhisar meyilləri var. Həmçinin bank sektoruna xarici kapitalın daxil olmasında süni baryerlər mövcuddur. Bütün bunlar bank sektorunda rəqabətin formalaşmasına, kredit faizlərinin düşməsinə imkan vermir. Praktik olaraq, bu gün heç bir xarici bank Azərbaycanın bank sektorundan sərbəst fəaliyyət göstərmir. Bu isə təbii ki, həmin sektorda rəqabətin inkişafına imkan vermir”.

V.Bayramov bildirir ki, Azərbaycanda fəaliyyət göstərən banklarda  faiz siyasəti mərkəzləşdirilmiş idarə olunur: “Bu da faizlərin aşağı düşməsinə şərait yaratmır. “Əkiz bankların” mövcudluğu hal-hazırda rəqabətin formalaşmamasının əsas səbəblərindəndir”.

İqtisadçı alim deyib ki, bundan əlavə digər sektorlarda mənfəət dərəcəsinin yüksək olması banklara faiz dərəclərini tam olaraq aşağı salmaq şəraitini yaratmır. İqtisadi və Sosial İnkişaf Mərkəzinin tədqiqatları göstərir ki, real sektorun əksər seqmentləri üzrə illik faiz norması bəzi hallarda 70 faizə yaxın olur.  Bütün hallarda real sektorda mənfəət dərəcəsinin yüksək olması bankları da daha yüksək mənfəət əldə etmək üçün yüksək faizlə kredit verməsinə gətirib çıxarıb. Aydındır ki, real sektorda mənfəət norması birmənalı şəkildə bankların faiz siyasətini diqtə edən əsas faktorlardandır. Təəssüf ki, bu indiki halda yüksük bank faizlərinin formalaşması ilə ifadə edilir”.

İqtisadçının sözlərinə görə, banklarda faiz dərəcəsinin yüksək olmasının səbəblərindən biri də yerli bankların beynəlxalq kredit reytinqinin yüksək olmaması ilə bağlıdır: “Beynəlxaql kredit reytinqinin yüksək olmaması bankalara birbaşa kredit resurslarına müraciət etmək şəraitini yaratmır. Banklar adətən vasitəçilər tapmaqla kredit resursları əldə etməyə çalışırlar. Bu da fazilərin artımına təsir edir. Belə ki, bu zaman cəlb edilən faizlərinin üzərinə cəlb edilən vəsaitlərin üzərinə əlavə vasitəçi faizi əlavə edilir ki, bu kredit xərcini artırır”.

V.Bayramov deyir ki, Mərkəzi Bankın mərkəzləşdirilmiş kreditlərinin həcmi bankların cəlb etdikləri kreditlərin cəmi 5 faizini təşkil edir: “Bu da banklarin vəsaitlərin 95 faizini kənardan cəlb etmələri deməkdir. Kredit faizlərinin yüksək olması həm də bəzi bankların qısa müddətdə gəlir əldə etmək istəyi ilə bağlıdır”.

Bununla belə problemli kreditlərin  həcmində kəskin artımların olduğunu söyləyən  V.Bayramov bildirir ki, problemli kreditlərin həcmi 649 milyon manat təşkil edir: “Əvvəlki illə müqayisədə problemli kreditlərin həcmində 28 faiz artım var. Problemli kreditlərin bank aktivlərindəki payı 8 faizə yaxındır. Beynəlxalq standartlara görə, problemli kreditlər bank aktivlərinin 3 faizindən çox təşkil edirsə  bu artıq  kritik həddir. Azərbaycanda problemli kreditlərin həcmi  beynəlxalq həddlə müqayisədə 3 dəfə atrıqdir. Hansıki bu da problemli  kreditlərin gələcəkdə bank sektorunda ciddi problem yarada biləcəyi narahatçılığını yaradır. ”

Cəlb edilən depozitlər üzrə faiz dərəcələrinin aşağı düşməsi fonunda problemlərin kreditlərinin həcminin artması və bank faizlərinin yüksəlməsi bankların qısa müddətdə daha çox gəlir əldə etmək istəklərindən xəbər verir ki, bu da nəinki uzun müddətli dövr üçün hətta qısa müddətdə dövrdə bu sektorda ciddi maliyyə problemlərinə səbəb ola bilər- deyə Vüqar Bayramov əlavə edib.

Leave A Comment