Azərbaycan şirkətləri sosial sərmayə proqramlarına maraq göstərmirlər

Azərbaycan şirkətləri sosial sərmayə proqramlarına maraq göstərmirlər

Hökümət şirkətlərin bu sahədəki fəaliyyətlərini qanunla tənzimləməyə hazırlaşmır

İqtisadi və Sosial İnkişaf Mərkəzinin ekspertləri   Almaniyanın Konrad Adenauer Fondunun dəstəyi “Azərbaycanda Korporativ Sosial Məsuliyyətin təbliği ilə davamlı inkişafa nail olunması”  layihəsi çərçivəsində şirkətlərin korporativ sosial məsuliyyət sahəsində fəaliyyətlərini tədqiq edib.Tədqiqatla bağlı məlumat verən mərkəzin layihə meneceri Fainə Hənifəyeva bildirib ki, Azərbaycanda fəaliyyət göstərən iri şirkətlərin heç də hamısında sosial sərmayə proqramlarına diqqət yetirilmir: ”Ölkədə  KSM-lə bağlı vəziyyət və təşəbbüslər  rüşeym səviyyəsindədir. Biznes təşkilatları bu sahədə fəal mövqe nümayiş  etdirməkdə maraqlı görsənmirlər. Mövcud situasiyanın təhlili göstərir ki, KSM qavrayışı şirkətlərin fəaliyyət istiqamətlərindən asılı olaraq fərqlənir. Belə ki,  banklar, mobil rabitə operatorları, neft şirkətləri KSM-lə bağlı fəal mövqe nümayiş etdirsələr də  az sayda şirkət  mütəmadi sosial hesabatlar dərc edərək bu sahədə aydın strategiyaya malikdir.”

F.Hənifəyevanın sözlərinə görə, şirkətlərin sosial məsuliyyəti və cəmiyyət qarşısında öhdəlikləri ilə bağlı cəmiyyəin özündə də məlumatlılıq səviyyəsi aşağıdır: “Bir çox hallarda KSM ölkədə fəaliyyət göstərən xarici və iri yerli korporasiyaların təşəbbüsləri kimi özünü büruzə verir. Hökumət də KSM-ə iri şirkətlərin menecment konsepsiyası kimi yanaşmağa meyllidir. Nəticədə  KSM cəmiyyətdəki problemlərin həll edilməsindən çox, iri korporasiyaların şəxsi təşəbbüsündən doğan ara-sıra xeyriyyəçilik tədbirləri formasında həyata keçirilir”.

F.Hənifəyeva həmçinin  Azərbaycanda Korporativ Məsuliyyət sahəsində xüsusi qanunun olmadığını da qeyd edib: “Rəsmi mənbələrin məlumatına görə, belə bir qanunun qəbulu hazırda aktual sayılmır. Belə ki, hökumət hesab edir ki, KSM məcburi yolla tənzimlənməməlidir.  Çünki bu cür tələblərin qoyuluşu biznes qurumlarını qorxuda, nəzarət orqanlarına şirkətlərə təzyiq vasitəsi verə bilər.  O baxımdan hazırda KSM sahəsində təqdim edilən sənədlər, eləcə də məcəllə və KSM-in bir sıra məqamlarını tənzimləyən qanunverici aktlar kifayət sayılır”.

Layihə menecerinin sözlərinə görə, biznes-sahibkarlıq nə qədər uğurludusa, cəmiyyət də bir o qədər uğurlu olur: “Sosial sərməyə proqramlarının geniş yayılması təkcə biznes adamlarının təşəbbüsü kimi görünməməli, ictimaiyyətdən gələn bir tələb olmalıdır. Sosial layihələrlə bağlı maarifləndirmə, təbliğat işi yalnız sahibkarlara aid edilməməli, daha geniş miqyasda  aparılmalıdır. Tədqiqatlar göstərir ki, bəzi  şirkətlər KSM ideyalarının, sosial hesabatlılıq öhdəliklərinin daşıyıcıları olduqlarını geniş ictimaiyyətə bəyan etsələr də reallıqda kiçik sponsorluq fəaliyyəti həyata keçirirlər. KSM-ə sistemli yanaşmamaqla yanaşı  aydın və ardıcıl strategiyaya malik deyillər.  Şirkətlərin elan etdikləri KSM dəyərləri reklam xarakteri daşıyır. Bu istehlakçılar, alıcılar tərəfindən səmimi addım kimi qiymətləndirilmir”.

Leave A Comment